Böyük maarifçi, yazar, mütəfəkkir, ictimai xadim İsmayıl Qaspralı (Qasprinski) türk xalqlarının mədəniyyəti və maarifçiliyi tarixində böyük xidmətlər göstərib. Onun redaktorluğu ilə nəşr edilən “Tərcüman“ qəzeti uzun müddət (1883-1903) Rusiya türklərinin ən nüfuzlu mətbu orqanı olub. Azərbaycanda da ziyalılar arasında bu qəzet geniş yayılıb.
  
   İsmayıl Qaspralı 1851-ci ildə Bağçasaray yaxınlığındakı Ovçuköydə doğulub. Atası Mustafa Əlioğlu Krımın Qaspra şəhərindəndir, soyadları da buradan götürülüb. İsmayıl Ağməscid gimnaziyasında təhsilini başa vurduqdan sonra Voronej hərbi məktəbinə daxil olur. Oradan da Moskva hərbi məktəbinə dəyişilir. Burada gördüyü türk düşmənçiliyi, türklərə qarşı dini, milli ayrı-seçkilik onu dəhşətə gətirir. Bu onun milli ruhunu dəyişir, içindəki türk düşüncəsini və azadlıq savaşını alovlandırır.
   1868-ci ildə 17 yaşında ikən Bağçasarayda Zəncirli mədrəsədə rus dili müəllimi kimi işə düzəlir. Rusiya ərazisində yaşayan türk xalqları ilə maraqlanır və dərsdən sonra bütün vaxtını kitabxanalarda keçirir. Biliyini və dünyagörüşünü artırır. Eyni zamanda Avropa ədəbiyyatını, mədəniyyətini öyrənir. O, fikirləşir ki, çarlığın türklərə qarşı bu qədər alçaldıcı münasibətinin qarşısını yalnız elm, təhsil, mədəniyyət, dil, fikir və iş birliyi ilə almaq mümkündür. Bu birliyi yaratmaq üçün də ilk növbədə, mətbu orqan - qəzet olmalıdır. Bu məqsədlə 1872-ci ildə Ünsizadə qardaşlarının mətbəəsində "Tonquc" və "Şəfəq" adında qəzetlər nəşr etdirir. Lakin yaşadığı cəmiyyətdə haqsız ittiham və təqiblərdən bezir. Təhsilini tamamlamaq və fransız dilini mükəmməl öyrənmək məqsədilə Parisə gedir. 1874-cü ildə ürəyi türkçülüklə çırpınan İsmayıl bəy türk ordusunda xidmət etmək, zabit olmaq arzusu ilə Parisdən İstanbula gedir. Lakin o, burada xəyallarında canlandırdığı Türkiyəni görmür. Zabit olmaq arzusundan da daşınır, yenidən Bağçasaraya dönür.
   Yenə də qəzet nəşr etdirmək fikrinin üstündə dayanır. 1879-cu ildə Həsən bəy Zərdabiyə bir məktub yazır. Bildirir ki, “Tərcüman“ adlı qəzet nəşr etmək arzusundadır. Həsən bəy Zərdabi bu xəbərdən çox sevinir. Ona yardımçı olacağını bildirir. “Tərcüman“ Rusiyada yaşayan türkləri özünüdərkə, cəhalətdən oyanışa, milli haqları uğrunda mübarizəyə səsləyir.
   İsmayıl bəy mübarizəsinə "Dildə, işdə və fikirdə birlik" şüarı ilə başlayır. Bu mübarizədə ilk tərəfdaşlarını Azərbaycanda tapır. Kədərini, sevincini onlarla paylaşır. Bakıda nəşr olunan "Əkinçi", "Ziya", "Həyat", "Füyuzat" və digər mətbuat orqanlarından güc alır. O, xatirələrində Azərbaycan türklərinin daim maarifə, elmə, irfana doğru can atdığını bildirib. Azərbaycandan çox şey öyrəndiyini etiraf edib. Onun üçün Mirzə Fətəli Axundovun və Həsən bəy Zərdabinin rəhbərlik etdiyi Azərbaycan maarifçilik hərəkatı əsl məktəb rolu oynayıb. Xatirələrində Həsən bəy Zərdabini daimi ehtiramla xatırlayıb. “Əkinçi"nin 30 illiyi münasibətilə "Yaşa Həsən bəy, yaşa!" adlı məqalə yazır. Bildirir ki, birinci maarif buğdasını Həsən bəy səpdi. Bundan da Tiflisdə "Ziyayi-Qafqaziyyə", "Kəşkül", Bağçasarayda isə "Tərcüman" zühur etdi.
   "Tərcüman" qəzetinin səhifələrində Azərbaycan həyatının hadisələri geniş şəkildə oxuculara təqdim olunub. Yusif Vəzir Çəmənzəminli xatirələrində yazır: “Rus-yapon müharibəsi başlanana qədər Azərbaycan ziyalıları "Tərcüman" qəzetini sevə-sevə oxuyur və abunə yazılırdı. 1908-ci ildə Hacı Zeynalabdin Tağıyev İsmayıl bəyə göndərdiyi məktubda yazıb: "Sizin xidmətlərinizi saymaqla qurtarmaz, Sizin xidmətləriniz sayılsa, gərək Rusiya müsəlmanlarının dörddə bir əsrlik mədəniyyət tarixi yazılsın".
   İsmayıl bəy "Tərcüman"la kifayətlənmir. Otuzdan çox elmi əsər, dərslik və müxtəlif sahələri əhatə edən kitabları işıq üzü görür.
   Türk xalqının görkəmli maarifçi-ziyalısı 1914-cü ildə İstanbulda vəfat edib, dərin hörmət və ehtiramla dəfn olunur.
  
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar