Bu “zalım” xanın “aman-aman!” fəryadı, “ey dad-ey dad” dadı...
Yaxşı ki, şuşalıların hər iki-üçündən biri kimi, sənət cövhərilə doğulan bu oğlan - İsfəndiyar Cavanşir Böyük Oktyabr inqilabından 16 il əvvəl dünyaya gəlmişdi, yoxsa, ona da sosializm-realizm (nökər-naib, füzul-nuzul, muzdur-düzdur) məzmunlu təxəllüslərdən biri veriləcəkdi.
Bu sənət Xanımızla bağlı belə-belə bəxtdaşlıq elementləri bir xeyli olduğundan, öncə belə bir “qəlyanaltı” yarımbaşlıq:
Yaxşı ki...
Yaxşı ki, səs - yazı-pozu, fikir-zikir, söz-bez kimi - repressiya “maddə”lərinə düşmür, yoxsa, Xan da bütün digər mal-dövlət, neçə-neçə şeir-sənət, sir-siyasət bəy-xanlarımızın sırasına salınar, 42 il tez - 1937-də ölərdi. Daha doğrusu, öldürülərdi.
Yaxşı ki, nəfəs - digər sənət nümunələri kimi redaktəyə, senzura qayçılarına, “qlavlit” labirintlərinə düçar ediləsi material deyil, yoxsa, bu Xanın zəngulə “təbəələr”i də ixtisar və “əlavə”lərə məruz qalar, ifaönü verdiyi Məcnunayağı “ay aman-aman”ları siyasi “vay aman-aman!”lar kimi aranjeman edilər, məcunsayağı “hə də-də-də”ləri anti-dövlət hədələr kimi interpretasiya olunardı.
Yaxşı ki, Xan (və öz fenomenal sənətkarlıq şöhrətlərilə dilimizə məxsus bu terminə layiq digər şəxsiyyətlər) Şuşada doğulub, yoxsa, bu gün torpağımızın 20, dünənədək isə ad-soyadlarımızın 80 faizini mənimsəmiş Balayanlar, Köçəryan, Sərkəryan, Mədətyan, Sarıyan, Qarayan, bir sözlə, bütün dara-barayanlar Xankəndimizi Stepanakert etdikləri kimi, Şuşanı da Xanyanakertdən-zaddan bir toponimlə hədyan-adyanlaşdırardılar.
Yaxşı ki (?), bu Kişiyə Xan adı verilib, yoxsa, ona dodaqucu “həmyerli” deyən yersiz yanlar onu əsl adıyla (İspəndiyar) çağırmaqla - lətifəsi xoruzlardan iraq - donquzlarının quyruğu daha bir ponetik səs düşüm-düşüklüyü ilə görsənərdi.
Yaxşı ki, onun olumu müasir şou-mou yolumuna düşməyib, yoxsa bəy-xan dərəcəsilə anılan xanəndəlik fəlsəfəsi biznesanəndəlik səfsəfəsinə inteqrasiya olunar, Xanın hər kəsdə yaratdığı salğarlı obrazı, ağır-batmanlıq təəssüratı “köhnə kişilərin minib getdiyi köhnə atlar”dan salınar, üz vurub “hə” alan “Onlar”a-bunlara, “Bazar”-“Maqazin””lərə, “Bozbaş-şabaş”lara çağrıla-çağrıla yüngülləşdirilərdi.
Və yeganə olaraq nə bəd ki, Xan o üzüpis dövranın dəbinə-felinə uyaraq, öz yerlik-mənsubluq təxəllüsünü - Mirzə Cəlilin “həyə, hələ bu nə adlardı?!” deyə, ağlartı ilə güldüyü formatda götürüb. Axı o, bütün gör-görkəmi, hal-əhvalı, xas-xasiyyəti, səs-sədası ilə “Şuşinski” yox, məhz ŞUŞALI idi!..
Xan yanğıları
Azərbaycanın ifaçılıq sənəti aləmində barmaqla sayılacaq qədər xanəndə və müğənnilər var ki, onlara, sadəcə, “ifaçı” deməyə adamın dili gəlmir. Belə hallarda “ifaçı” ifadəsi çox solğun, hətta “icraçı”, “missiyaçı”, yerinəyetirənçi, üzünüköçürənçi kimi assosiasiya olunur. Məsələn, diktor çox tox halda, hissiz-həyəcansız tonda deyir: “Heyratı” - ifa edir Xan Şuşinski”. Vəssalam?! Əvvəla, onsuz da adı transformasiyaya uğramış bu muğam (Herat şəhərilə bağlı) “Heyrəti” kimi təqdim edilsəydi, qaynar və çılğın notları ilə daha mütənasib səsləşərdi. İkincisi, bəyəm Xan onu, sadəcə, ifamı edir? Xeyr, əfəndilər, Xan, bütün oxumalarında yanır!.. Amma... siz də neyləyəsiniz ki, bunun - “ifa edir”in bundan başqa ifadə formatı yoxdur.
Amma bəs Cabbar, Seyid, Bülbül, Rəşid və bu yazı anımızın Xanı neyləsinlər ki, oxuyarkən yanıb-yaxılma prosesini ehtiva etdirdikləri halda, “ifa” etdirilirlər? Bəlkə, “Cəh-cəh edir: Bülbül”, “Bəh-bəh edir: Seyid”, “Car çəkir: Cabbar”, “Alovlanır: Rəşid”, “Qan-qan edir: Xan”?!.
Reallıqlara qayıdaq. Bunun əsasını təşkil edən mənəvi varlıq isə:
Qənirsiz sənətkarlıq!
Başla, Xan! Bu elektron vasitələr dövründən əvvəlki dədə-baba yolu - yaddaş-təsəvvür üsulu ilə “Mirzə Hüseyn segahı”ndan başla, görək, bir saat-para saat ərzində min illərin ictimai hüznü, sənətkaranə ahı, qallı hicri, ballı vüsalı, ilahi və insani sevgi-məhəbbəti haqda “bununla, yazıb” ümumşərq Zövq padşahına nə ərizeyi-ərz edirsən? O “dəraməd” şöbəsində niyə belə duruxursan? Bəlkə bu məqamda Füzuli babanın “Ey mələksima, səndən özgə hamı heyrandır sana, Həqq bilir, “insan” söyləməz - hər kəs ki insandır - sana” beytinin dinləyiciyə çatıb-çatmaması istixarəsindəsən? İşində ol, ey xiridar, söz hamı üçün deyil ki, hamı söz üçündür...
Sənət suyuna susamışıq, bizi bir sərçeşməyə rast elə - “Rast”ı xırdala. Elə xırdala ki, təblərlə zəngin bu muğamın bütün məqamlarını almağa huş-guş paramız çatsın. “Üşşaq”dan “əraq”a keçərkən bir an nəfəs dər, ustad! Yoxsa, sənət şərabından dəmlənib, “Yəni kim, bir dəm bəladən etmə cüda məni” dənizinə qərq oluban batarıq...
Bir şahənşah sənət nazına qol qoy - “Şahnaz”ı nazla. Elə qəmzeyi-avazla ki, “Əql tədbiridir ol, sanma ki, bir bünyadı var” həqiqəti “...qəmzən kimi ustadı var” elanının yanında “yalan” olsun. Necə ki, “Gər dersə ki Füzuli gözəllərdə vəfa var” sözü “yalandır”. Sonra da - bəlkə elə bu sözlərin qüdrətindən şəlalələnən səsinin lam axarında istedadın sevgi “yaradıcılığı”na da dəxli olması möcüzəsini ahəstəcə-ahəstəcə bəyan et: “Məndə Məcnundan füzun aşiqlik istedadı var”...
Bir az da “Bayatı-Şiraz”dan “mayə”lə. Ağrı-acıla, vəsfi-təsniflə görək, “Yarım bu tayda qaldı, Yarım o tayda qaldı, Toyum burda çalındı - Yarım o tayda qaldı” təlaş-təəssüfümüzün səbəbkarı təkcə Arazmı idi - kəlmələrinin biri türki, biri farsi “Bayatı-Şiraz”ın?..
Dörd təb-gahlı “Çahargah”a keç, səs-sədası seyrangah Kişi! İmam övladı Seyid Əzim əvəzi xitab et: “Siz ki, hüşyar idiniz, ol məhi-tuba kim idi?”
“Mahur”a adla, ey mahiri-avaz Xaqan! Astaca-astaca, ustaca-ustaca kəlam bərəkətləri üyüt: “Xaqani nədir, gəlsənə, ey gözləri şəhla, Xəlqaniyə xaqan sən olarsan”.
“Qarabağ şikəstəsi”... Nadir şah Əfşarın zülmündən didərgin düşmüş qarabağlıların geri dönüb Araz üstündən yurd-yuvalarını gördükləri anda bədahətən hayqırdıqları bu şikəstəni o vaxtlar elə oxudun ki, Moskvanı “Böyük Teatr” timsalında ayağa durdurdun. Bu vaxtlar isə onları Qarabağ şikəstliyinə əncam çəkməyə sövq edən bir səs-səda yox...
Hə, bütün bu major-minorluqlardan sonra, daha “Şur”lamaq olar. Bütün ağrı-acılarımızı bu bəşəri ovqatın mayesinə dəfn edək, bəlkə bütün arzu-sevinclərimizi də “bir gün oyandırdı muğam”...
Xatirələrdə
Özü də tək elə Xan Şuşinski kimi yox, həm də “Xan əmi” kimi...
Bu xatirələr içərisində elələri də var ki, mətbu dilə əl vermir - tək elə ədəbi-ədəb qaydaları baxımından yox, həm də bu fundamental-tökmə obrazın klassik qırım-durumundan dolayı...
İlk xatirə özümün (və öz iştirakımla). Mən cavanlıqda hərdən onun ifalarını olduğu kimi (məsələn, onun aramsız “aman-aman”ları bəzən, “nəman-nəman” kimi alletrasiyalanır) təqlid edər və tələbə yoldaşlarımın rəyinə görə, bu, çox oxşar, canlı alınardı. Bir gün Filarmoniya bağındakı (köhnə, ərazicə geniş) çayxanada bizdən bir neçə stol aralıda Xan əmi ilə xanəndə Bayram Məmmədovun şirin-şirin söhbət etdiklərini görərkən vurğunluq dəcəlliyim tutdu və üzümü uşaqların qarasında gizləyib, başladım “İstəsən məhv olsun Bisütun daqi, ay aman” deyə oxumağa və ardınca da məxsusi “nəman-nəman”lamağa. Xan əmi - üzündə yarı təəccüb, yarı təbəssüm - radioqəbuledici axtarırmış kimi, o yan-bu yana baxıb, nəhayət, “detektiv” stolu bəllədi və hamımızın yalnız iki nəfərə - bütün solaxay situasiyalarda hədəfə aldığımız İsrafillə Əlipənaha baxdığımızı, onların da bu “şər” nəzərlərdən çox pərt olduqlarını görüb, bizə (on iki tələbəyə) növbəti iki yekə çaynik gətirməkdə olan çayçını səslədi: “A bala, o uşaqlara deynən narahat olmasınlar, çaylarının pulu çatıb...”
...Bir gün, yan-yörəsində çalışan bir qadın toylarda tək elə səs-sədası ilə yox, həm də şəxsi keyfiyyətləri, qartal ədalarıyla da obrazlaşmış bu Kişiyə öz həmkəndli rəfiqəsindən başıbağlı bir məktub çatdırır. Bu “şanlı məktub”la tanış olan Xan hər iki rəfiqənin əvəzinə də utanıb qızara-qızara deyir ki, bu kağız-kuğuzu o xanımın özünə qaytararsan. Yox, əgər yenə fikrindən daşınmasa, qardaşım Allahyara çatdırarsan...”
...Filarmoniya. Onun 70 illik yubileyi. Bir qələbəlik, bir vur-çatlasın ki, gəl görəsən! Sonda o özü də oxumağa dəvət edilir. Sağında Şövkət xanım, solunda Sara xatun. Bu yaşda “Qarabağ şikəstəsi”ni elə ciknələyir ki, Yaqub Məmmədov və ustada sayğı əlaməti olaraq salonun oturacaqsız hissəsində ayaqüstə dayanıb dinləyən Arif Babayev, Sabir Mirzəyev, Süleyman Abdullayev başlarını o yan-bu yana yelləyə-yelləyə buradakı ləzzət tufanını daha da gücləndirirlər...
...Dövrün qırmızı təbliğatından doymuş Xan əmiyə bir gün deyirlər ki, bu gün qəzetdə sənin haqqında əsl qələmlə yazılmış bir yazı çap olunub. O, yolüstü bir qəzet köşkünə yaxınlaşır: “A qızım, mənə bir “Gənc işçi” ver”. Xanım gülümsünür və 5 ildir adı dəyişmiş “Azərbaycan gəncləri” qəzetindən bir nüsxə götürüb, hörmət və izzətlə: “Buyurun, Xan əmi” - deyir...
Və deyirlər, Bakı kəndlərindən birində can üstə olan bir qoca nəvələrindən birinə tapşırır ki, haçan ki gördün vəziyyətim yenə ağırlaşır, Xanın valındakı həmin yeri səsləndir. “Çünki Xan “ölürəm-ölürəm” dedikcə, mən dirilirəm”...
Tahir Abbaslı