Azərbaycan boyakarlığı özünün zənginliyi və yaradıcı şəxsiyyətlərinin çoxcəhətliliyi, həmçinin mövzu və janr diapazonunun genişliyi ilə fərqlənir. Azərbaycanın Xalq rəssamı Kamil Nəcəfzadənin yaradıcılığı buna parlaq misaldır. Bu rəssam müharibədən sonra yaradıcılıq yoluna qədəm qoymuş Azərbaycan rəssamlarındandır.
   
   Kamil Nəcəf oğlu Nəcəfzadə 1929-cu il dekabr ayının 29-da Lənkəranda tacir ailəsində anadan olmuşdur. 1948-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmiş, 1949-cu ildə professional təhsilini Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirmişdir. İnstitutun rəssamlıq fakültəsini bitirdikdən sonra - 1955-ci ildə vətənə dönən Nəcəfzadə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rəssam kimi çalışmağa başlamışdır. 40 ildən artıq yaradıcılıq ömrünü kinoya həsr edən rəssam “Azərbaycanfilm”-in fəxri olan bir çox filmlərin yaradılmasında iştirak etmişdir.
   Elə vaxt olurdu ki, o, eyni zamanda iki film üzərində işləməli olurdu. Bəllidir ki, quruluşçu rəssamın kinodakı işi həm məsuliyyətli, həm də olduqca diqqət və dəqiqlik tələb edir. Kamil Nəcəfzadə böyük professional idi. O, kinostudiyada işlədiyi son illərədək nə şəxsən özünə, nə də onun işinin nəticələrinə cavabdeh olan şəxslərə azacıq da olsa, güzəştə yol vermirdi.
   Bütün yaradıcılığı dövründə rəssamın nə qədər eskiz çəkdiyinin say-hesabını heç kəs bilmir. Bu gün az sayda tək-tək eskizlər rəssamın emalatxanasında saxlanılır. Eskizlərin əsas hissəsi məhv olmuşdur, lakin az miqdarda bizə gəlib çatmış bu eskizlər Kamil Nəcəfzadənin həssas bədii intuisiyasına və yüksək peşəkarlığına əsaslı surətdə dəlalət edir.
   K.Nəcəfzadənin kinostudiyadakı ilk işi Azərbaycan kinematoqrafı tarixində bir mərhələ filmi olmuşdur. Bu - 1957-ci ildə M.Qorki adına kinostudiya ilə müştərək çəkilmiş “Bir məhəlləli iki oğlan” filmidir. Ssenari müəllifləri Alla Beqiçeva və türk yazıçısı və dramaturqu Nazim Hikmətdir.
   K.Nəcəfzadənin kinodakı növbəti işi Azərbaycan kinematoqrafında ən məşhur ekran əsərlərindən biri - rejissor Tofiq Tağızadənin “Uzaq sahillərdə” (1958) filmidir. İ.Qasımovun eyniadlı povestinin motivləri əsasında çəkilmiş film II Dünya müharibəsi zamanı, İtaliyada partizan dəstəsində döyüşən Mehdi Hüseynzadənin qəhrəmanlıqları haqqındadır. Demək olar ki, bu filmdən başlayaraq, rəssamın eskizləri müstəqil bədii dəyər kəsb etməyə başlamışdır. Başqa sözlə, bu eskizlər bitkin qrafika əsərləri kimi qəbul oluna bilər.
   K.Nəcəfzadənin iştirak etdiyi ilk filmlərdə artıq rəssamın müşahidə qabiliyyəti, detallara olan dəqiq, lakin ehtiyatlı diqqəti özünü büruzə verir. “Bir məhəlləli iki oğlan” kinolentində rəssam köhnə Bakının koloritini yaratmağa müvəffəq olmuşdu. Analoji motiv digər bir əlamətdar filmdə - “Bir cənub şəhərində” (1969) meydana çıxdı. Bu kinolentdə qaldırılmış problem 1960-cı illər üçün səciyyəviydi: sadə insanın şəxsi psixoloji və mənəvi problemləri ədəbiyyatda, teatrda, təsviri incəsənətdə çox geniş yayılmış bir mövzu idi.
   Rəssamın bilavasitə boyakarlıq texnikasını virtuoz tərzdə istifadə etməsindən az sonra daha ətraflı söhbət açılacaq. Lakin kinoeskizlərdə də boyakarlıq formasının əsl ustalıq maestriyasını görməmək mümkün deyil. K.Nəcəfzadə böyük ustalıqla bu və ya digər dövrü asanlıqla stilizə edir. Söhbət yalnız predmet sırasından getmir, hansı ki, şübhəsiz, uyğun olan “yerin və zamanın dahisi”-nin əsasını təşkil edir. Burada başqa, daha böyük mövhumdan danışılır ki, bunu müdiriyyətin sadəcə olaraq bir imzası ilə təmin etmək mümkün deyildir. Bu elə bir istedaddır ki, genetik olaraq bəzi insanlara mənsub olur və gərgin əmək bahasına müvəffəqiyyətlə inkişaf edir. Kamil Nəcəfzadə sənəti asanlıqla və çox təbii surətdə lazımi dövrə uyğunlaşır. Sanki onun üçün bu və ya digər dövrün əhval-ruhiyyəsini yaratmaq - nəfəs almaq qədər təbiidir. Məsələn, “Bizi bağışlayın” (1979) filmi üçün yaradılmış (yaxud layihələşdirilmiş) interyerlər.
   Kamil Nəcəfzadənin kino yaradıcılığında əsl dramatizmlə dolu bir çox kompozisiyalar vardır. Bu, “Sən niyə susursan” (1966) və “Dörd bazar günü” (1975) filmlərinə aid ayrı-ayrı səhnələrdir. Rəssam dəfələrlə tarixi mövzulu filmlər üzərində işləməli olmuşdu. Bunlar “Səmt küləyi”, “Qızıl uçurum”, “Atları yəhərləmək vaxtıdır” kinolentləridir. Ölkəmizin tarixinin müxtəlif dövrlərinə həsr olunmuş bu filmlər rəssamın qarşısında yeni-yeni məsələlər qoyurdu. Bu məsələlər də çox vaxt tədqiqatçı xarakter daşıyırdı.
   Həmçinin, nəzərə almaq lazımdır ki, özünün kinoda çox sıx məşğul olmasına baxmayaraq, K.Nəcəfzadə aktiv və məhsuldar surətdə dəzgah boyakarlığı və qrafika sahəsində işləyirdi. O, Azərbaycanda, Sovet İttifaqının müxtəlif şəhərlərində və xaricində keçirilən müxtəlif sərgilərin iştirakçısı idi.
   Xarici tematika K.Nəcəfzadənin yaradıcılığında böyük yer tutur. 1958-ci ildən başlayaraq, rəssam dəfələrlə xarici ölkələrə səfərlər etmişdir. Sonra, o, aldığı təəssüratlara əsasən qrafika və boyakarlıq əsərlərindən ibarət silsilələr yaradırdı ki, onlar Bakıda, Moskvada və digər şəhərlərdə sərgilənirdi.
   Rəssam bir çox ölkələrə səfər etmişdir. Onun əsərlərinin içərisində elələri vardır ki, Fransa, İngiltərə, ABŞ, Kanada, Türkiyə, Rumıniya və başqa ölkələrin adamlarını və görkəmli abidələrini əks etdirir. K.Nəcəfzadə 1982-ci ildə Vyetnama səfərini xüsusi rəğbətlə xatırlayırdı.
   Elə təsəvvür yaranır ki, rəssam Yer kürəsinin coğrafi cəhətdən bir-birindən uzaq nöqtələrində olarkən sırf görmə informasiyası ilə yanaşı, qeyri-iradi olaraq hansısa bir enerji impulsunu, bir dərəcəni tuta bilirdi. Onun köməyi ilə də müəllifin bədii təfəkkürü bu, yaxud digər yaradıcılıq növünə qoşulurdu.
   K.Nəcəfzadə 2011-ci il iyun ayının 29-da qısa sürən xəstəlikdən sonra vəfat etdi. Bu münasibətlə Azərbaycanın Respublikası Prezidentinin imzaladığı nekroloqda deyilir: “Tanınmış rəssam, gözəl pedaqoq və qayğıkeş insan Kamil Nəcəf oğlu Nəcəfzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”
   
   Cəmilə Həsənzadə,
   sənətşünaslıq doktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar