Azərbaycan
   
   7 sentyabr 1914 - Tanınmış ədəbiyyatşünas və teatrşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 - 19.9.1973) anadan olub. Azərbaycan teatrşünaslıq elminin formalaşmasında müstəsna xidmətlər göstərib, Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. "Rejissor sənəti", "Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir.
   7 sentyabr 1939 - Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində şeirlər yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib.
   7 sentyabr 1946 - Əməkdar incəsənət xadimi, musiqişünas, fəlsəfə elmləri doktoru, bəstəkar Gülnaz Abutalıb qızı Abdullazadə anadan olub. Qədim və orta əsrlər musiqi mədəniyyəti kontekstində Azərbaycan muğamlarının fəlsəfi-estetik mahiyyətini tədqiq edib. Bakı Musiqi Akademiyasının professorudur.
   7 sentyabr 1961 - Musiqişünas, sənətşünaslıq doktoru Fərəh Şirməmməd qızı Əliyeva anadan olub. “Azərbaycan musiqisində üslub axtarışları”, “Musiqi tariximizin səhifələri” və s. kitabların müəllifi, “XX əsr Azərbaycan musiqi mədəniyyətinin qaynaqları” (3 cilddə) kitabının tərtibatçısıdır. Bakı Musiqi Akademiyasının professorudur.
   8 sentyabr 1949 - Tanınmış teatr xadimi, rejissor Hüseynağa Atakişiyev (1949 -9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət Teatrında, Akademik Milli Dram Teatrında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb, ömrünün sonunadək bu teatra rəhbərlik edib. “Üzeyir ömrü” (1981) filmində böyük bəstəkarın obrazını yaradıb.
   8 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli Yevlax rayonunda doğulub. Səhnə sənəti, kino, təsviri incəsənət, dramaturgiya, mədəniyyətin müxtəlif problemlərinə dair çoxsaylı kitab və məqalələrin, Azərbaycan Televiziyasında mədəniyyət mövzusunda verilişlərin müəllifidir.
   8 sentyabr 1982 - Tanınmış teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909, Şamaxı - 1982) vəfat edib. Kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltmək məqsədilə kolxoz-sovxoz teatrına rəhbərlik edib. 1934-cü ildən Milli Dram Teatrında çalışıb. “Səbuhi” filmində (1941) Mirzə Şəfi Vazeh rolunda çəkilib.   

   Dünya
   
   6 sentyabr 1860 - Amerika filosofu və sosioloqu, Nobel sülh mükafatı (1931) laureatı Ceyn Adams (Jane Laura Addams, 1860-1935) anadan olub.
   6 sentyabr 1928 - Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.
   6 sentyabr 2007 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 - 2007) vəfat edib.
   
   7 sentyabr 1726 - Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.
   7 sentyabr 1870 - Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870-1938) anadan olub. “Molox”, “Sulamif”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta” və s. romanların müəllifidir. 1919-1937-ci illərdə mühacirətdə (Paris) yaşayıb, sonra Rusiyaya qayıdaraq orada vəfat edib.
   7 sentyabr 1909 - Türkiyəli yunan mənşəli Amerika rejissoru Elia Kazan (Kazan - Elia Kasancoğlu, 1909-2003) anadan olub. İkİ dəfə «Oskar» laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954).
   7 sentyabr 1940 - İtalyan kinorejissoru Dario Arcento (Dario Argento) anadan olub. Qorxu filmlərinin müəllifidir: “Bir dəfə vəhşi Qərbdə”, “Fenomenlər” və s.
   7 sentyabr 1949 - Amerika müğənnisi Qloriya Qeynor (Gloria Gaynor - Fowles) anadan olub.   

   8 sentyabr 1830 - Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral, 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.
   8 sentyabr 1841 - Görkəmli çex bəstəkarı Antonin Dvorjak (Antonin Leopold Dvorak; 1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida”), 9 simfoniya (ən məşhuru № 9-li), 5 simfonik poemanın və s. əsərlərin müəlifidir.
   8 sentyabr 1910 - Fransız aktyoru və rejissoru Jan-Lui Barro (Jean-Louis Barrault; 1910-1994) anadan olub. Görkəmlıi teatr rejissoru kimi tanınıb, “Fantastik simfoniya” filminə quruluş verib.
   8 sentyabr 1923 - Görkəmli avar şairi, publisist və ictimai xadim Rəsul Həmzətov (1923-2003) Dağıstanın Sada kəndində anadan olub.
   8 sentyabr 1925 - İngilis kinoaktyoru Piter Sellers (Peter Sellers - Richard Henry Sellers, 1925-1980) anadan olub. Filmləri: “Çəhrayı pantera”, “Royal” kazinosu”, “Lolita” (1962, rej. Stenli Kubrik).
   8 sentyabr 1937 - Məşhur türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur) Əskişəhərdə doğulub. Əslən Krım türkü (noqay), ixtisasca həkimdir. Şeirlər yazır. 300-dək filmdə çəkilib: “Qürbət quşları”, “Hərəmxanada dörd qadın”, ”İntiqam atəşi”, “Dodaqdan qəlbə”, “Arım, balım, pətəyim” və s.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar