Azərbaycan
23 sentyabr 1928 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədova anadan olub. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Sevil ("Sevil", F. Əmirov) və s.
23 sentyabr 1929 - Yazıçı Əfqan Hacıağa oğlu Əsgərov Şirvanın Qarabağlılar kəndində anadan olub. Əsərləri: “Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi" romanları, "Dədə Bəhmən" trilogiyası, "Qozbel", "Məhəbbət ətirli qərənfilim", "Dünya gözəlliyindir" povestləri və s.
23 sentyabr 1935 - Rejissor, Əməkdar incəsənət xadimi Ziyafət Abbasov anadan olub. Azərbaycan Televiziyasında, "Azərbaycanfilm"də işləyib. Əməkdar incəsənət xadimidir. "Mozalan" kinojurnalı üçün bədii və sənədli süjetlər çəkib.
23 sentyabr 1969 - Şair, publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 - 20.1.1990) anadan olub. Dillər Universitetinin tələbəsi ikən 1990-cı ilin 20 Yanvarında həlak olub.
23 sentyabr 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910, Şəki - 1970) vəfat edib. "Toy", "Xoşbəxtlər", “Nişanlı qız”, "Əliqulu evlənir" və s. pyesləri, "Nina" romanı, "Vəfasız", "Son faciə" povestləri, “Arşın mal alan” (1945), “O olmasın, bu olsun”, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, “Yeddi gözəl” baletinin (Q.Qarayev) librettosunun müəllifidir.
24 sentyabr 1928 - Görkəmli kinorejissor Arif Hacağa oğlu Babayev (1928-26.8.1983) Bakıda anadan olub. Filmləri: “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.
24 sentyabr 1936 - Xalq artisti, tanınmış bədii qiraət ustası Əminə Yusifqızının doğum günüdür. Gənc Tamaşaçılar, Milli Dram teatrlarında, "Azərbaycanfilm"də çalışıb, bir çox filmlərin dublyajında iştirak edib, "Şərikli çörək", "Sən nə üçün susursan?" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.
24 sentyabr 1952 - Əməkdar artist Xalidə Camal qızı Quliyeva (Qasımova) anadan olub. Filmləri: «Nəsimi» (Fatma), «Bakıda küləklər əsir» (Solmaz), «Tütək səsi» (Milli), «Xoşbəxtlik qayğıları» (Xalidə) və s.
25 sentyabr 1890 - Folklorşünas alim Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.
25 sentyabr 1913 - Teatr rəssamı Nüsrət Fətullayev (1913-1.10.1987) anadan olub. Uzun illər Milli Dram Teatrının baş rəssamı olub.
25 sentyabr 1913 - Yazıçı Şəmistan Yusif oğlu Əsgərov (1913-1985) anadan olub.
25 sentyabr 1935 - Ədəbiyyatşünas alim, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata) (1935 - 6.6.1997) anadan olub.
25 sentyabr 1946 - Müasir Azərbaycan poeziyasının tanınmış simalarından biri Nüsrət Yusif oğlu Kəsəmənli (1946-17.10.2003) anadan olub. 150-dək şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifıdir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.
25 sentyabr 1946 - Xalq artisti, opera müğənnisi Şahlar Quliyev anadan olub. 1975-ci ildən Opera və Balet Teatrının solistidir: «Leyli və Məcnun»da Nofəl, «Şah İsmayıl»da Aslan şah, «Arşın mal alan»da Süleyman, «Koroğlu»da Həsən xan və s.
25 sentyabr 1956 - Aktrisa Marina Litvinenko anadan olub. 1987-ci ildən Musiqili Komediya Teatrında çalışır. “Güllələnmə təxirə salınır!”, “Biz qayıdacağıq” filmlərinə çəkilib, “Bakılı oğlanlar” KVN teatrında çıxış edir.
26 sentyabr 1950 - Xalq artisti, kamança ifaçısı Fəxrəddin Əlisahib oğlu Dadaşov anadan olub. Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının konsertmeysteri, Milli Konservatoriyanın dosentidir.
26 sentyabr 1956 - Əməkdar artist Ramiz Soltan oğlu Məmmədov anadan olub. 1975-ci ildən Musiqili Komediya Teatrında çalışır. "Yaşıl eynəkli adam", "Qayınana əməliyyatı" və s. televiziya tamaşalarında, “Alma almaya bənzər”, “Yalan” və s. filmlərdə çəkilib.
26 sentyabr 1961 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897, Şuşa - 1961) vəfat edib. Xalq mahnıları, romanslar, operalarda baş partiyaların (“Koroğlu”da Koroğlu, "Əsli və Kərəm"də Kərəm və s.) unudulmaz ifaçısı olub. Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
26 sentyabr 1978 - Ukraynada “Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü” başlanıb.
26 sentyabr 2009 - Görkəmli dilçi alim, akademik Afat Qurbanov (10.1.1929-2009) vəfat edib.
Dünya
23 sentyabr 1901 - Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert, 1901-1986) anadan olub.
23 sentyabr 1920 - Amerika kinoaktyoru, ən uzunömürlü aktyorluq karyerasına görə (6 yaşından filmlərə çəkilib) «Ginnesin rekordlar kitabı»na düşən Mikki Runi (Mickey Rooney) anadan olub. Filmləri: “Tiffaninin yanında səhər yeməyi”,”Bu sərsəm, sərsəm, sərsəm dünya” və s.
23 sentyabr 1930 - Amerika cazmeni və pianoçusu Rey Çarlz (Raymond Charles Robinson; 1930-2004) anadan olub .
23 sentyabr 1938 - Məşhur aktrisa, Avstriya, Almaniya və Fransa kinosunun ulduzu Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty; 1938-1982) Vyanada doğulub. Filmləri; “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng”, “Trotskinin qətli” və s.
23 sentyabr 1943 - İspan müğənnisi Xulio İqlesias (Julio Jose Iglesias de la Cueva) anadan olub.
23 sentyabr 1949 - Amerika rok müğənnisi Brüs Sprinqston (Bruce Frederick Joseph Springsteen) anadan olub.
24 sentyabr 1896 - Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald, 1896 - 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.
24 sentyabr 1896 - Rus əsilli fransız yazıçısı Elza Triole (Elza Yuryevna Kaqan; 1896-1970) anadan olub.
24 sentyabr 1934 - İngilis fantast-yazıçısı Con Branner (John Kilian Houston Brunner, 1934-1995) anadan olub.
25 sentyabr 1765 - Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski, 1765-1833) anadan olub. Məşhur əsərləri: “Vətənlə vida” (polonez), “Zelida və Valkur və ya Bonapart Qahirədə” (opera) və s.
25 sentyabr 1881 - Müasir Çin ədəbiyyatının banisi Lu Sin (1881-1936) anadan olub.
25 sentyabr 1897 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1949) laureatı Uilyam Folkner (William Cuthbert Faulkner, 1897-1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.
25 sentyabr 1906 - Böyük rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 - 9.8.1975) anadan olub. “Burun”, “Msen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, “Moskva, Çeremuşki” operettası, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Konservatoriyasında Q.Qarayev, G.Sviridov kimi gələcəyin məşhur bəstəkarlarına dərs deyib.
25 sentyabr 1920 - Məşhur rus aktyoru və rejissoru Sergey Bondarçuk (1920-1994) anadan olub. Filmləri: “İnsanın taleyi”, “Hərb və sülh”, “Onlar Vətən uğrunda vuruşmuşlar” və s.
25 sentyabr 1944 - Amerika kinoaktyoru, prodüser, ssenarist Maykl Duqlas (Michael Kirk Douglas) anadan olub. Filmləri: “Qu quşunun yuvası üzərindən uçarkən” (“Oskar”, 1975, prodüser), “Uoll-Strit” (“Oskar”, 1987, aktyor), “Əsas instinkt” və s.
25 sentyabr 1952 - Məşhur ispan kinorejissoru Pedro Almodovar (Pedro Almodovar Caballero) anadan olub. İki dəfə “Oskar” mükafatı laureatıdır: “Anam haqqında hər şey” (1999), “Onunla danış” (2002).
26 sentyabr 1885 - Rus rəssamı Sergey Gerasimov (1885-1964) anadan olub.
26 sentyabr 1888 - Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Sternz Eliot (Thomas Stearns Eliot; 1888-1965) anadan olub. XX əsr modern poeziyasının parlaq nümayəndələrindən biridir.
26 sentyabr 1889 - Alman filosofu, ekzistensializmin görkəmli nümayəndəsi Martin Haydegger (Martin Heidegger, 1889-26.5.1976) anadan olub.
26 sentyabr 1923 - Rus kinorejissoru Aleksandr Alov (Lapsker; 1923-1983) anadan olub. Filmləri: “Qaçış”, “Polad necə bərkidi”, “Tehran-43”.
26 sentyabr 1934 - Rusiya aktyoru, SSRİ Xalq artisti Oleq Basilaşvili anadan olub. Filmləri: “Payız marafonu”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal”.
Hazırladı: Vüqar Orxan