Şərqin ilk mesenatı, Azərbaycan milli burjuaziyasının ən parlaq simalarından biri, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ölümündən 87 il keçir.
   Məlumatlara görə, 1917-ci ilin axırlarında Hacı Zeynalabdin Tağıyevin şəxsi kapitalı 30 milyon manata çatırdı. Uzun illərdən sonra bir sual insanları hələ də düşündürür: adi bir bənna köməkçisi, təhsilsiz və kasıb bir insan bütün bunlara necə sahib olmuşdur? Düşünənlər həm də onu düşünür ki, o bu mərtəbəyə ağlının, uzaqgörənliyinin, zəhmətinin, yoxsa nəyin hesabına ucalmışdır? Bəli, bu sualın arxasında böyük həqiqət gizlənir. Tanrı səhv etmir. O, Zeynalabdin adlı bəndəsini seçmişdi və seçim bir xalqın taleyindən keçirdi. O, Allahın sevimli bəndələrindən idi. Buna baxmayaraq dünənki palçıq daşıyan həyatın hər üzünü görməli, müxtəlif sınaqlardan keçməli, sonradan ağıllı kapitalist kimi Şərqin böyük mesenatı olmalı idi...
   
   “Millətin atası”
   
   ...O, 1872-ci ildə neftçıxarma işinə sərmayə qoymuş və sahibkarlıq fəaliyyətinə başlamışdı. Əvvəllər payçı olmuş, 1886-cı ildə isə firmanın vahid sahibkarına çevrilmişdi. 1897-ci ildə Bakıda “Tağıyev H.Z. lifli maddələrin emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti”ni, 1900-cü ildə toxuculuq fabrikini, 1911-ci ildə “Xəzər manufaktura Cəmiyyəti”ni, 1916-cı ildə “Tağıyev Balıq Sənayesi Cəmiyyəti”ni təşkil etmişdi. Bunlardan əlavə Tağıyevin Azərbaycanda və Dağıstanda balıq emalı, çəllək zavodları, iri soyuducuları, vətəgələrə və ticarətə xidmət edən gəmiləri, müəssisələri vardı. O, yerli sahibkarlarla 1914-cü ildə Bakı Ticarət Bankını yaratmış və Bank Şurasının ilk sədri seçilmişdi.
   Bütün bunlar öz yerində. Tağıyevin sərvəti artdıqca bir əlinə gələn varı o biri əlindən paylanırdı. Milyonçu Hacı Zeynalabdin hər əl açana pul verib yola salmırdı, imkansız soydaşlarına iş təklif edib ömürlük çörək verirdi. Hələ sağlığında haqqında əfsanələr dolaşan milyoner millətin nicatını təhsildə görürdü. Məhz buna görə də Azərbaycanda müxtəlif təmayüllü məktəblər (həmçinin qız məktəbləri) açdırmış, gəncləri öz vəsaiti hesabına təhsilə cəlb etmiş, xaricə oxumağa göndərmiş, ilk milli teatrın binasını tikdirmiş, “Kaspi”, “Həyat”, “Füyuzat” kimi qəzet və jurnalların nəşrinə, mədəni-maarif cəmiyyətlərinə, milli kadrların hazırlanmasına xeyli vəsait sərf etmişdi. Öz dövrünün milyonçularından fərqli olaraq o, xeyirxahlığı ilə “millətin atası” kimi ad qazanmış, şöhrətlənmişdi.
   1901-ci ildə Şahdağın ətəklərindən süzülüb gələn Şollar suyunun Bakıya çəkilişində yaxından iştirak etmiş, 1916-cı ildə bu su kəmərinin çəkilişi başa çatmışdı.
   Bakı nefti kimi bakılı milyonçunun şöhrəti də sərhədləri aşıb çox-çox uzaqlara yayılmışdı. İti ağlı, dərin düşüncəsi və ən əsası nəfsini özünə qul etməsi Hacını həmişə yüksək mərtəbədə saxlamışdı.
   ...Bütün bunlarla yanaşı Hacı da Tanrının adi qullarından biri idi. Həyatın şirinini də, acısını da hamı kimi dadırdı. Ucala biləcəyi mərtəbəyə kimi bütün pillələri qalxmışdı. Bu elə bir yüksəklik idi ki, oradan o yana daha yol yox idi. Belə günlərin birində var-dövləti dünyaya sığmayan Hacı Zeynalabdin Tağıyev xətrini çox istədiyi və böyük hörmət bəslədiyi Axund Mirzə Əbu Turabla söhbət edirmiş. Söhbət əsnasında Əbu Turab deyir ki, bütün bu var-dövləti Allah verdiyi kimi günlərin birində geri də ala bilər. Onun bu sözləri Hacını təəccübləndirir. Fikirləşir ki, bu boyda neft buruqları, balıq vətəgələri, fabrikləri, zavodları, saya gəlməyən var-dövləti necə əldən çıxa bilər? Ağlına gələnləri dilinə də gətirir. Bir Allah şahiddir ki, Əbu Turab o an hansı hissləri keçirir...
   
   Hacının son vəsiyyəti
   
   ...Zaman öz axarında idi. Əbu Turab Hacıdan düz 14 il əvvəl, 1910-cu il sentyabrın 1-də dünyasının dəyişir. Bir müddət sonra çar Nikolay taxtdan salınır, soyuq şimal küləyi kommunist dalğalarını cənuba tərəf gətirir. Hacının səltənəti get-gedə laxlayır, var-dövləti əldən çıxır. Ömrünün son günlərində dünyagörmüş Hacı tez-tez Əbu Turabın dediyi kəlmələri xatırlayırdı. Həyatın müxtəlif məqamlarında insanlara örnək olan Hacı son vəsiyyətini belə edir: “Məni Əbu Turabın ayağı altında dəfn edərsiniz. Onun ayağı biləni mənim başım bilmədi”.
   1924-cü il sentyabrın 1-də zəmanəsinin ən qüdrətli şəxsiyyətlərindən biri sayılan Hacı Zeynalabdin Tağıyev dünyadan köçür. Onun vəsiyyətinə əməl olunur. Hacını Mərdəkandakı qəbiristanlıqda Əbu Turabın məzarının ayaq tərəfində dəfn edirlər.
   ...Şura hökuməti Hacının səltənətini yerlə-yeksan etdi. Millət atası xalq düşməni kimi təqib olundu. Milyonlara çörək verən Hacının doğma övladının qismətinə çətinliklərlə dolu çörəksiz günlər yazıldı. Ailəsi, nəvə-nəticəsi uzun illər Vətəndən didərgin salındı. Amma siyasi sistem Hacının milyonlarını yerlə-yeksan etsə də, onun xeyirxah əməllərini, bu millət üçün gördüyü işlərin üzərinə kölgə sala bilmədi. O, yenə millətinin fəxr edilən oğlu, dünənimizin əfsanəsi və tariximizin bir parçasıdır.
   Zaman-zaman Hacı Zeynalabdin Tağıyevin qəbrini ziyarət edənlər həm də Axund Mirzə Əbu Turabın məzarı önündə ayaq saxlayacaq, hər ikisinə “ruhunuz şad olsun” deyəcəklər!
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar