Bu qənaəti Süleyman Sani Axundovun öz əsərləri, humanist, insani keyfiyyətlərlə zəngin əməlləri, həyatı doğurur.
   
   Elə 1918-ci ilə (Xalq Cümhuriyyətinə) qədərki şahlıq, xanlıq, ağa-bəylik dövrlərimizin ümumi mənzərəsi də belə bir müddəa hasil edir ki, ümummilli humanizm, demokratiya “bank”ımızda sənət-ədəbiyyat komalarımızın payı siyasət-rəyasət saraylarımızınkına nisbətdə daha çox, daha qabarıq olub.
   Və yaddaşlarda daha çox “Qorxulu nağıllar”ı (xüsusən “Qaraca qız”ı) ilə yaşayan bu ədibimizlə bağlı bir detal - qeyri-yaradıcı olsa da - mənə “hürkü”lü bir yarımbaşlıq diktə edir:
   
   Çox ədəbli ədib...
   
   Əlbəttə, “ədəbi-konstitusion” düşüncəlilərə qəribə görünəsi bu “qərib məntiq”imin nüvəsində onun adı ilə soyadı arasındakı ləqəb-təxəllüs dayanır. “Təkcə elə filan əsər filan sənətkarın tarixdə qalmasına kifayət edər” kimi qənaətlərdən yanaşsaq, bu faktın özü klassik ədiblərimizin - indiki halda Süleyman Sani Axundovun yüksək şəxsi mədəniyyətini, ictimai-irfani əxlaqını, xəlqi pedaqoqluğunu ehtiva edir.
   “Sani” - yəni ikinci (ərəbcə). Bu açmadan sonra, yəqin, ən “türkəçarə” oxucumuza da bəlli oldu ki, söhbət nədən gedir. Hər kəs bildi ki, “sani” (ikinci) birincini etiraf etmək, sayıb-sayğılamaq deməkdir. Burada nəzərdə tutulan birinci isə nəinki təkcə doğuluş-xronolojilik sarıdan, həm də dramaturgiyamızın bünövrəsini yaratmış Mirzə Fətəli Axundov!..
   Bəs əcəba, ikinci Axundovumuzun 136-cı ad gününü qutlamaq üçün qələmə aldığım bu yazıda məni birinci dərəcəli məsələ-mətləbdən “yayındıran” səbəbin səbəbkarları kimlər? Əlbəttə, müasir “ikinci”lər! “Çil toyuğun tək yumurtası” (S.Vurğun) “irs”li bu “ədib” və “publisist”lər öz populyarlaşma cəhdlərini istedadlarıyla yox, istemallarıyla həyata keçirməyə çalışırlar. Özü də öz imzalarına ilkin mənbə ilə ilgili heç bir ştrix əlavə etmədən. Yəni lətifliyi və lətifəsi birincilərdən çox uzaq “sani”liklərlə. Hətta, dövri (və açılmamış bağlanan fövri) mətbuatda müasir ədəbiyyatımızın canlı klassiklərinin - monoadla bütün dünya oxucusuna bəlli Elçin (Əfəndiyev) və Anar (Rzayev) kimi məşhur ədiblərimizin imzalarına sırınmaqdan da çəkinmirlər.
   Deyirəm, bəlkə, bu “bənzəmə yaradıcılığı”nın, “cəsarət istedadı”nın bir səbəbi də başları böyük ədəbiyyat və təşkilat təsərrüfatlarına qarışmış birincilərin “sani”lik - ikincilik (əslində iyirmincilik, yüzüncülük) iddialı “yaradıcı”lara heç vaxt baş qoşub, reaksiya verməyəcəklərinə əminliklərilə də bağlıdır? Mümkündür. Amma ədəbiyyat, mədəniyyət mətbuatı bu kimi neo-mentallığın - qalan kitablar yaradıb getmiş qədim Axundovlar mədəniyyəti ilə qalın “kitablar” istehsal edib “Biləcəridən o yana” getməyəsi müasir “sani” mirzələr arasındakı ən azı etik baxımdan yer-göy fərqinin farkında olmağı özlərinin ədəbi-müqəddəm borcu hesab etməlidir.
   
   Uzun və yaxşı yollar yolçusu
   
   Şuşada bəy ailəsində doğulan Süleyman taleyin “qara camaat” hekayətlərini daha çox yaşamalı olub. Elə məhz buna görə də onun hekayələrində, pyeslərində rəiyyət qoxusu bəylik ətrindən daha artıq duyulur. On doqquz yaşında Qori Müəllimlər Seminariyasını bitirib ömrünün sonunadək əsasən jurnalistika ilə məşğul olmuş Süleyman Sani ədəbiyyatımızda əbədi iz salan əsərlərin də müəllifidir.
   Onun qələm çərxini “tərsinə dövran etdirən” bolşeviklərin gəlişinədək o, artıq, Azərbaycanın say-seçmə ədiblərindən idi. 1899-cu ildə qələmə aldığı ilk bədii əsərin - “Tamahkar”ın, 1906-cı ildə nəşr edilmiş “İkinci il” adlı dərsliyin, 1912-13-cü illərdə yazdığı beş hissədən ibarət məşhur “Qorxulu nağıllar” kitabının müəllifi kimi tanınır və sevilirdi.
   Şirin və təsirli qələmindən çıxmış və təkrar-təkrar çap olunmuş “Qorxulu nağıllar” “silahı”ndan ehtiyat edən sovetlər onu “tiraj cəbhəsi”ndən ayırmaq məqsədilə Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif müdiri vəzifəsinə “irəli” çəkirlər. Lakin anadan yazıçı-publisist kimi doğulmuş Süleyman Saninin qələmi orada da dinc durmur. Əsasən çarizm kasıbçılığı və haqsızlıqlarından bəhs etdiyinə görə “Qorxulu nağıllar” müəllifini az da olsa bəyənən sovetizm ideoloqları “izləmə” əməliyyatına başlayırlar. Görürlər ki, inqilaba qədərki “Yuxu”, “Kövkəbi hürriyyət” hekayələrində, “Türk birliyi”, “Dibdat bəy” pyeslərində toxunduğu mətləblərin bəzi sədaları sonrakı əsərlərindən də eşidilməkdədir. Elə məhz buna görə idi ki, hələ 1922-ci ildə yaradılmış və “əfkari ümumiyyə” rəyi ilə məhz onun sədr seçildiyi “Ədib və şairlər ittifaqı” heç bir il çəkməmiş qapadılmışdı. Onun DQMV-də müdirliyinin də ömrü uzun olmayıb. “Buradakını oradakına köçürmək” priyomu ilə Çindəki İngilis müstəmləkəçiliyi əleyhinə yazdığı “Mister Qreyin köpəyi” əsəri Süleyman Saninin həm ədəbi, həm siyasi aləmdə ikinci, üçüncü sıralara itələnməsinə səbəb olur.
   Bunlarla yanaşı, Süleyman Sani Axundovun - belə demək mümkünsə, yalnız sənətə, ədəbiyyata işləyən əsərləri də vardır ki, heç bir siyasi quruluş onların üzərinə kölgə sala bilməz. “Məktəb jurnalı”nı nəşrə hazırlayan kollektiv ən çox Süleyman Sani qələminə güvənirdi. Bu yuxa qəlbli, ata-baba nəvazişli ədibin düşüncələri yiyəsiz qalmış millətin sabahını qurası uşaqları öyə-öyə göyə qaldırası süjet və mövzularla dolu idi. Ədib perspektiv yönəli arzu və istəklərini bu jurnalda çap etdirdiyi “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” kimi hekayələrində əks etdirirdi. O, sovetlər dövründə yazdığı “Laçın yuvası”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şeytan” kimi əsərlərində də beş məlum “yaman”ı tərifləyirdisə, onların gözünə qatıb üç də “məchul”u öyürdü. “Eşq və intiqam” pyesində bu iki insani duyğunu sənət tribunasından danışdıran dramaturq tamaşaçını yeri gəldikcə zəruri susqunluğa da səsləyir. “Şahsənəm və Gülpəri”, “İki yol”, “Ümid çırağı”, “Qatil cocuq”, “Namus”, “Qan bulağı” hekayələrində əzəli və əbədi sənət dili, sənət üslubuyla oxucunu dünyanın əzəli və əbədi olayları ilə tanış edir.
   Bu yazıya “Qaraca qız” filmini sevən, qiymətləndirib dəyərləndirən bütün xalqımız adından belə bir arzumu da əlavə edim ki, kinematoqraflarımız Süleyman Sani Axundovun tər-təmiz uşaq ürəkli, körpə demokratiyalı yaradıcılığına bir daha müraciət etsələr, nə özləri qənimətsiz qalar, nə də sehrli söz-göz sənəti olan kinomuz...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar