Böyük adamların ölümünə yox, ölümsüzlüyünə inanıram. Niyazinin mənzil-muzeyini ziyarət edərkən bir daha bunun şahidi oldum.
   
   Avqustun 20-si dünya şöhrətli maestro Niyazinin doğum günüdür. Bu münasibətlə avqustun 19-da Niyazinin mənzil-muzeyində maestronun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Avqustun 20-də isə muzeydə “Açıq qapı” günü keçiriləcək, Fəxri xiyabanda Niyazinin qəbri ziyarət olunacaq.
   
   Bu da taleyin bir naxışı. Niyazinin evi Bülbül prospektində yerləşir. Azərbaycanın iki böyük musiqi xadiminin adı bir ünvanda kəsişir. Və bu ünvana gedərkən heç bir tərəddüd etmirsən. Oxuduqlarım, eşitdiklərim və bildiklərimə görə, maestronun mənzili daima qonaqlı-qaralı olub. İndi bu ünvan Niyazinin mənzil-muzeyi adlanır və Allahın verən günü Niyazini yad etməyə, ziyarət eləməyə gələnlər olur. Ziyarətçilər arasında sadə insanlar da var, məşhur sənətkarlar da. Qonaqları Niyazinin və həyat yoldaşı Həcər xanımın divardan asılmış fotoşəkillərdən boylanan doğma baxışları salamlayır.
   
   * * *
   Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci ilin avqustun 20-də Tiflis şəhərində anadan olub. Niyazinin atası Zülfüqar Hacıbəyov dahi bəstəkar Üzeyir bəyin qardaşı, Azərbaycanda milli musiqili komediya janrının yaradıcılarından biri olub. Belə mühitdə böyüyən Niyazinin musiqi qabiliyyəti erkən yaşlarından özünü büruzə verir. O, ilk musiqi təhsilini 1921-ci ildə Y.Şefferlinqin rəhbərliyi altında skripka sinfində alır. Niyazinin musiqi təhsilinə əmisi Üzeyir bəy nəzarət edir və Üzeyir bəyin məsləhəti ilə Niyazi 1926-cı ildə Moskvada Qnesinlər adına musiqi məktəbində (Q.Popov və P.Ryazanovun sinfində) təhsilini davam etdirir.
   Niyazi 1932-ci ildə Dağıstan Xalq Maarif Komissarlığında elm, ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1933-cü ildə Həcər xanımla ailə qurduqdan sonra Bakıya qayıdaraq konservatoriyada professor L.Rudolf və Ştrasserin rəhbərliyi ilə təhsilini davam etdirir. Bu illərdə Niyazi musiqi əsərləri bəstələməyə başlayır. 1934-1935-ci illərdə isə dirijorluq fəaliyyətinə başlayır.
   1937-ci ildə Niyazi Opera və Balet Teatrına dəvət olunur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə maestro M.Maqomayevin “Nərgiz” operasına dirijorluq edərək böyük müvəffəqiyyət qazanır.
   Sonrakı illərin gərgin fəaliyyəti də öz bəhrəsini verir. 1946-cı ildə Niyazi Leninqradda (Sank-Peterburq) keçirilən dirijorların müsabiqəsində laureat adını qazanır.
   11 xarici ölkədə 23-dəfə olan Niyazi həm Azərbaycan, həm də xarici ölkə bəstəkarların əsərlərinin ifaçısı kimi bütün dünyada şöhrət tapır.
   Niyazi həm də simfonik janra müraciət edən ilk Azərbaycan bəstəkarlarından biridir. Onun 1949-cu ildə yazdığı “Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü emosionallığı, zəngin melodiyası ilə mükəmməl simfonik əsərlərdən birdir.
   1942-ci ildə Nizaminin “Xosrov və Şirin” poeması əsasında yazdığı “Xosrov və Şirin” operası, 1961-ci ildə hind yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yazdığı “Çitra” baleti musiqi xəzinəmizin ən qiymətli nümunələrindəndir.
   Niyazi eyni zamanda kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifidir. Onun “Vətən nəğməsi” və “Arzu” romansları bu gün musiqisevərlər tərəfindən rəğbətlə dinlənilir.
   Niyazi Azərbaycan musiqi tarixində ilk dəfə olaraq “Rast” və “Şur” muğamlarını nota köçürüb, həmçinin Azərbaycan filmlərinə ilk musiqi yazan bəstəkarlardan olub. O, “Kəndlilər”, “Almaz”, “Fətəli xan” və bir çox başqa filmlərə musiqi yazıb.
   Azərbaycan professional dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Məhz onun gərgin əməyi sayəsində 1938-ci ildə Azərbaycan Dövlət Simfonik Orkestri yaradılıb.
   Maestro Niyazi SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Dövlət mükafatı laureatı, C.Nehru adına Beynəlxalq mükafatlara layiq görülüb. O eyni zamanda SSRİ-nin ən yüksək fəxri adı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
   
   * * *
   Tanıdığımız qədər tanımadığımız dahi maestro
   
   Dahilər sona kimi dərk olunmur. Sağlığında olduğu kimi, elə ölümündən sonra da çətin ki, kimsə maestro Niyazini sona kimi dərk etsin. Ancaq onun sənəti qarşısında baş əyənlər həmişə olacaq.
   
   ...Ötən əsrin nəfəsi, rəngi, qoxusu, xatirələri hələ də Niyazinin mənzilində yaşayır. Qonaq otağında maestronun iranlı rəssam Bəhruz Kafi tərəfindən çəkilmiş işıqlı portreti və Həcər xanımın Xalq rəssamı Böyükağa Mirzəzadənin çəkdiyi portreti asılıb. Divardan müxtəlif illərdə maestroya hədiyyə edilən başqa maraqlı əsərlər də asılıb. Onların arasında naməlum rəssamın “Güllər” natürmortu, Ejen Delakruanın “Mərakeşli ata minərkən” əsərlərinin surətləri var.
   Otaqdakı masa, kreslolar, jurnal stolu, servant və qab-qacaqlar da sahibinin incə zövqündən xəbər verir.
   “Niyazi vaxtının çoxunu bu otaqda keçirər, həyat yoldaşı Həcər xanımla söhbət edər, gün ərzində baş vermiş hadisələri müzakirə edərdi. Çox vaxt jurnal masası arxasında Niyazi nərd yarışları keçirər, əsas tərəf-müqabili isə Lütfiyar İmanov və Bəxtiyar Vahabzadə olardı” - deyə Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov məlumat verir. Sonra isə söhbətinə davam edir:
   - Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunacan - 1984-cü ilədək yaşayıb. Mənzil əvvəllər üç otaqdan ibarət olub: yemək otağı, yataq otağı və iş otağı. On ildən sonra - 1968-ci ildə qonşu mənzil boşalarkən bu mənzili də Niyaziyə veriblər. Arakəsmə götürüldükdən sonra mənzil xeyli genişlənib. Böyük otaqlardan biri ekspozisiya zalı, biri isə kiçik tədbir və konsert zalıdır.
   1994-cü il sentyabrın 18-də Niyazinin mənzil-muzeyinin açılışı olub. Açılışda ümummilli liderimiz Heydər Əliyev şəxsən iştirak edərək Niyazi ilə bağlı xatirələrini söyləyib, muzeyin qonaqlar kitabına öz ürək sözlərini yazıb.
   Muzey maddi və mənəvi abidələrin toplanması, tədqiqi və təbliği ilə məşğul olan mədəniyyət ocağıdır. Biz də ötən illər ərzində diqqətimizi bu muzeyin arxivinin toplanması işinə həsr etmişik. Muzey yaranarkən Niyaziyə aid 4707 ədəd material vardı, hazırda isə bu materialların sayı 6200-dən çoxdur.    

   2600 fotoşəkil
   
   Rza Bayramov deyir ki, Niyaziyə məxsus materiallar müxtəlif yollarla əldə edilərək muzeyin fonduna daxil edilib:
   - Bəzilərini fond satınalma komissiyası vasitəsi ilə almışıq, bəzilərini isə ayrı-ayrı şəxslər muzeyimizə bağışlayıb. Bunlar əsasən Niyazinin not əlyazmaları, disklər, afişalar, xeyli miqdarda fotoşəkillərdir. Ümumiyyətlə, Niyazinin arxivində əsas yeri not əlyazmaları tutur. Şəxsi əşyaları, geyimləri, qab-qacaqları, mebelləri ilə yanaşı, fotoşəkillər xüsusi yer tutur. Niyazinin hobbisi fotoşəkil çəkmək olub. Odur ki, Niyazinin arxivində 2600-ə qədər fotoşəkil var.
   Kim bilir, bəlkə də maestro həyatın anlarını fotoşəkillərdə əbədiləşdirmək istəyib.
   
   Söhbət zamanı Rza Bayramov Niyazinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı görüləcək işlərdən də danışdı:
   - Gələn il maestro Niyazinin 100 illik yubileyi qeyd olunacaq. 2010-cu il mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niyazinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. O sərəncamdan sonra görəcəyimiz işləri planlaşdırmağa başladıq. İlk növbədə Niyazinin muzeydə olan materiallarının kataloqunu nəşr etdirmək, yubileylə bağlı “Niyazi təsviri sənətdə” adlı təqvim hazırlamaq istəyirik. Veb sayt hazırlamaq, yubiley ərəfəsində Niyazinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirməyi də nəzərdə tutmuşuq. Yubileylə bağlı məşhur insanların, bəstəkarların, musiqi xadimlərinin fikirlərini öyrənmək üçün avqustun 3-də dəyirmi masa keçirdik, bəstəkar Arif Məlikov, dirijor Yalçın Adıgözəlov, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, digər qonaqlar görüşdə iştirak etdilər. Onlar təklif etdilər ki, yubiley ərəfəsində Niyazinin əsərlərinin külliyyatı nəşr olunsun. Niyazinin əsərləri - “Çitra” baleti, “Xosrov və Şirin” operası yenidən səhnəyə qaytarılsın.
   Yaxşı bir təklif də bu oldu ki, gənc dirijorlar üçün, ya da ümumiyyətlə dirijorlar üçün Niyazi adına mükafat təsis olunsun və Niyazinin 100 illiyi ilə bağlı festival keçirilsin.
   Rza Bayramov bildirdi ki, yubileylə əlaqədar dövlət səviyyəsində də tədbirlər keçiriləcək, xaricdən qonaqlar gələcək və əlimizdən gələni edəcəyik ki, maestronun 100 illiyi adına layiq keçirilsin.
   Niyazinin mənzil-muzeyindən xoş təəssüratlarla ayrılıram. Və hər kəsi böyük sənətkarı yad etmək, xatırlamaq, ruhunu şad etmək üçün bu muzeyə dəvət edirəm.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar