Ölümündən illər keçsə də, nurlu sifətini, işıqlı gözlərini, ifadəli baxışlarını unuda bilmirəm. Tez-tez xəyalımın qonağı olur. Həmişə də yaratdığı obrazların libasında xatırlayıram Vəfa Fətullayevanı. Belə kövrələn anlarımda Məmməd Arazın bu misraları ürəyimin ağısına çevrilir:
   
   İnana bilmirəm: ölüm haqq ola,
   Torpaq rəssam uda, bəstəkar uda!
   Ana dəfn oluna, gözəl qocala,
   Bəlkə bir səhnədir, əsərdir bu da.
   
   Tələbəlik illərindən Milli Dram Teatrına tez-tez gedərdim. Bunun iki səbəbi var idi. Rəhmətlik müəllimimiz Nurəddin Babayev bizdən teatr resenziyaları yazmağı tələb edərdi. İkinci əsas səbəb isə bu sənət məbədinin səhnəsində özünün qeyri-adi ifaları ilə diqqətimi çəkən Vəfa Fətullayevaya xüsusi rəğbətim idi. Ucaboylu, mənalı baxışlı bu xanımın sifətində daim bir təbəssüm olardı. Hətta ən kədərli, qəmli halında da gözlərinin dərinliyində həyat eşqi duyulardı. Onun səsinin ahəngi də qeyri-adi idi. Heç kimə bənzəməzdi. Can verdiyi rolları sevdirə bilirdi. Bəlkə də onun aktyorluq məharəti bir o qədər də diqqətimi çəkmirdi. Məni ona bağlayan Vəfanın insani xüsusiyyətləri, xanımlığı idi. Biz tanış deyildik. Buna baxmayaraq mən həmişə səhnədə onun özünü görürdüm. Şaqraq gülüşləri, səmimi söz-söhbəti, yerişi, duruşu, baxışı Azərbaycan xanımının bütün təbiətini özündə əks etdirirdi.
   Vəfa Fətullayeva Azərbaycanın Xalq artisti, müqtədir aktrisamız Hökümə Qurbanova və rəssam Nüsrət Fətullayevin tək övladı idi. Bəlkə də buna görə Vəfanın bir sənətkar kimi məharəti və istedadı mənə təəccüblü gəlmirdi. Çünki o, körpəlikdən Hökümə Qurbanova məktəbinin ən qabiliyyətli şagirdlərindən biri olmuşdu. İstər ana, istərsə də ata nəsli Azərbaycan mədəniyyətinin parlaq simalarının soy-kökünə söykənirdi. Hökümə xanım Müslüm Maqomayevin (baba) bacısı qızı idi. Atası Nüsrət Fətullayev isə bütün ömrünü teatr əsərlərinin bədii tərtibatının hazırlanmasına həsr edib. Əmisi Fateh Fətullayev teatr və kino aktyoru idi. Əmiləri Şəmsəddin və Nurəddin bəstəkar olublar. Əmisi oğlu Hafiz Fətullayev rejissordur.
   Deyilənə görə, Hökümə xanım öz ciyərparəsinin aktrisa olmasından narazı imiş. Amma başqa cür də ola bilməzdi. Salınan yolla kimsə gəlməli idi. Danışırlar ki, Hökümə Qurbanova nə qədər ciddi, ağır təbiətli, qaşqabaqlı insan idisə, bütün bunların əksinə, Vəfa Fətullayeva deyib-gülən, şən, zarafatcıl olub.
   O, ilk dəfə səhnəyə çıxanda 8 yaşı vardı. Rejissor Ələsgər Şərifovun təklifi ilə «Qış nağılı»nda Mamili rolunu yaradıb. Bu körpəcə aktrisanın tərəf-müqabilləri Əjdər Sultanov, Hökümə Qurbanova, Məmmədrza Şeyxzamanov, Ağadadaş Qurbanov kimi korifeylər olub. Bu ilk rolun təsirini Vəfa uzun müddət unutmadı. Gözləmək olardı ki, o, orta məktəbi bitirən kimi aktrisalığın arxasınca gedəcək. Amma qismət deyilən bir Allah yazısı var.
   Əslində yuxu kimi gəlib keçən bir həyat yaşadı Vəfa Fətullayeva. Sevinclə qəm arasındakı məsafə çox qısa oldu. Vüsalla ayrılığın ömrü uzun çəkmədi. Sanki onlar əkiz şəklində gənc qızın həyatına daxil oldular. Zərif qızcığazın sevinci ilə qəmi gözlərində birləşdi. Bu ziddiyyətli «bəxşiş»lərdən də sıyrılmağı bacardı. Oxumaq, ali təhsil almaq istəyinə düşdü. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil oldu. Qəribədir, hansı işin qulpundan yapışsa, mənzil başına çatmaq ona nəsib olmurdu. Müəlliminin yerinə düşməyən bir ifadəsi onu fakültəsini dəyişməyə məcbur etdi. Vəfa teatrşünaslıq fakültəsində oxumalı oldu.
   Əslində o, teatr tənqidçisi olmaq, gələcəkdə teatrşünas kimi fəaliyyət göstərmək fikrində imiş. Amma ilk rolunda üzə çıxan istedad onu rejissorların diqqətində saxlamışdır. Bu səbəbdən də görkəmli rejissorumuz Tofiq Kazımov Vəfanı yenidən səhnəyə - «Məhv olmuş gündəliklər»də Fəridə rolunu yaratmağa çağırdı. Gənc, gözəl, daxili enerjisi üzündə, sevgisi gözündə qaynayan Vəfanın Fəridəyə çevrilməsi elə də çətin olmadı. Bu rolun ona gətirdiyi uğurdan sonra Vəfa anladı ki, onun geriyə yolu yoxdur. Beləcə, Milli Dram Teatrının səhnəsində Vəfa Fətullayevanın can verdiyi Alagöz («Küləklər»), Gülgəz («Mahnı dağlarda qaldı»), Tənzilə («Sən yanmasan»), Göyərçin («Yollara iz düşür»), Pakizə («Mirzə Şəfi Vazeh»), Burlaxatun («Torpağa sancılan qılınc»), İnancxatun («Atabəylər»), Zeynəb («Sizi deyib gəlmişəm»), Arzu («Kimdir haqlı»), Şərəfnisə («Müsyö Jordan və Dərviş Məstəli Şah»), Bənövşə («Kəndçi qız»)… obrazlar hələ də tamaşaçıların yaddaşından çəkilməyib. Bircə faciə də ondan ibarətdir ki, aktyorların səhnə həyatı onlar həyatda ikən daha çox yadda qalır. Çünki bütün səhnə əsərləri lentə köçürülmür ki?! Amma Vəfa Fətullayeva bizim elə qüdrətli sənətkarımız olub ki, onu unutmaq əsla mümkün deyildir. Sanki o, içindəki həyat eşqi ilə ömrünü vaxtsız soldurmuş ölümə bu gün də meydan oxuyur.
   Vəfa Fətullayeva Hüseyn Cavidin «İblis» dramında yaratdığı Rəna roluna görə respublikanın Dövlət mükafatına layiq görülmüşdü. Səməd Vurğunun «Vaqif» pyesində Vəfa xanımın yaratdığı Xuraman rolu ona qədər oynanılmış bu obrazın ən yaxşılarından biri olmuşdu. Bir vaxtlar anası Hökümə xanımın böyük şövqlə təqdim etdiyi bu surəti Vəfa məhz öz nikbinliyi ilə fərqləndirə bilmişdi. Vəfanın səsinin ahəngindəki titrəyiş, təbii həyəcan hələ də qulaqlarımdan çəkilməyib: «Vaqif, ey sərvərim, ey tacidarım!». Bu çağırışın Vəfanın dilində eşidilməsi qəribə bir ovqat yaradırdı. Heyf, o yarımçıq ömürlərdən.
   Vəfa Fətullayevadan söz düşəndə, təbii ki, onun televiziya tamaşalarında yaratdığı obrazlardan danışmamaq mümkün deyildir. Çünki Vəfamızı külli Azərbaycana tanıdan onun məhz bu tamaşalarda böyük istedad və məlahətlə təqdim etdiyi obrazlar olub. Vəfa hələ də televiziya tamaşaçılarının yaddaşında ağxalatlı göz həkimidir. İslam Səfərlinin «Göz həkimi» pyesinin televiziya tamaşasında Vəfa Fətullayevanın yaratdığı İradə obrazı son dərəcə dolğun, bitkin və mənalı alınmışdı. Vəfa bu nəcib ürəkli həkim qızı qəlbən duyaraq onu olduğu kimi, təbii yarada bilmişdi. Bu səbəbdən də öz obrazını tamaşaçılara sevdirmişdi. Bu gün də unudulmaz aktrisamızdan söz düşəndə ilkin olaraq onun «göz həkimliyi» xatırlanır.
   Mehdi Hüseynin «Alov» pyesində yaratdığı Rəfiqə, İlyas Əfəndiyevin «Atayevlər ailəsi»ndəki Lətafət, İ.Meleşinin «İnsanlar bataqlıqda» əsərinin televiziya tamaşasında Qanna rolları unudulmaz aktrisamızın obrazlar qalereyasının həmişəyaşar, yaddaqalan surətləridir.
   Bu nakam taleli aktrisamız, deyəsən, cəmi bir bədii filmə çəkilib. Bu, Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasında istehsal olunmuş «Firəngiz» filmidir. Vəfa Fətullayevanın bu filmdə yaratdığı Firəngiz səhnə rolları kimi təbii və yaddaqalan alınmışdı.
   İstər rejissorların, istərsə də sənət dostlarının, teatrşünasların Vəfa Fətullayeva haqqında fikirləri həmişə yüksək olmuşdu. Həmkarları danışırlar ki, Vəfa Fətullayeva müxtəlif xarakterli rolları yaratmaqda qabil sənətkar idi. O, səhnə ilə tamaşaçı arasındakı ünsiyyət duyan və bu tələblərə cavab verən, ölçülü-biçili, müqtədir bir aktrisa idi.
   Dövlət mükafatı laureatı, Azərbaycanın Əməkdar artisti Vəfa Fətullayeva qısa ömür yaşadı. Sinəsində neçə-neçə obrazın ştrixləri var idi. Xüsusilə də C.Cabbarlının pyeslərini çox sevirdi. Ürəyindən keçən rolları oynaya bilmədi Vəfa. O, elə bir dövrdə, elə bir zamanda səhnədə fəaliyyət göstərmişdi ki, rollar təkcə istedada, qabiliyyətə görə deyil, başqa səbəblərlə əlaqədar da bölünürdü. Bəzən baş qəhrəmanı oynamaq əvəzinə, epizodik rollar tapşırılırdı ona. Heç vaxt inciməzdi. Çünki əsl sənətkar üçün rolun böyüyü, kiçiyi yoxdur. Məsələn, «Mahnı dağlarda qaldı»da Vəfa Fətullayeva səhnədə çox az görünən, lakin sadə, şux, danışıqları, mehribanlığı, səmimiyyəti və saf məhəbbəti ilə yaddaqalan Gülgəz obrazını yaradıb. Kim bilir, bəlkə də yarımçıq qırılan ömürləri yaşada-yaşada, özü də bilmədən, öz taleyini oynayırmış Vəfa.
   Həyatı ilə yaratdığı obrazlar arasında o qədər bənzərlik var idi ki, arzularının çiçəkləndiyi bir vaxtda ailə qurdu, yarımadı. Baxmayaraq ki, o böyük bir məhəbbətlə, dərin hisslərlə sevilirdi, amma həyatın çaldığı havalar onu başqa səmtə çəkdi. Səhnəyə gəldi. Özünü təsdiqlədi. Yaratdığı obrazlarla tamaşaçı sevgisi qazandı. Hansı zirvələrə ucalacaqdı. Amma mümkün olmadı. Min bir həvəs və arzu ilə qədəm qoyduğu səhnədə də aktrisa ömrü yarımçıq qaldı. O qədər sevimli, cazibəli idi ki, ona laqeyd qalmaq, ona vurulmamaq mümkün deyildi. Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında truppa rəhbəri kimi çalışmış rəhmətlik Qürbət dayıdan (ona hamı belə müraciət edirdi - F.X.) eşitmişdim ki, əsl sevgisini də burada tapmışdı Vəfa Fətullayeva. Həmkarı, onunla dəfələrlə tərəf-müqabil olmuş bir aktyora könül bağlamışdı. Onların sevgisi haqqında indi də xiffətlə danışırlar. Onlar ailə qura bilsəydilər, necə xoşbəxt olardılar. Amma kim taleyin yazısından kənar düşüb ki? Adını Vəfa qoysalar da, ağlı kəsəndən o qədər vəfasızlıqla üzləşdi ki... Onun qəfil gedişi yaxınlarının ömrünə də balta çaldı. İki ay sonra atası dünyasını dəyişdi, Hökümə xanım yatağa düşdü. Sevdiyi, inandığı o ucaboylu, qara gözlü gənc isə çox gec ailə qurdu. Uzun müddət Vəfanı unuda bilmədi. Elə indinin özündə də ürəyində nisgilə dönmüş bu xatirələri tərpətmək olmur.
   O, səhnəmizin Vəfası idi. Şux, deyib-gülən, zarafatcıl. Bir gün gülüşləri qəfildən qırıldı. O səhnə indi də durur və mənə elə gəlir ki, orada Vəfa yenə də var. Çünki onun ruhu bu ünvandan ayrı düşə bilməzdi. Ən azı ona görə ki, can verdiyi obrazlar bu gün də onun həsrətini çəkirlər. Həmkarları da Vəfa Fətullayeva haqqında sakit ürəklə danışa bilmirlər. Hər kəsin içində bir Vəfa yaşayır. Unudulmaz, sevimli Vəfamız!.. Bir də deyirlər ki, ömür itmir, bitmir, davam edir. Bu gün rejissor Hafizin ailəsində Vəfa Fətullayeva adlı bir fidan böyüyür. Deyirlər ki, bu qızcığaz eynən bibisinə bənzəyir. Taleyi oxşamasın!..
   
   Flora Xəlilzadə,
   yazıçı-publisist







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar