Zəngilan rayonunun işğalından 18 il ötür
Oktyabrın 29-da Azərbaycanın Zəngilan rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 18 ili tamam olur.
Erməni silahlı qüvvələrinin 1993-cü il oktyabrın 24-25-də başlanan genişmiqyaslı hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı ilə başa çatıb. Zəngilan ermənilərin Dağlıq Qarabağ ətrafında işğal etdiyi sonuncu, sayca 7-ci rayon oldu. Rayonun 707 kv km-lik ərazisi (rayon mərkəzi və 90-dək yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib, 35 min insan didərgin düşüb. Erməni təcavüzü zamanı rayonun 200-dək sakini həlak olub.
Rayonda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu, habelə dəmiryolu deposu işğal zamanı məhv edilib.
Zəngilandakı tarixi yerlər, qalalar, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri bölgənin qədim keçmişindən xəbər verir. Bu tarixi-mədəni sərvət erməni işğalçıları tərəfindən talan edilib.
Zəngilan çinarlar diyarı kimi də tanınırdı. Rayonun ərazisində, Bəsitçayın dərəsində Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdi (1974). Dünyada çinarın 7 növü var. Azərbaycanda onun bir növü - Şərq çinarı yayılıb. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın «Qırmızı Kitabı»na yazılıb.
Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Hazırda Zəngilanda ermənilər tərəfindən ekoloji terror siyasəti yürüdülür, bölgənin zəngin çinar meşələri məhv edilir, təbii ehtiyatları mənimsənilir.