Azərbaycan
   
   1 sentyabr 1900 - Məşhur sirk pəhləvanı, peşəkar güləşçi Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) anadan olub.
   1 sentyabr 1920 - Bakıda Şərq Xalqlarının I Qurultayı keçirilib.
   1 sentyabr 1920 - Görkəmli tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 - 16.8.2002) Şəkidə anadan olub. «Azərbaycan tarixi» kitabının müəllifi, 7 cildlik «Azərbaycan tarixi»nin IV və V cildlərinin məsul redaktoru olub.
   1 sentyabr 1924 - Məşhur Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (10.1.1838 - 1924) vəfat edib. Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) Tağıyevin köməyi sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları Tağıyevin köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.
   1 sentyabr 1930 - Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930-2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq və gənclər üçün 40-a yaxın kitabın, 30-dək səhnə əsərinin muəllifidir.
   1 sentyabr 1937 - Aktyor, Əməkdar incəsənət xadimi Səyavuş Şəfiyev (1937 - 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?" (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm), “Ən vacib müsahibə” (Altay) filmlərində maraqlı obrazlar yaradıb.
   1 sentyabr 1938 - Şair, yazıçı Əlağa Mərdanlı anadan olub. Əsərləri: "Dan ulduzu", "Dördüncü meyit" romanları və s.
   
   2 sentyabr 1909 - Nasir, dramaturq Rza Nəbi oğlu Şahvələd (1909-2.7.1984) anadan olub.
   2 sentyabr 1949 - Bəstəkar İsmayıl Soltan oğlu Hacıbəyov anadan olub. "Füruzə" operasının, romansların, digər musiqi əsərlərinin müəllifidir.
   
   3 sentyabr 1916 - Rəssam, Əməkdar incəsənət xadimi Əyyub Müseyib oğlu Huseynov (1916 - 17.4.1998) Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub. Əsərləri: “Araz sahilində”, “Şahbuz”, “Yağışdan sonra”, “Yaylaqda”, “Çobanlar” və s.
   3 sentyabr 1951 - Görkəmli aktyor, Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuri Bakıda anadan olub. 1974-cü ildən Akademik Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında ("Yollar görüşəndə...", "Qatarda", "Evləri köndələn yar", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, "Göz həkimi", "Ac həriflər", “Yarımştat” və s.), kinoda ("Yol əhvalatı", “Tənha narın nağılı”, "Yaramaz", “Bəyin oğurlanması", “Lətifə", "Qətl günü", “Yuxu” və s.) yaddaqalan obrazlar yaradıb.
   
   4 sentyabr 1950 - Şairə Aləmzər Məmməd qızı Əlizadə Gəncədə anadan olub. Uşaqlar üçün “Sarı eynək”, “Küsən güllər”, “Şəfəqin sırğaları”, “Ətirli kəpənək” və s. kitabların müəllifidir.
   4 sentyabr 2003 - Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921-2003) vəfat edib. "Aləmdə səsim var mənim" (Seyid Əzim Şirvani haqqında), "Yad et məni" (Abbas Səhhət), "Bakı-1501" (Xətai), "Eldən elə" (coğrafiyaşünas Zeynalabdin Şirvani) və s. romanların müəllifidir. "Fatma xanım Kəminə", "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" (iki cilddə) və s. kitabları tərtib edib.
   
   5 sentyabr 1892 - Məşhur tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanov (1892-1973) anadan olub. Konservatoriyada dərs deyib (1929-1973), Azərbaycan televiziyası və radiosunun xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda onun adını daşıyır) olub. “Azərbaycan ritmik muğamları", "Muğam, mahnı, rəng" kitablarının müəllifidir.
   5 sentyabr 1935 - Xalq artisti, görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslan anadan olub. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşaları - “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”; filmləri: “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Mənim ağ şəhərim”, “Yuxu”, “O dünyadan salam” və s.
   5 sentyabr 1944 - İctimai xadim, şair, dramaturq Hidayət Orucov Zəngəzurun Mığrı bölgəsinin Maralzəmi kəndində anadan olub. 1968-1984-cü illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edib. 1986-1992-ci illərdə Bakıda «Gənclik» nəşriyyatının baş redaktoru, 1992-2006-cı illərdə Azərbaycan Respublikasının milli məsələlər üzrə dövlət müşaviri işləyib. 2006-cı ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir. 30-dan çox poeziya, nəsr, tərcümə və s. kitabları nəşr olunub: «Zirvə çağırır», «İrəvanda xal qalmadı», «Həsrət», «Sözün vaxtı», «Burdan min atlı keçdi» və s.
   
   Dünya
   
   1 sentyabr 1854 - Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck, 1854-1921) anadan olub.
   1 sentyabr 1875 - Məşhur Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs 1875-1950) anadan olub. Tarzan haqqında romanların (26 roman), elmi-fantastik janrda “Marslılar” seriyasından əsərlərin müəllifidir.
   1 sentyabr 1896 - Məşhur hind yazıçısı və din xadimi, Krişna hərəkatının yaradıcısı Bxaktivedanta Svami Prabxupada (1896-1977) anadan olub.
   1 sentyabr 1922 - İtalyan aktyoru Vittorio Qassman (Vittorio Gassman 1922-2000) anadan olub.
   1 sentyabr 1945 - Türk yazıçısı Mustafa Balel anadan olub. “Peyğəmbər çiçəyi”, “Asmalı pəncərə”, “Şənbəyə çoxmu var?” (uşaqlar üçün) və s. romanların müəllifidir.
   1 sentyabr 1957 - Kuba əsilli Amerika müğənnisi Qloriya Estefan (Gloria Estefan - Gloria Maria Milagrosa Fajardo) anadan olub.
   1 sentyabr 1970 - Məşhur fransız yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885-1970) vəfat edib. Əsərləri: “Keçmiş zamanların yeniyetməsi”, “Məhəbbət səhrası” və s.
   
   2 sentyabr 1852 - Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget, 1852-1935) anadan olub. Psixoloji romanların müəllifidir: “Andre Korneli”, “Şagird”, “Qadın ürəyi”, “Paris əxlaqından oçerklər”.
   2 sentyabr 1926 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “ Uğur centlemenləri”, “Mimino”, “ Payız marafonu” və s.
   2 sentyabr 1935 - Məşhur aktyor, Rusiyanın Xalq artisti Valentin Qaft anadan olub. Filmləri: “Qaraj”, “Salam, mən sizin xalanızam”, “Fleyta üçün unudulmuş melodiya” və s.
   2 sentyabr 1964 - Amerika kinoaktyoru Kianu Rivz (Keanu Charles Reeves) anadan olub. Filmləri: “Sürət”, “Göl yaxınlığında ev” (Sandra Ballokla çəkilib), “Balaca Budda”, “Matrisa” və s.
   3 sentyabr 1883 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818-1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu” “Asya”, “Bahar suları” povestləri və s.
   3 sentyabr 1927 - Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı” və s.
   3 sentyabr 1928 - Moldova yazıçısı və dramaturqu İon Druse (İvan Drusa) anadan olub. Əsərləri: “Mehribanlığımızın yükü”, “Ağ kilsə” romanları, “Kasa mare”, “Zınqırovlu kürən madyan” pyesləri və s.
   
   4 sentyabr 973 - Orta əsr ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 973 - 11.12.1048) Xarəzm vilayətinin Kət şəhərində doğulub.
   4 sentyabr 1768 - Fransa ədəbiyyatında romantizm cərəyanının banilərindən biri Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand, 1768-1848) anadan olub. “Xristianlığın üzrü”, “Atalla və ya iki vəhşinin səhrada sevgisi”, “Rene və ya ehtirasların nəticəsi” romanlarının müəllifidir.
   4 sentyabr 1791 - Alman bəstəkarı, Cakomo Meyerber (Yakob Mayer Ber, 1791-1864) anadan olub. Böyük həcmli operaların müəllifi kimi tanınıb: “Robert-şeytan”, “Quqenotlar” və s.
   4 sentyabr 1809 - Məşhur polyak şairi Yuliuş Slovaski (1809-1849) anadan olub.
   4 sentyabr 1892 - Fransız bəstəkarı Darius Miyo (Darius Milhaud, 1892-1974) anadan olub. Əsərləri: “Bədbəxt matros”, “Xristofor Kolumb” operaları, “Dünyanın yaranışı” baleti və s.
   4 sentyabr 1904 - Fransız kinorejissoru Kristian Jak (Christian-Jaque (Maudet); 1904-1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi), “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.
   4 sentyabr 1913 - İtalyan kinorejissoru Renato Kastellani (Renato Castellani; 1913-1985) anadan olub. Filmləri: “Romeo və Cülyetta”, “Cüzeppe Verdi”, “Leonardo da Vinçinin həyatı” və s.
   4 sentyabr 1952 - Məşhur hind aktyoru Rişi Kapur (Rac Kapurun oğlu) anadan olub. Filmləri: “Bobbi”, “Qisasçı”, “Belə yalançı”, “Qara şahzadə Acuba” (sovet-hind filmi) və s.
   
   5 sentyabr 1568 - İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella, 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.
   5 sentyabr 1817 - Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s.
   5 sentyabr 1912 - Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage; 1912-1992) anadan olub.
   5 sentyabr 1946 - Əslən iranlı olan məşhur Britaniya rok müğənnisi, «Queen» qrupunun lideri Fredi Merkyuri (Freddie Mercury, əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.
   5 sentyabr 1951 - Amerika kinoaktyoru Maykl Kiton (Michael Keaton - Michael John Douglas) anadan olub. Filmləri: “Betmen”, “Fövqəladə tədbirlər”.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar