Prezident İlham Əliyev aprelin 6-da Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmeri qəbul etmişdir.
   Azərbaycanda Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluq hissi keçirdiyini bildirən Valter Şvimmer Bakıya hər səfərində böyük quruculuq işlərinin şahidi olduğunu vurğulayıb. Prezident İlham Əliyev Dünya Mədəniyyətlərarası Dialoq Forumunda çoxlu sayda ölkələri təmsil edən nümayəndələrin iştirakını qeyd edərək, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini vurğulayıb.
   
   * * *
   Prezident İlham Əliyev Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteronu qəbul edib. Ölkəmiz və xalqımızla bağlı xoş təəssüratlarını dövlət başçısına çatdıran qonaq Azərbaycanda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Dünya Forumunun önəmini vurğulayan prezident İlham Əliyev tədbirin sivilizasiyalararası əməkdaşlığın möhkəmləndirilməsinə, xalqların bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliyini bildirib.
   
   * * *
   Prezident İlham Əliyev aprelin 7-də Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul edib. Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu tədbirin çox önəmli olduğunu və bu cür tədbirlərin Avropa Şurası ilə əməkdaşlıq məsələlərinə böyük dəstək verdiyini vurğulayıb.
   Azərbaycan prezidenti bu cür beynəlxalq tədbirlərin ardıcıl olaraq keçirilməsinin vacibliyini bildirərək Forumun həm bölgə, həm də Avropa və dünya üçün əhəmiyyətini qeyd edib.
   
   * * *
   Azərbaycan prezidenti İlham Əliyev aprelin 7-də UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul edib. Prezident UNESCO-nun keçmiş baş direktoru ilə görüşlərini, 2009-cu ildə Bakıda Novruz bayramını birlikdə qeyd etmələrini xatırlayaraq onun Forumda iştirakının önəmini vurğulayıb. Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğuna görə minnətdarlığını bildirən K. Matsuura sivilizasiyalararası əməkdaşlığın genişlənməsində bu tədbirin əhəmiyyətini qeyd edib.