Şair, həkim, musiqiçi, xəttat. Bu peşələrin hamısının bir nəfərdə olması təəccüblü görünə bilər. Amma Azərbaycanın ədəbiyyat, mədəniyyət tarixində belə çoxşaxəli yaradıcılığa malik şəxsiyyətlər az olmayıb. Belə görkəmli sənətkarlardan biri də XVII əsrdə yaşayıb-yaratmış Rüknəddin Məsud Məsihi olub.
O, İranın İsfahan şəhərində anadan olub. Təvəllüdü 1579-1580-ci illər, vəfat tarixi 1655-1656-cı illər arasında göstərilir. Atası Nizaməddin Əli əslən Təbrizdən olub, dövrünün tanınmış təbibi kimi Səfəvi hökmdarlarının sarayında işləyib. Şah Təhmasib paytaxtı Təbrizdən Qəzvinə köçürəndə o da köç edib, şah Abbas paytaxtı İsfahana köçürəndə isə bu şəhərə gəlib.
İlk təhsilini İsfahanda alan Məsud Məsihi fars və ərəb dillərini, təbabət, fəlsəfə, məntiq, nücum və ilahiyyat elmlərini dərindən mənimsəyir. Müasirləri kimi xəttatlıqla da maraqlanır.
Atası Rüknəddin Məsudun da həkim olmasını istəyir. O da gənc yaşlarından təbabət elmini öyrənir. “Müalicə qaydaları“ adlı kitab da yazır. Lakin bütün bunlara baxmayaraq o, xalq arasında daha çox şair kimi tanınır. Azərbaycan türkcəsi və fars dillərində şeir də yazır. "Dane və dam" ("Buğda və tələ”), "Zənbur və əsəl" ("Arı və bal") adlı əsərləri olub. Əsərlərinin tam külliyyatı yüz min beytə çatır. Təəssüf ki, onun poetik irsinin böyük bir qismi bizə bəlli deyil. Ancaq bir sıra kiçik həcmli lirik, epik əsərləri, habelə “Vərqa və Gülşa“ poeması dövrümüzə gəlib çatıb. Bu əsər şairə həqiqətən böyük şöhrət qazandırıb.
Atası kimi Məsihi də şah Abbasın sarayında həkim kimi çalışır. Geniş dünyagörüşü, yüksək savadı, istedadı tezliklə şah Abbasın diqqətini cəlb edir. Şah onu irəli çəkir və müşavirlərindən biri təyin edir.
Orta əsr təzkirəçilərinin yazdığına görə, şah Məsihi elmi, ədəbi məclislərə yaxından maraq göstərir. Məsihi də şahın müşaviri kimi onu bir çox hərbi yürüşlərdə müşayiət edir. Lakin hansı səbəbdənsə onların arası dəyir və Məsihi saraydan uzaqlaşır. O, başa düşür ki, artıq onun İsfahanda yaşaması mümkün deyil. Bu səbəbdən yaxın həkim dostu Heydərlə Hindistana gedir. Orada müxtəlif hökmdarların, o cümlədən Böyük Moğollar sülaləsindən olan şah Əkbər və Cahangirin sarayında həkim kimi çalışır, nüfuz qazanır.
Şah Cahangirin zamanında sarayda baş verən bir əhvalat xalq arasında rəvayətə, əfsanəyə çevrilir. Deyilənə görə, bir gün hansı qəbahətinə görəsə həkim Məsihidən sarayı tərk etmək tələb olunur. O da məcbur qalıb saraydan gedir. Üstündən heç bir il keçməmiş şah ağır xəstələnir. Saray həkimləri nə qədər çalışırlarsa, şahı sağalda bilmirlər. Hökmdarın vəziyyəti günü-gündən ağırlaşır. Vəzir-vəkil bir araya gəlib çox götür-qoy etdikdən sonra məcbur qalıb həkim Məsihinin ardınca adam göndərirlər. Ondan üzr istəyib yenidən saraya qaytarırlar. Şah sağalıb ayağa qalxır. Əhvalatdan xəbərdar olur. Həkim Məsud Məsihini yanına çağırır. Onu bağışladığını deyir.
Məsud Məsihi 20 il Hindistanda yaşayır. Sarayda görkəmli Azərbaycan şairi Saib Təbrizi ilə tanış olur.
Nəhayət, o, 1632-ci ildə vətənə dönür. Ömrünün böyük hissəsini qürbətdə keçirən Məsihi deyərmiş: “Heç nədən korluq çəkməsəm də, qürbətin qərib axşamları məni sıxır və darıxdırırdı. Bəzən yel qanadlı xəyallar məni öz dünyamdan qoparar və lal-kar bir aləmə aparardı... Fikir-xəyaldan ayrılanda ah vətən, vətən deyərdim”.
Vətənə qayıtdıqdan sonra o, vaxtilə şah Abbasın şərəfinə yazmağa başladığı və yarımçıq qalmış "Vərqa və Gülşa" poemasını tamamlayır. Saraya gəlib kitabı şah Səfiyə təqdim edir. Kitab qəbul olunur. Ancaq onun sarayda qalıb yaşamağı məsləhət bilinmir. Kor-peşman geri dönən şair Kaşan şəhərinə gedir. Ömrünün qalan hissəsini xalqına xidmətdə - həkimlik etməklə keçirir. Rüknəddin Məsud Məsihi təxminən səksən yaşında vəfat edir.
Savalan Fərəcov