Orta əsr müsəlman Şərqində fəlsəfi fikrin inkişafında müstəsna xidmətləri olan böyük mütəfəkkirlər yaşayıb. Onlardan biri də dahi alim, fəlsəfi fikir tariximizin nəhəng siması Əbülhəsən Bəhmənyar Azərbaycani olub.
   
   Şərqin bu görkəmli filosofu 993-cü ildə anadan olub. Əsli-nəcabəti barədə səhih məlumat olmasa da, orta əsr müəllifləri onun Azərbaycanda bir sənətkar ailəsində anadan olduğunu yazıblar. XI-XII əsrlər Azərbaycanın fəlsəfi fikri tarixinin ən uğurlu dövrü hesab olunur. Bu dövrdəki elmi və mənəvi yüksəliş ilk növbədə Əbülhəsən Bəhmənyarın və Nəsirəddin Tusinin adı ilə bağlıdır.
   Məxəzlərdən və elmi qaynaqlardan məlum olur ki, belə bir dövrdə Bəhmənyar İbn Sinanın şagirdi və davamçısı olub. Rəvayət olunur ki, İbn Sina bir gün dəmirçi dükanına gəlir. Ardınca da qapını bir uşaq açır və içəri daxil olur. Dəmirçidən köz istəyir. Usta deyir ki, bala, get, evdən qab gətir. Közü qaba qoyum sonra apar. Uşaq tez əyilib yerdən bir ovuc torpaq götürür və deyir: Közü buraya qoy! İbn Sina uşağın dərrakəsinə heyran qalır. Sonra uşağın valideynləri ilə görüşür. Razılıq alıb onu özünə şagird götürür. Həmin uşaq sonra dünyada məşhur olan həmin Bəhmənyar olub.
   O, Aristotel və İbn Sina mövqeyindən daim çıxış edib. Varlığı vacib və mümkün olan iki qismə bölüb. Onun fəlsəfəsində əqli idrak məsələsi də ətraflı şərh olunub. Ən məşhur kitabı üç hissədən - məntiq, metafizika və mövcudata dair məsələlərdən bəhs edən “Ət-Təhsil” əsəridir.
   Əbülhəsən Bəhmənyar xeyli vaxt İbn Sina ilə birgə çalışır. Aparılan elmi araşdırmalardan da belə qənaətə gəlinib ki, görkəmli alimin bir çox nailiyyətləri onun gənc Bəhmənyarla apardığı söhbətlər və mübahisələrdə ortaya çıxıb. İbn Sina bir müddət Bəhmənyara o dövrün əsas aparıcı elmlərindən ətraflı məlumatlar verir və istiqamətləndirir. Sonra şagirdinin müstəqil çalışmasına icazə verir. Şərqin ən məşhur mədrəsələrində dərs deməyə başlayan Bəhmənyar sonda vətəni Azərbaycana qayıdır və burada özünün on məşhur əsərlərini yazır. \"Metafizika elminin mövzusuna dair traktat\" adlı fəlsəfi əsərində Bəhmənyar qədim yunan və Roma filosoflarının əsərlərini təhlil edir. Onların nəticələrini XI əsr elmi səviyyəsindən yoxlayır və fərziyyələrinə qiymət verir. O, hərəkət, məkan və zaman anlayışlarının fəlsəfi şərhini verib. Onların vəhdətini bir-birindən ayrılmazlığını göstərib. \"Məntiqə dair zinət kitabı\" adlı digər əsərində o dövrdə fəlsəfənin tərkib hissəsi kimi təzəcə formalaşmağa başlayan məntiq və onun qanunlarını araşdırır və tərifini verir. Bəhmənyar özünə qədərki Şərq fəlsəfəsini dərindən öyrənir və onun nailiyyətləri ilə yaxından tanış olur. Məntiqdə anlayış, hökm, istiqlal anlayışlarını geniş işıqlandırır. “Mövcudatın mərtəbələri\" adlı növbəti fəlsəfi əsərində Bəhmənyar dünya, onun qanunlarını, yaranma və inkişafetmə səbəblərini araşdırır. İnsanın bu dünyada tutduğu yeri və oynadığı rolu nəzərdən keçirib. İdrakda hiss və rasional məqamların əlaqəsini verir.
   Bəhmənyarın etik baxışlarının toplandığı \"Gözəllik və səadət kitabı\", həmçinin bir çox təzkirələri də bizə gəlib çatıb. \"Musiqi kitabı\" adlı əsəri etik-fəlsəfi xarakter daşıyır. Onun İbn Sina ilə fəlsəfi yazışması hazırda Sankt-Peterburq və Daşkənd arxivlərində saxlanır. Bu məktublar onun bir filosof kimi necə püxtələşməsini, kamilləşməsini öyrənməyə imkan verir. Maraqlıdır ki, hələ sağlığında Bəhmənyarın əsərləri Şərq filosofları tərəfindən dərindən araşdırılıb və üzü köçürülərək çoxaldılıb. Bəhmənyar dühasının səsi-sorağı XIX əsrdə Avropaya gedib çıxır. Əsərlərinin bir qismi Almaniyanın Leypsiq şəhərində üzü köçürülərək çap edilir. XX əsrdə də aktuallığını itirməyən fəlsəfi əsərləri Tehranda və Qahirədə təkrar-təkrar nəşr olunur. Şərqin görkəmli alim və mütəfəkkirləri Əbül Abbas Ləvkəri, Əfzələddin Xünəci, Nəsirəddin Tusi, Siracəddin Urməvi fəlsəfə elmində özlərini Bəhmənyarın davamçıları sayıblar. Bəhmənyar 1066-cı ildə Cənubi Azərbaycanda vəfat edib.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar