Cahangir Cahangirov - 90
   
   Bu günlərdə unudulmaz bəstəkarımız Cahangir Cahangirovun şəxsi arxivindəki sənədləri nəzərdən keçirirdim. Bəstəkarın xatirələri ilə tanışlıq məndə dərin təəssürat yaratdı. Bəstəkar «Füzuli kantatası»nı necə şövqlə yaratmışdısa, görkəmli şəxsiyyətlərimiz haqqında da o həvəslə xatirələrini yazmışdı. Bu xatirələr Cahangir müəllimin öz əlilə yazdığı avtoqraf yazıları kimi də qiymətlidir.
   
   Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 51 saylı şəxsi fond Cahangir müəllimindir. İlk dəfə 1966-cı il iyul ayının 9-da sənədlərini bizim arxivə təhvil vermiş və əməkdaşlarımıza xeyir-duasını belə ifadə etmişdir: “Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivinə müəllifdən yadigar”.
   İkinci dəfə isə onun çox zəngin şəxsi arxiv sənədlərini varisləri tərəfindən qəbul etmişik. Sənədlər 1933-1996-cı illəri əhatə edir. C.Cahangirovun yeni qəbul edilmiş sənədləri arasında oratoriyalar, kantatalar, pyeslər, marşlar, sonatinalar, kino musiqisi və s. diqqəti cəlb edir. «Azad», «Xanəndənin taleyi», «Canzur Səməd» operaları, «Ərəb», «İran», «Gənclik» və s. süitalar, «Təzə gəlin» uvertürası, «Arazın o tayında», «Simfonik mahnı» poemaları və s. janrlarda yazdığı əsərləri də maraqlıdır. Şəxsi fondundakı sənədlərin bir çox bölmələrində isə fotoşəkillər, xatirələri də öz araşdırıcısını gözləyir.
   C.Cahangirovun yazışmaları da sənədlərin qiymətli nümunələridir. Q.Qarayev, Bülbül, Ş.Axundova, Niyazi, S.Rüstəmov, İ.Qasımov, T.Xrennikov, B.Zeydman, M.Kiladze və başqalarının məktub və teleqramları da həm bu günümüzə, həm də gələcək nəsillərə dəyərli mənbədir. Dövlət mükafatı laureatı adını alması münasibətilə R.Rza, B.Mənsurov, M.Abdullayev, A.Rzayeva, F.Əmirov, A.Eşpay, D.Kabalevski, V.Keldış, A.Paxmutova, T.Quliyev, E.Svetlanov və başqalarının təbrikləri də onun əməyinə verilmiş yüksək qiymətdir.
   Bəstəkarın şəxsi fondundakı ən maraqlı bölmələrdən biri də onun tanınmış yaradıcı sənətkarlarla birlikdə çəkdiyi fotoşəkillərdir. Həmin fotoşəkillər arasında Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, V.Adıgözəlov, S.Ələsgərov, T.Bakıxanov, Niyazi, T.Quliyev, Ş.Bədəlbəyli, İ.Rzayev, R.Mirişli, Ə.Dilbazi, R.Hacıyev, S.Hacıbəyov və b. diqqəti cəlb edir. Nəhayət, onun şəxsi fondundakı sənədlər arasında müxtəlif sənətkarlar haqqında yazdığı xatirələr bugünkü oxucuda əbədi yadigarlar kimi çox kövrək hisslər oyadır. Həmin xatirələrdən ikisini oxuculara təqdim edirik. Yazıların üslubunu olduğu kimi saxlamışıq. Xatirələrin böyük şair-dramaturq Hüseyn Cavidin oğlu, həyatdan gənc yaşlarından getmiş Ərtoğrul Cavid haqqındadır. İkinci xatirəsi isə lirik şairimiz Zeynal Cabbarzadəyə həsr olunmuşdur. Hər iki xatirə avtoqraf yazılarıdır.
   
   Maarif Teymur,
   Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru  
  

   * * *
   
   1-ci xatirə
   
   “Ərtoğrul adlı-sanlı musiqi xadimi ola bilərdi”
   
   1939-40-cı illərdə Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində teoriya və kompozisiya fakültəsinin hazırlıq kursu təşkil edilmişdi. O vaxtlar mənim bir neçə mahnı və instrumental musiqi əsərlərimi eşidən Ü.Hacıbəyov mənim də həmin hazırlıq kursuna daxil olmadığımı məsləhət gördü. Bu kursun dərsləri başlanan vaxt tək bir neçə tələbə yoldaşımla tanış oldum. Onların arasında indi Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirov, mərhum Andrey Babayev, eləcə də Azərbaycanın daha şair və dramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrul da var idi.
   Ərtoğrul hələ ilk günlərdə hamının hüsn-rəğbətini qazanmışdı. O bir insan kimi çox mədəni, təvazökar, bir musiqiçi kimi də talantlı, ümidverici yoldaşlardan idi. O, gözəl piano çalmaqla hamımızı valeh etmişdi, tənəffüs vaxtlarında böyük ehtirasla yazdığı musiqi parçalarını bizə nümayiş etdirirdi. Ərtoğrulun səhhəti bir qədər zəif idi. Müəyyən vaxtdan sonra o konservatoriyada çox az görünürdü. Bir neçə vaxtdan sonra onu ordu sıralarına apardılar. Ərtoğrulla görüşmək mənə bir daha qismət olmadı...
   Mən cəsarətlə deyə bilərəm ki, Ərtoğrul Azərbaycanın musiqi sənətinin inkişafı üçün adlı-sanlı musiqi xadimi ola bilərdi. Əfsuslar olsun ki, onun faciəli ailə həyatı, eləcə də səhhəti onu bu böyük arzulardan mərhum etdi...
   
   * * *
   
   2-ci xatirə
   
   Dostum Zeynal haqqında kiçik xatirə
   
   Mərhum dostum Zeynal Cabbarzadə ilə ilk dəfə görüşüm, tanış olmağım 1944-cü ildə Voroşilov rayonunun (indiki Səbail rayonu - red.) evlər idarəsində oldu. Burada Zeynalın ev məsələsi həll olunurdu. O, evlər idarəsinin rəisi ilə danışa bilmirdi, öz fikrini kağız üzərində yazırdı.
   Mən ona yaxınlaşdım, onunla tanış oldum. Mənə aydın oldu ki, Zeynal yenicə cəbhədən qayıtmışdı. Kontuziyadan sonra o, nitqini tamam itirmişdi. Hansı bir qüvvə nəticəsində mən həmən gün Zeynalla dostlaşdım. Bir gün o məni İçərişəhərdəki evlərinə dəvət etdi, anası ilə tanış oldum. Bu ailə getdikcə mənə elə mehribançılıq göstərdi ki, özümü onlarla bir ailə üzvü kimi sərbəst hiss edirdim. Bir gün o öz şeirlərini mənə oxudu, onun şair olmağı məni çox sevindirdi. Biz bir-birimizlə yazılı surətdə danışırdıq. Mən danışırdım, o, isə fikrini yazılı mənə başa salırdı. Neçə illər belə bir vəziyyətdə onunla görüşürdük. Bir gün Zeynal yuxudan ayılır və çılğın bir halda anasını başa salır ki, o, yuxuda nə isə danışırmış, ana sevincindən nə etdiyini bilmirdi, ancaq Zeynal qəti bir kəlmə də olsa yenə də dinmirdi...
   Həmən gün o Yazıçılar İttifaqında Səməd Vurğunla görüşür, Səmədi başa salır ki, o gecə yuxuda danışırmış. Səməd onda Zeynala deyir ki, (yazılı) əgər bir kəlmə mənim adımı desən, mən min manat çek yazıb sənə bəxşiş edərəm... Zeynalın dediyinə görə, özünü bərk sıxışdırdıqdan sonra S-ə-m-ə-d! deyərək canımı qurtardım və min manat çeki alıb sevincək evə gəldim. Elə bu gündən Zeynal Cabbarzadə danışmağa başladı...
   Zeynalın musiqi zövqü olduqca çox həssas idi. O, müəyyən bir musiqi frazasını eşidən kimi ona elə kəlmə tapırdı ki, söz ilə musiqi arasında bir vəhdət yaranırdı. Zeynal həssas bir sluxa malik idi, əsil mahnı yazan şair idi. Çox vaxt mən onun şeirlərinə, yaxud o hazır musiqiyə bacarıqla mətn yazardı. Onunla mahnı və ya böyük formalı - vokal əsərləri yazmaqdan mən böyük həzz alırdım. Zeynal ilə mahnılarım olduqca çoxdur, onların adlarını çəkməklə qurtarmaz. Zeynal Cabbarzadə bir şair kimi çox qüdrətli bir insan, dost kimi də əvəz edilməzdi.
   Zeynal bir ata kimi də uşaqları çox sevirdi. O, neçə illər «Pioner» jurnalının baş redaktoru vəzifəsində fəaliyyət göstərmişdi. Mən bəstəkar yoldaşlarıma Zeynalın şeirlərini oxuyub ona mahnı və böyük formalıq vokal əsərləri yazmağı məsləhət görürəm, çünki onun şeirlərində musiqi üçün böyük imkanlar vardır.
   Əziz dinləyici dostlar, Zeynal ilə bağlı kiçik bir xatirəni də söyləmək istərdim. 1961-ci il SSRİ Mədəniyyət Nazirliyi tərəfindən mən Misirə bir illiyə bəstəkar kimi göndərildim. Məqsəd ərəb folklorunu toplayıb onun üzərində işlədikdən sonra orkestrlər üçün tərtib etməli idim. Doğrusu, boş günlərim olduqca çox idi. Məhz buna görə də bir qədər darıxdırıcı idi, eləcə də Vətən həsrəti məni olduqca sarsıdırdı. Vətən həsrətilə beynimdə bir melodiya həmişə səslənirdi və məni rahat qoymurdu. Bakıya qayıdan kimi məni dostum Zeynal vağzalda qarşıladı, uzun ayrılıqdan sonra böyük mehribanlıqla görüşdük. Mən Zeynalı evə dəvət etdim. Həmən melodiyanı Zeynala oxudum. O, tələsik kağız qələm götürüb 15 dəqiqədən sonra «Vətən həsrəti» şeirini yazdı. Xoşbəxtlikdən hörmətli müğənnimiz Şövkət xanım da qapı qonşu idi. Mahnını öyrəndi, bir neçə gündən sonra mahnı televizor və radio ilə səslənməyə başladı... 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar