Azərbaycan
   
   18 oktyabr 1918 - Görkəmli ədəbiyyatşünas alim, Azərbaycanda mifologiya elminin yaradıcısı Mirəli Seyidov (1918-1992) İrəvanda anadan olub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı", "Qan-Şaman və onun qaynaqlarına ümumi baxış" və digər kitabların müəllifidir.
   18 oktyabr 1949 - Tanınmış rejissor, aktyor Vaqif İbrahimoğlu (Vaqif İbrahim oğlu Həsənov; 1949 - 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. 1982-1989-cu illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında tamaşalar hazırlayıb. Türkiyədə (Ankara, Bursa teatrları), Estoniyada («Uqala» teatrı) tamaşalara quruluş verib. 1989-cu ildə «Yuğ» Teatrını yaradıb və ömrünün sonunadək ona rəhbərlik edib. Bir sıra filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.
   18 oktyabr 1991 - Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi gündür. Həmin gün Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə parlamentin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub. 6 fəsil, 32 maddədən ibarət sənədin preambulasında 1918-1920-ci illər Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi qeyd olunur, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.
   
   19 oktyabr 1898 - Tanınmış ədəbiyyatşünas alim, professor, akademik Feyzulla Qasımzadə (1898 - 29.3.1976) anadan olub.
   19 oktyabr 1937 - Tanınmış dirijor, professor, Xalq artisti Rauf Abdullayev anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur.
   19 oktyabr 1972 - Məşhur opera müğənnisi Fatma Muxtarova (26.3.1893-1972) vəfat edib. Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. Rostovda, Peterburqda yaşayıblar. 1938-ci ildə Bakıya gəlib. Dövlət Opera və Balet Teatrının solisti olub.
   
   20 oktyabr 1141 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvinin (İlyas Yusif oğlu Nizami, 1141-1209) doğum günü hesab olunur (dəqiq təvəllüd tarixi məlum deyil). Gəncədə doğulan və burada yaşayıb-yaradan Nizaminin «Xəmsə»si ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.
   20 oktyabr 1910 - İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (20.10.1910 - 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
   20 oktyabr 1913 - Tanınmış şair Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə, 1913-27.9.1977) İrəvan şəhərində anadan olub. Bir çox ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belorus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
   20 oktyabr 1922 - Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 - 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyib.
   20 oktyabr 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) latın əlifbasının ərəb əlifbası ilə bərabər hüquqa malik olması haqqında dekret verib. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. Latın qrafikalı Azərbaycan əlifbası 1929-cu ildən tam tətbiq olunmağa başladı və 1939-cu ilədək qüvvədə oldu.
   20 oktyabr 1940 - İctimai-siyasi xadim, publisist, dramaturq, filologiya elmləri doktoru Həsən Həsənov Tiflisdə doğulub. Azərbaycan KP MK-nın katibi (1981-1990), respublikanın baş naziri (1990-1992), BMT-də ilk daimi nümayəndəsi (1992-1993), xarici işlər naziri (1993-1998) olub. 2004-cü ildən yenidən diplomatik fəaliyyətdədir. M.F.Axundovun həyatından bəhs edən. "Brüsseldən məktublar" pyesinin, nəsr əsərlərinin, Nəriman Nərimanov haqqında monoqrafiyanın müəllifidir.
   
   Dünya
   
   18 oktyabr 1859 - Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı (1927) laureatı Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiys və yaddaş” .
   18 oktyabr 1894 - Rus yazıçısı, dramaturq və ədəbiyyatşünas Yuri Tınyanov (1894-1943) anadan olub. Romanları: “Kyuxlya”, “Vəzir-Muxtarın ölümü”, “Puşkin” və s.
   18 oktyabr 1925 - Məşhur yunan aktrisası Melina Merkuri (Melina Mercouri, 1925-1994) anadan olub.
   18 oktyabr 1926 - Amerika müğənnisi və bəstəkarı, rok-n-rollun ilk ifaçılarından biri Çak Berri (Edward Anderson Berry) anadan olub.
   18 oktyabr 1926 - Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub. Filmləri: “Patton” (“Oskar” mükafatı), “12 qəzəblənmiş kişi” və s.
   18 oktyabr 1934 - Rus fantast-yazıçısı Kir Bulıçev (əsl adı İqor Mojeyko; 1934-2003) anadan olub. Əsərləri: “Böyük Quslyar”, “Xronos çayı” serialları, “Agent KF”, “Gürzə” əməliyyatı” romanları və s.
   18 oktyabr 1960 - Belçika əsilli Amerika aktyoru, kinorejissor Jan Klod van Damm (Jean-Claude Van Damme) anadan olub. Filmləri: “Qanlı idman”, “İkiqat zərbə”, “Universal əsgər”, “Çətin hədəf” və ş.
   
   19 oktyabr 1433 - İtalyan mütəfəkkiri, erkən İntibahın görkəmli nümayəndəsi Marsilio Fiçino (Marsilius Ficinus - Marsilio Ficino, 1433-1499) anadan olub.
   19 oktyabr 1862 - Dünya kinosunun baniləri sayılan fransız Lümyer qardaşlarından Ogüst Mari Nikola Lümyer (Auguste Louis Marie Nicholas Lumiere; 1862-1954) anadan olub.
   19 oktyabr 1899 - Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias, 1899-1974) anadan olub. Əsərləri: “Senyor Prezident”, “Dəfn olunmuşların başçısı” və s.
   19 oktyabr 1918 - Rus şairi, dramaturq, ssenarist Aleksandr Qaliç (Ginzburq) (1918-1977) anadan olub.
   19 oktyabr 1931 - İngilis detektiv yazıçısı Con le Karre (John le Carre - David John Moore Cornwell) anadan olub.
   19 oktyabr 1952 - Meksika aktrisası Veronika Kastro (Veronica Castro) anadan olub. “Varlılar da ağlayırlar” serialı ilə məşhurlaşıb.
   
   20 oktyabr 1854 - Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud, 1854-1891) anadan olub.
   20 oktyabr 1905 - Amerikalı yazıçı, məşhur detektiv əsərlər müəllifi Frederik Danney (Frederick Dannay - Daniel Nathan, 1905-1982) anadan olub.
   20 oktyabr 1917 - Fransız kinorejissoru Jan-Pyer Melvil (Jean-Pierre Melville - Grumbach; 1917-1973) anadan olub. Filmləri: “Samuray”, “Kölgələr ordusu”, “Qırmızı dairə” və s.
   20 oktyabr 1919 - Məşhur başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.
   20 oktyabr 1927 - SSRİ Xalq artisti, rus aktyoru və rejissoru İqor Oleqoviç Qorbaçov (1927-2003) anadan olub. Filmləri: “Trest” əməliyyatı”, “Odun ram edilməsi” və s.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar