Cəbrayıl və Füzulinin işğalından 18 il ötdü
   
   Avqustun 23-ü yaxın tariximizin acı ilə xatırlanan günlərindən biridir. 1993-cü ilin həmin günü Azərbaycan Qarabağ müharibəsində iki böyük itkiyə məruz qalıb. Ermənistan silahlı qüvvələri Füzuli və Cəbrayıl rayonlarının böyük hissəsini, o cümlədən hər iki rayon mərkəzini işğal edib. Bu itki Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun - Qubadlı və Zəngilanın mühasirəyə düşməsinə və sonrakı işğalına yol açdı.
   Cəbrayıl rayonunun ərazisi 1050 kv km, işğaldan öncə əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun bütün ərazisi (96 kənd) işğal altındadır. Füzuli rayonu (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) bütünlüklə işğal olunsa da, 1994-cü ilin yanvarında rayonun 82 kəndindən 22-si və Horadiz qəsəbəsi işğaldan azad olunub. Azad edilmiş ərazilərdə infrastruktur bərpa olunub, əhalinin böyük qismi öz torpaqlarına qayıdıb.
   Cəbrayıl və Füzulinin işğalı nəticəsində bu rayonlardakı maddi sərvətlərimiz, insanların əmlakı ilə yanaşı, mədəniyyət müəssisələri, maddi-mədəni abidələrimiz də düşmən tərəfindən dağıdılaraq talan edilib.
   İşğaldan əvvəl Cəbrayıl rayonunda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və s. fəaliyyət göstərirdi. Rayon ərazisindəki qədim abidələr, mağaralar, qala bürcləri, məbədlərin qalıqları bu bölgənin zəngin tarixi irsinin göstəricisidir. Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudayarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr (XIX əsr), Şıxlar kəndində dairəvi türbə (XIV əsr), Xudafərin körpüləri (erkən orta əsrlər), Diri Dağdakı Qız qalası, Dağtumas kəndindəki Başıkəsik günbəz, "Hacı Qaraman Çələbi", "Cəbrayıl ata", "Dül-dül", "Mazannənə" (Mərmərnənə) ziyarətgahları bölgənin mühüm tarixi-memarlıq və dini abidələridir.
   Rayon ərazisində qədim arxeoloji abidələr də mövcuddur. Dağtumas kəndi yaxınlığındakı "Divlər sarayı", Mahmudlu kəndi yaxınlığındakı "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Siklop tikililərini, Cəbrayıl şəhəri yaxınlığındakı "Ağoğlan"ı, Dağtumas kəndi yaxınlığındakı "Tumas ata"nı misal göstərmək olar.
   Füzuli rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı nəticəsində 69 mədəniyyət evi və klub, 90 kitabxana, 2 muzey, 9 musiqi məktəbi, dövlət dram teatrı dağıdılıb. Rayonun ərazisindəki arxeoloji abidələrdən paleolit dövrünə aid Azıx və Tağlar mağara düşərgələri, tunc dövrünə aid Qarabulaq kurqanı, Zərgərtəpə, Şəkərçik yaşayış yerləri, ilk tunc dövrünə aid Kültəpə, Balalar təpə, Uzuntəpə, Meynətəpə, Xantəpə, eramızdan əvvəl II-I minilliklərə aid Günəştəpə, eramızdan əvvəl IV əsrə aid Qaraköpəktəpə yaşayış yerləri, tarixi memarlıq abidələrindən Aşağı Veysəlli kəndində XIII əsr Mirəli türbəsi, Qarğabazar kəndində XVII əsrə aid karvansara, məscid və türbə, Yuxarı Seyidəhmədli kəndində İbrahim türbəsi (XVIII əsr), Yuxarı Kürdmahmudlu kəndində sərdabə (XVIII əsr), Horadiz kəndində XIX əsr İmamzadə türbəsi və s. işğal altında qalıb.    

   Kənan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar