Azərbaycan
16 sentyabr 1790 - Coğrafiyaşünas, alim, səyyah Hacı Zeynalabdin Şirvani (1790-1837) anadan olub.
16 sentyabr 1909 - Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 - 22.4.1983) Bakıda anadan olub. "Sevil (1929)", "Almaz (1936)" filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.
16 sentyabr 1940 - Xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev anadan olub. 40-a yaxın sənədli filmin müəllifi və rejissorudur: «Sahil bağı», «Odlar torpağı», «Qızıl güllər diyarı», «Sovet Azərbaycanı», «İçərşəhərin əbədi nağılı» və s.
16 sentyabr 1992 - “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Prezident fərmanı verilib.
17 sentyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
17 sentyabr 1956 - Tanınmış rəssam Müslüm Ömər oğlu Eldarov (1956-2003) anadan olub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub. Azərbaycanın “Dövlət kitabı” (2002), “Caspian” jurnalının naşiri olub.
18 sentyabr 1885 - Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti, professor Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 - 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər çoxsaylı musiqi əsərlərinin müəllifidir. Böyük bəstəkarın doğum günü Azərbaycanda “Milli musiqi günü” kimi qeyd olunur.
18 sentyabr 1885 - Görkəmli bəstəkar və dirijor Müslüm (Əbdülmüslüm) Maqomayev (1885 - 28.7.1937) anadan olub. Azərbaycan professional musiqi sənətinin inkişafına mühüm töhfələr verib. «Şah İsmayıl», “Nərgiz” operalarının, simfonik və vokal əsərin müəllifidir. Opera Teatrının rəhbəri və dirijoru, Azərbaycan radiosunun musiqi şöbəsinin rəhbəri olub. Hər səhər efirdə səslənən “Radio marşı”nın müəllifidir.
18 sentyabr 1978 - Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 - 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
18 sentyabr 1988 - Böyük şair, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905, Təbriz, Xoşnigab kəndi - 1988) Tehranda vəfat edib. Azərbaycan və fars dillərində yazıb. İlk kitabı 1931-ci ildə nəşr olunub. Sonralar şairin dördcildlik divanı, ikicildlik seçilmiş əsərləri, iki hissədən ibarət "Heydərbabaya salam" poeması, "Türkcə divan" toplusu çapdan çıxıb.
18 sentyabr 1994 - Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb.
18 sentyabr 2006 - Türkiyənin Antalya şəhərində türk dövlət və toplumlarının X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilib. Qurultayda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
19 sentyabr 1995 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922 - 1995) vəfat edib. Populyar mahnıların ("Sevgilim", "Leyla", "Bakı"), operettaların ("Romeo mənim qonşumdur", "Ana, mən evlənirəm", “Yolayrıcında”, “Ordan-burdan”), simfonik əsərlər, oratoriya və s. müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
Dünya
16 sentyabr 1462 - İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi, 1462-1525) anadan olub.
16 sentyabr 1888 - Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa, 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.
16 sentyabr 1893 - Macar əsilli ingilis kinorejissoru Aleksandr Korda (Alexander Korda - Sandor Laszlo Kellner, 1893-1956) anadan olub.
16 sentyabr 1924 - Amerika aktrisası, Hollivudun ən məşhur ulduzlarından biri Loren Bekoll (Lauren Bacall - Betty Joan Weinstein Perske) anadan olub. Filmləri: “Milyonçuya necə ərə getməli”, “Şərq ekspresində qətl” və s. Fəxri “Oskar” laureatıdır (2009).
16 sentyabr 1956 - Məşhur Amerika sehrbazı (illüzionist) Devid Kopperfild (David Copperfield - David Seth Kotkin) anadan olub.
16 sentyabr 1956 - Amerika aktyoru Mikki Rurk (Mickey Rourke - Philip Andre Rourke) anadan olub. Filmləri: “Doqquz həftə yarım”, “Əjdaha ili” və s.
17 sentyabr 1908 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey, 1908-1973) anadan olub.
17 sentyabr 1922 - Berlində dünyada ilk səsli filmin nümayişi keçirilib.
17 sentyabr 1931 - İtalyan əsilli Amerika kinoaktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft - Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.
17 sentyabr 1939 - Tanınmış rus aktyoru və rejissoru Vladimir Menşov Bakıda anadan olub. Filmləri: “Moskva göz yaşlarına inanmır”, “Məhəbbət və göyərçinlər”, “Şırlı-Mırlı” (hər üçündə rejissor və aktyor) və s.
18 sentyabr 1882 - Rus rəssamı Mixail İvanoviç Avilov (1882-1954) anadan olub.
18 sentyabr 1905 - Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” mükafatı laureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson; 1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.
18 sentyabr 1961 - Fransız yazıçısı Bernard Verber (Bernard Werber) anadan olub.
19 sentyabr 1888 - Belçikanın Spa kurort-şəhərində dünyada ilk gözəllik müsabiqəsi keçirilib. Bu şəhərin şərəfinə gözəllik və sağlamlıq salonları “spa-salonlar” adlanır.
19 sentyabr 1911 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1983) laureatı Uilyam Cerald Goldinq (William Gerald Golding, 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
19 sentyabr 1948 - Məşhur ingilis aktyoru Ceremi Ayrons (Jeremy John Irons) anadan olub. Filmləri: “ Fransız leytenantının arvadı“, “Svanın məhəbbəti”, “Missiya“, “Həyatın dolanbaclarında” (“Oskar”, 1990), “Lolita“ və s.
19 sentyabr 1949 - Britaniya kinorejissoru və ssenaristi Salli Potter (Sally Potter) anadan olub. Filmləri: “Qızıl axtaran qadınlar”, “Orlando”, “Tanqo dərsi”.
Hazırladı: Vüqar Orxan