Azərbaycan
   
   1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» (ərəbcədən «gerçəyi dərk etmək») jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. Jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər qabaqcıl ziyalılar çıxış edirdilər. Jurnalın 32 sayı işıq üzü görüb.
   1 noyabr 1939 - Tanınmış şair, publisist Məmməd İsmayıl (Məmməd Mürşüd oğlu İsmayılov) anadan olub. 1992-1993-cü illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinə (AzTV) rəhbərlik edib.
   1 noyabr 1940 - Xalq artisti Elmira Şabanova Bakıda anadan olub. İncəsənət İnstitutunda əvvəlcə aktyorluq, sonra rejissorluq fakültəsində təhsil alıb. Teatrda, televiziya tamaşaları və kinoda (“Səhər”, “Əsl dost”. “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Gecə qatarında qətl”, “Təhminə” və s.) yaddaqalan obrazlar yaradıb.
   1 noyabr 1944 - Əməkdar artist Səmayə Məmməd qızı Musayeva Qax rayonunda anadan olub. Musiqili Komediya Teatrında işləyib. Televiziya tamaşalarına və filmlərə (“Tütək səsi”) çəkilib.
   1 noyabr 1947 - Əməkdar artist Telman Rüstəm oğlu Əliyev Şuşa şəhərində doğulub. Gəncə Dövlət Dram Teatrında çalışıb, 2000-ci ildən Akademik Milli Dram Teatrında işləyir. «Yük», «Bizi dağlarda axtarın» filmlərinə çəkilib.
   1 noyabr 1949 - Səs operatoru Tatyana Kərimova anadan olub. "Azərbaycanfilm" kinostudiyasında “Qəm pəncərəsi”, “Qətl günü” və s. filmlərin səs operatoru olub.
   1 noyabr 1952 - Əməkdar artist Elxan Əlibala oğlu Quliyev anadan olub. Akademik Milli Dram Teatrında çalışır, “Sevinc buxtası", "İstintaq" filmlərində çəkilib.
   1 noyabr 1956 - Rejissor Yavər Rzayev anadan olub. Bir neçə sənədli və bədii filmin (“Sari gəlin”, “İlahi məxluq”) rejissorudur.
   
   2 noyabr 1934 - Tanınmış şair Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı) Salyan rayonunun Qalalı kəndində doğulub.
   2 noyabr 1937 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 - 18.11.2000) anadan olub. Yüzlərlə populyar mahnının müəllifidir, televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Yaramaz”, “Ölsəm... bağışla” və s.
   2 noyabr 1988 - Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 - 1988) vəfat edib. 1938-ci ildən Milli Dram Teatrında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.
   2 noyabr 1994 - Ankarada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubiley tədbiri keçirilib. Tədbirdə prezident Heydər Əliyev iştirak edib.
   2 noyabr 1997 - Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub.
   
   3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22. 3. 1913 - 1983) vəfat edib. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (Fəhlə Uşaq Teatrı idi) kollektivində fəaliyyətə başlayıb. 1961-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Məşədi İbad), "Sehrli xalat" (Xan), "Görüş" (Şıxəli), "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" (Məmmədxan), “Bizim Cəbiş müəllim” (Əbülfəz) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   5 noyabr 1948 - Satirik şair Baba Pünhan (1948 - 17.4.2004) anadan olub.
   5 noyabr 1952 - Filologiya elmləri doktoru, professor Vilayət Quliyev anadan olub. Xarici işlər naziri işləyib (1999-2004), hazırda Azərbaycanın Macarıstanda səfiridir.
   5 noyabr 2001 - Xalq artisti, tanınmış aktyor Eldəniz Zeynalov (1.1.1937 - 2001) dünyasını dəyişib. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   
   Dünya
   
   1 noyabr 1636 - Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux, 1636 - 13.3.1711) anadan olub.
   1 noyabr 1781 - Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler, 1781-1854) anadan olub.
   1 noyabr 1896 - İngilis şairi, yazıçı Edmund Blanden (Edmund Charles Blunden, 1896-1974) anadan olub.
   1 noyabr 1904 - Amerika kinoaktrisası Laura La Plante (1904 - 1996) anadan olub.
   1 noyabr 1967 - Amerika müğənnisi, bəstəkar, rəssam Sofi Ballantin (Sophie Ballantin Hawkins) anadan olub.
   
   2 noyabr 1699 - Fransız rəssamı Jan Batist Simeon Şarden (Jean Baptiste Simeon Chardin, 1699-1779) anadan olub.
   2 noyabr 1906 - Rus şairi, yazıçı, filosof, teoloq Daniil Leonidoviç Andreyev (1906-1959) anadan olub.
   2 noyabr 1906 - İtalyan kino və teatr rejissoru, ssenarist Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Ən gözəl”, “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti”, “Leopard” və s.
   2 noyabr 1913 - Amerika kinoaktyoru, “Oskar” laureatı Bert Lankaster (Burton Stephen Lancaster, 1913-1994) anadan olub.
   2 noyabr 1950 - İrland əsilli Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw, 26.7.1856 - 1950) vəfat edib. “Kandida”, “Piqmolion”, “Qəlblərin sındığı ev”, “Milyoner arvadı”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti” , “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.
   2 noyabr 1965 - Məşhur hind aktyoru Şahrux Xan (Shahrukh Khan) anadan olub. Əslən puştun, dini etiqadına görə müsəlmandır. Filmləri: “Dəlisov məhəbbət”, “Ölümlə oyun”, “Qaçırılmamış gəlin” və s.
   
   3 noyabr 1797 - Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Dekabristlər üsyanında (1925) iştirakına görə Qafqaza sürgün olunub. Azərbaycanda olub, yazıçı-dramaturq Mirzə Fətəli Axundovla dostluq edib. Azərbaycan dilini öyrənib, Axundovun Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması”nı ruscaya tərcümə edib. Yazıçının “Molla Nur” povesti Azərbaycan Xalq qəhrəmanı Molla Nurun həyatından bəhs edir.
   3 noyabr 1801 - İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
   3 noyabr 1801 - Alman naşiri, ilk dəfə dünya ölkələri üzrə səyahət kitabları çap edən nəşriyyatın qurucusu (1827, Koblens) Karl Bedeker (Baedeker; 1801-1859) anadan olub.
   3 noyabr 1869 - Məşhur rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartold (1869-1930) anadan olub. İslam dini tarixinə dair əsərlərin müəllifidir. “Kitabi Dədə Qorqud” dastanını rus dilinə tərcümə edib. 1924-cü ildə Azərbaycan Dövlət Universitetində “Türk-tatar xalqları tarixi” kursundan mühazirələr oxuyub.
   3 noyabr 1871 - Alman yazıçısı və şairi, mistik əsərlər müəllifi Hans Heyns Evres (1871-1943) anadan olub.
   3 noyabr 1887 - Rus şairi Samuil Marşak anadan olub.
   3 noyabr 1901 - Fransız yazıçısı, kulturoloq Andre Malro (Andre Malraux; 1901-1976) anadan olub. “Kral yolu”, “Nifrət illəri”, “Qara üçbucaq” romanlarının müəllifidir. Fransanın mədəniyyət naziri işləyib.
   3 noyabr 1924 - Rus dramaturqu, nasir və ssenarist Leonid Zorin (Zalsman) Bakıda doğulub. Pyesləri: “Dekabristlər”, “Xəyanət”, “Tacqoyma” və s.
   3 noyabr 1927 - Polşa aktyoru, ölkəsinin “Milli qəhrəmanı” adına layiq görülmüş Zbiqnev Sıbulski (Zbigniew Cybulski, 1927-1967) anadan olub. Filmləri: “Kül və almaz”, “Günahsız sehrbazlar”, “Necə sevimli olmalı” və s.
   3 noyabr 1931 - İtalyan aktrisası Monika Vitti (Maria Louisa Ceciarelli) anadan olub. Filmləri: “Al qadın”, “Mehmanxana nömrəsi” və s.
   
   4 noyabr 1575 - Görkəmli italyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub.
   4 noyabr 1923 - Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner, 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, film ssenarilərinin müəllifidir. Əsərləri (“Qara qayıqlar buxtası” və s.) dünyanın 20-dən çox dilinə tərcümə olunub.
   4 noyabr 1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunub.
   4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatının - UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başladığı gündür. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 20 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Hazırda UNESCO-nun 194 üzvü var, təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.
   4 noyabr 1956 - Məşhur rus müğənnisi, şair və bəstəkar İqor Talkov anadan olub. 1991-ci il oktyabrın 6-da qətlə yetirilib.
   
   5 noyabr 1878 - Rus (polyak əsilli) yazıçısı və dramaturqu Mixail Arsıbaşev (1878- 3.3.1927) anadan olub. 1923-cü ildə Polşaya mühacirət edib. Əsərləri: “Sanin”, “Ən son həddə” romanları, “Qısqanclıq”, “Vəhşilərin qanunu” pyesləri və s.
   5 noyabr 1913 - Məşhur ingilis aktrisası Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub. “Küləklə sovrulanlar” filmində Skarlett roluna görə “Oskar” mükafatına layiq görülüb.
   5 noyabr 1934 - Tanınmış Rusiya və Ukrayna kinorejissoru Kira Muratova anadan olub. Filmləri: “Qısa görüşlər”, “Astenik sindrom” və s.
   5 noyabr 1938 - Dünya şöhrətli fransız (yəhudi əsilli) müğənnisi və bəstəkarı Co Dassen (Joe Dassin - Joseph Ira Dassin; 1938-20.8.1980) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar