“...Türk paşasının dizləri üstə can vermək böyük şərəfdir!“
1918-ci ilin 15 sentyabrı tariximizin şanlı səhifələrindən biridir. Xalqımızın istiqlal savaşına köməyə gəlmiş qəhrəman türk ordusu həmin gün azərbaycanlı qardaşları ilə birlikdə Bakını erməni daşnak-bolşevik qüvvələrindən təmizləyərək milli dövlətimizi - Cümhuriyyətimizi öz paytaxtına qovuşdurdu.
“Qafqaz İslam Ordusu”nun 1918-ci ilin yayında Gəncədən Bakıya zəfər yürüşü qəhrəmanlıq və şücaət dolu ağır döyüşlərdən keçdi. Nuru Paşanın rəhbərlik etdiyi türk ordusu Azərbaycan milli ordusunun ilk əlahiddə diviziyası ilə birgə Salyan, Ağsu, Kürdəmir, Göyçay, Şamaxı yaxınlığında döyüşlərdə S.Şaumyanın qoşunlarına (“Bakı soveti” ordusu) sarsıdıcı zərbələr vurdu.
Belə ağır döyüş yollarından biri də Şamaxıdan keçir. Şamaxı yaxınlığında gedən döyüşlərdə bir türk zabiti şəhid olur. Onun son nəfəsdə söylədiyi bir kəlmə söz qəmli nəğmə kimi dillərə düşür. Onu da deyək ki, bu qəhrəman zabitin adı bəzi qaynaqlarda İzzət, bəzilərində isə Qadir kimi qeyd olunub. Əlfayim Əziz “Azadlıq naminə” adlı kitabında türk əsgərinin şəhid olmasını belə təsvir edir:
“İzzət bəy erməni gülləsinə tuş gəlir. Ağır yara alan mayorun köməyinə ətrafda yaşayan kənd camaatı gəlir... Gülsabah adlı bir qadın yaylığını çıxardıb əsgərin yarasını bağlamaq istəyir. İzzət bəy qadına deyir:
- Bacım, qolumdan möhkəm yapış, qəlpəni yaradan çıxardım.
O, qəlpəni çıxarır, dəsmala bükür və deyir:
- Yaramı bağlamağa ehtiyac yoxdur. İndi qoyun qanım bu torpağa axsın.
Ölümcül vəziyyətdə olan İzzət Nuru Paşanı qarşısında görür və həyəcanlanır. Nuru Paşa onun başını dizləri üstünə alır. Artıq İzzət bəy son anlarını yaşayır. O, üzünü Nuru Paşaya tutub deyir:
- Paşam, türk paşasının dizləri üstündə can vermək böyük şərəfdir.
Beləcə, İzzət bəy vurulduğu yerdə gözlərini əbədi olaraq yumur”.
İzzət bəy öz vəsiyyətinə görə şəhid olduğu yerdə - Şamaxı yaxınlığında Acıdərədə dəfn olunur. O gündən də qəbirin adı “Türk məzarı” kimi dillərə düşür.
Sovet dövründə məzar diqqətdən kənarda qalır. Lakin xalq bu qəhrəmanlıq təcəssümünü unutmur. Toyda-bayramda ondan söz salır, söhbət açırlar. Tənha məzarın hekayətini yaddaşlara köçürürlər.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin digər şanlı səhifələri kimi, qəhrəman türk əsgərlərinin Azərbaycanın istiqlalı naminə öz qanı ilə yazdığı şəhidlik salnaməsi də tarixi qiymətini aldı. Türk əsgərlərinin keçdiyi zəfər yolu boyunca şəhid məzarları üzərində xatirə abidələri quruldu.
Şamaxı rayonuna yolu düşənlər də buradakı şəhid türk zabitinin məzarı yanında ayaq saxlayırlar. Şəhidin ruhu qarşısında təzim edir, ona dua oxuyurlar. Vaxtilə buranı ziyarət edən Xalq şairi Bəxtiyar Vahabzadənin yazdığı “Tənha məzar” şeiri yada düşür:
Yolçu, maşınını bu yerdə əylə,
O məzar önündə sən təzim eylə.
Səcdə qıl, dua ver onun ruhuna,
Ayaq basdığın yer borcludur ona.
Doğrudan da, Vətən və torpaq uğrunda şəhid olanları xalq heç vaxt unutmur. Ən uca yerdə - qəlblərdə, könüllərdə yaşadır...
Savalan Fərəcov