O, Azərbaycanda Qərb standartları ilə çap olunan ilk Şərq qəzetini - “Şərqi-Rus” qəzetini yaratdı. Mübaliğəsiz demək olar ki, bu, Məhəmmədağa Şahtaxtlının Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biridir.
   
   XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Azərbaycanın, mədəniyyət, ictimai fikir tarixində özünəməxsus yeri, dəst-xətti olan şəxsiyyətlərdən biri tanınmış publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim Məhəmmədağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtlıdır.
   Məhəmmədağa Şahtaxtlı 1846-cı ildə qədim Naxçıvan mahalının Şahtaxtı kəndində anadan olub. Ev şəraitində bir neçə il təhsil alan Məhəmmədağa Naxçıvan şəhər məktəbində təhsilini davam etdirir. Bir müddət sonra Tiflisdə kişi gimnaziyasına daxil olur. Burada özünü hazırlıqlı, elmlərə böyük həvəsi olan gənc kimi göstərir. 1863-cü ildə Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirib arzularının dalınca Peterburqa gedir.
   Məhəmmədağa Peterburqda alman dilini öyrənir. Sonra o, Almaniyanın Leypsiq Universitetinə daxil olur. 1869-cu ildə həmin universitetin fəlsəfə, tarix və hüquq fakültəsini yüksək qiymətlərlə bitirir.
   Elmlərə və dillərə hədsiz həvəs göstərən Məhəmmədağa Şahtaxtlı daha geniş üfüqlərə can atır. Avropanın elm, mədəniyyət mərkəzi sayılan Parisə gəlir, burada 1873-cü ildə Şərq dilləri məktəbində mühazirələr dinləyir, fransız dilini öyrənir. Eyni zamanda Avropa elm və mədəniyyəti ilə yaxından tanış olur. Gənc azərbaycanlının bilik və təfəkkürü ona şöhrət qazandırır. Parisin ali məktəblərindən birində ona dərs demək təklif olunur. Lakin atasının vəfatı Məhəmmədağanı vətənə dönməyə məcbur edir.
   Vətənə qayıtdıqdan sonra Məhəmmədağa mətbuatda Şahtaxtlı imzası ilə özünəməxsus, orijinal yazıları ilə tanınıb məşhurlaşır. Çox keçmir ki, onu Moskvaya dəvət edərək “Moskovskiye Vedomosti” qəzetində işləməyi təklif edirlər. Bu dövr onun məhsuldar yaradıcılığında xüsusi bir mərhələ təşkil edir.
   1880-ci illərin sonunda Şahtaxtlı “Novoye Vremya” və “Peterburqskye Vedomosti” qəzetlərinin Yaxın Şərq üzrə müxbiri kimi ərəb ölkələrinə, İrana və Türkiyəyə ezam olunur. Sonra isə həmin mətbuat orqanlarının İstanbulda xüsusi müxbiri təyin olunur.
   1896-cı ildə Məhəmmədağa eyni zamanda dörd dildə: Azərbaycan, türk, fars və ərəb dillərində qəzet nəşr etdirmək üçün Rusiya Daxili İşlər Nazirliyinə və Qafqaz Senzor Komitəsinə ərizə ilə müraciət etsə də, müraciətləri rədd edilir. 1899-cu ildə Şahtaxtlı yenidən Fransaya qayıdır. O illərdə Şahtaxtlının fransız dilində çap etdirdiyi kitablar ona böyük hörmət qazandırır.
   O, eyni zamanda Parisin məşhur Sorbon Universitetində, Beynəlxalq Fonetika Cəmiyyətində və eləcə də Fransa Elmlər Akademiyasının “Asiya cəmiyyəti” şöbəsində çalışır. Əvəzsiz fəaliyyətinə görə 1901-ci ildə Fransa Xalq Maarif Nazirliyi tərəfindən xüsusi diplomla təltif olunur.
   
   “Şərqi-Rus”un əks-sədası
   
   Bir çox arzularını reallaşdıran Şahtaxtlı 1902-ci ildə artıq Vətənə qayıdır. Doğma Şahtaxtı kəndindəki ata mülkünü satır, Tiflisə köçür və burada müasir bir mətbəə yaradır. 1903-cü il martın 30-da XX əsrin Azərbaycan dilində ilk qəzeti olan “Şərqi-Rus”u nəşr etdirməyə başlayır. “Şərqi-Rus” Azərbaycanda Qərb standartlarında çap olunan Şərq qəzeti idi. Bu qəzetin əsas məqsədi türk-müsəlman əhalisini maarif və mədəniyyətə cəlb etmək idi. Mübaliğəsiz demək olar ki, bu qəzetin yaradılması Şahtaxtlının Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biridir.
   Az müddət ərzində “Şərqi-Rus” bütün türkdilli xalqların qəzeti kimi şöhrət qazanır. Qəzet yaxın-uzaq mətbuatın diqqətini cəlb edir. Şahtaxtlı bu qəzetdə aydın dillə, milli təəssübkeşliyi ilə millətin dərdi-sərindən söz açır. Onun “Şərqi-Rus”da “Qəzetnəfəs” imzası ilə dərc etdirdiyi 50-dən artıq məqaləsi dövrünün aynası kimi cəmiyyətdəki geriliyi, avamlığı və bunun səbəblərini cəsarətlə göstərir, mövhumatçılığı, dini fanatizm, qadın əsarətini ustalıqla damğalayırdı.
   Şahtaxtlı adı məhz bu illərdə bütün Qafqazda, eləcə də Rusiyada müsəlmanların ictimai ideyalar uğrunda mübariz bir qələm sahibi kimi tanınır, ziyalılar arasında dildən-dilə gəzirdi. “Şərqi-Rus” qəzeti öz səhifələrində Şərqdə çarizmin yeritdiyi müstəmləkəçilik siyasətini də özünəməxsus ustalıqla açıb göstərirdi. Buna görə də qəzeti gözdən salmaq istəyənlər Peterburqa, çar Rusiyasının hakim dairələrinə “donos”lar göndərirdilər.
   Tezliklə “donos”çuların “əməyi” bəhrə verir. “Şərqi-Rus”a qarşı mübarizə daha da genişlənir. 1905-ci ilin əvvəlində Qafqaz canişini Vorontsov belə bir məlumat alır: “Keçən il “Şərq-Rus”da elə məqalə dərc olunmuşdur ki, bunun üçün Rusiyada hər hansı, hətta senzurasız nəşr olunan bir qəzeti belə bağlayıb, onun redaktorunu sürgün edərdilər”...
   
   Azad qələm
   
   Şahtaxtlı yaratdığı qəzetin ətrafına ilk gündən dövrünün işıqlı, zəkalı qələm sahiblərini toplayırdı. Belə mötəbər ədiblərdən biri də demokrat Cəlil Məmmədquluzadə idi.
   Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım “Mirzə Cəlil haqqında xatirələrim” kitabında yazır: “1903-cü ildə Tiflisdə Mirzə Cəlil təsadüfən Məhəmmədağa Şahtaxtlı ilə görüşüb. Məhəmmədağa o zaman nəşr etdiyi “Şərqi-Rus” qəzetində Mirzə Cəlili işləməyə cəlb etmiş, o da razılıq verib qalmışdır”.
   Sonralar Mirzə Cəlil yazırdı: ”Onu deyə bilərəm ki, o əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və hökumətin istibdadı ilə mübarizə aparsın... Hətta yadımdadır ki, müsəlman arvadlarına savadın və təhsilin lüzumu barəsində Məhəmmədağa tərəfindən qəzetdə yazılmış bir məqalədə “qadın azadlığı” kimi iki kəlməmin üstə müsəlmanlar içində böyük danışıq törədi. O ki qaldı siyasi məsələlərə, bu barədə dilim lal olsun: haman əsrin senzorunun tələbatı o qədər ağır idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “s” hərfini yazmağa cürət eləmirdik...”
   1905-ci ilin əvvəllərində Şahtaxtlı öz mətbəəsini Cəlil Məmmədquluzadəyə və Ömər Faiq Nemanzadəyə verir və özü də Tiflis gimnaziyasında dərs deməyə başlayır.
   Şahtaxtlı 1907-ci ildə Naxçıvan mahalından Rusiyanın II Dövlət Dumasına deputat seçilir. Onun məqsədi müstəmləkə şəraitində yaşayan xalqının dərdlərini çarizmin mərkəzi tribunasından söyləmək idi.
   Duma buraxıldıqdan sonra Şahtaxtlı Peterburqda qalıb “Rosiyya” qəzeti ilə əməkdaşlıq edir. 1908-1918-ci illərdə isə əsasən xaricdə Türkiyə, İran, İraqda yaşayır.
   
   Azərbaycanın ilk professoru
   
   1919-cu ildə vətənə qayıdan Şahtaxtlı Bakı Dövlət Universitetinin yaradılmasında fəal iştirak edir. Azərbaycanın ilk ali məktəbində Şərq dilləri və ədəbiyyatından mühazirələr oxuyur. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin işində yaxından iştirak edir. Sovet hakimiyyəti illərində Azərbaycanda ilk professor adına layiq görülən də o olur. 1922-ci ildə ictimai-siyasi və pedaqoji fəaliyyəti nəzərə alınaraq Şahtaxtlıya fərdi pensiya təyin olunur. Məhəmmədağa Şahtaxtlı 1931-ci il dekabrın 12-də, 85 yaşında Bakıda vəfat edir.
   Məhəmmədağa Şahtaxtlının yaratdığı “Şərqi-Rus” qəzeti milli mətbuatımızın ən möhkəm sütunlarından biri oldu. Onun xalqı, milləti qarşısında böyük xidmətləri zaman keçdikcə daha aydın görünəcək və o, hər zaman xatırlanacaq.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar