18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 1991-ci ildə Sovet İttifaqının süqutu nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da müstəqilliyini elan etdi. Xalqımız XX əsrdə ikinci dəfə istiqlala, milli dövlətçiliyə qovuşdu.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi. Oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Konstitusiya Aktında qeyd olunurdu ki, müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Azərbaycanın müstəqilliyini bərpa etməsi keçmiş SSRİ məkanında və ondan kənarda cərəyan edən böyük tarixi proseslərin nəticəsi olsa da, xalqımızın müstəqillik yolu heç də rəvan olmadı, ilk günlərdən böyük çətinliklərdən keçdi. Bu mübarizə yolunda böyük öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanan siyasi proseslər müstəqillik tariximizin mühüm səhifəsini təşkil edir. 1990-cı ilin iyulunda Moskvadan Naxçıvana gələn böyük dövlət xadimi Heydər Əliyev həmin ilin sentyabrında Naxçıvan Ali Məclisinin deputatı seçildi. 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən ilk iclasında müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul olundu. Xalqımızın müstəqillik mübarizəsi 11 ay sonra Azərbaycan parlamentində Konstitusiya Aktının qəbulu ilə məntiqi nəticəyə çatdı. Dövlət müstəqilliyinin elan olunması Azərbaycanda milli dövlətçiliyin bünövrəsinin qoyulması demək idi. “1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı cox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapmışdır”, - deyə ulu öndər Konstitusiya Aktının əhəmiyyətini yüksək qiymətləndirmişdi.
Konstitusiya Aktında qeyd olunurdu ki, Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi dövlətdir. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə, onun qanunlarına tabe olan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Siyasi hakimiyyət xalqa məxsusdur. Azərbaycanın dövlət müstəqilliyini ilkin olaraq Türkiyə (9 noyabr 1991), sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991) və başqa dövlətlər tanıdı.
1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi. 1993-cü ilin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi 100-dən artıq dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu.
Müstəqilliyin əldə edilməsi xalqımız üçün nə qədər böyük tarixi nailiyyət idisə, onun qorunub-saxlanılması bir o qədər mühüm idi. Milli dövlətçiliyimizin qorunub-möhkəmləndirilməsi, Azərbaycan dövlətinin qazandığı uğurlar ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Milli liderin dövlətçilik konsepsiyasını uğurla davam etdirən prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir. Azərbaycanın ötən 20 ildə əldə etdiyi nailiyyətlər, həyata keçirilən məqsədyönlü siyasət əminliklə söyləməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaqdır.
Günel Babayeva,
Səbail rayon MKS-in Mərkəzi Kitabxanasının kitabxanaçısı