M.F.Axundzadə - 200
Azərbaycan dramaturgiyasının banisi, aldanmamış kəvakibi...
O, Kəmalüddövlə yazdığı fəlsəfəsi ilə bizi “şanlı məktub”lar primitivizmindən xilas etdi. Altı böyük sənət pərdəsilə Məşədi İbad-Sərvər dialoqluğumuz arasındakı put daş hasarları götürdü. İmperiya hərbindəki qılınc-qalxan, top-tüfəng fərasətimizə dəftər-qələm, intellekt fəhmi də əlavə etdi. Bütün bunları doğuran kəs iki yüz əvvəl doğuldu...
1812-ci il
Bu, bizim ilk dramaturqumuzun - xalqın ictimai durum, fəlsəfi düşüncə tərzi-hərəkətini, milli dərd-sər «ərizə»sini ərz edən ilk (şair Mirzə Şəfimiz bizi əfv edər) mirzəmizin və bir az fərqlə, milli dramaturgiyamızın təvəllüd tarixçəsidir. Elə bir milli-önəmli tarixçə ki, xalqımız onu ənənəvi «yubiley formatı»na nisbətdə daha üstün statusla - 2 il boyunca qutlayır. Məhz bu məqsədlə dövlət başçısı İlham Əliyev 2010-cu il aprelin 13-də Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin bu format və müddət tutumunda qeyd olunması barədə sərəncam imzalayıb.
Teatral-medial «monoloq»
“Kuzə dilə gəlib söylədi; mən də, Sənin kimi idim - düşdüm bu günə”. “- Nə qül-qül? - Qül-qülü badə”. “- Qürbətdə deyirdin Zülali, vətənim var, Ensin gözünə qarə su, Ağsu vətən oldu!” və s. Bunlar bizim həyat səhnələrimiz idi. Əsl həyat-sənət səhnələrimiz isə...
Lakin, sən demə, bu lirik qüdrətli, epik xislətli xalqın üzünə Mirzə Fətəli namında dram seli də gəlirmiş...
Tarixən bu xalqın əliqələmlisi az olmasa da, ədəbiyyat tarixmizdə özünə əbədilik qazanmış üç «Mirzə» var: Mirzə Fətəli, Mirzə Ələkbər, Mirzə Cəlil. Bütün istedad və vaxtlarını «ahu-zari yar»a sərf edib, qələmlərini gül-bülbül ağaclarına çevirənlərə öz həyati məntiqiylə «dur!» deyən ilk Mirzəmiz «Kəmalüddövlə məktubları» ilə dünyaya Azərbaycanın fəlsəfi və bəşəri-dramaturji düşüncə tərzi haqda da mesaj verdi. Ondan sonrakı Mirzəmizin timsalında bu sayaq mesajlar elə bizdən-bizə gəlirdi: «... hələ avtomobil minməyiriz». Amma həm də «Çırmanırıq keçməyə çay gəlməmiş». Hələlik sonuncu Mirzəmiz isə, tutalım, növbəti şedevrinə (xristian Qoqola müsəlmani rəhmət diləyəndən sonra) ustad bir təvazökarlıqla belə bir epiqraf verirdi: «Biz də öz dağarcığımızı çəkək çuvallar cərgəsinə»...
Bir sözlə, bu dahi üçlük Azərbaycanın ədəbi-bədii, ictimai-fəlsəfi, milli-mənəvi bəyan mədəniyyətinin təkrarsız təmsilçisi, özgürlük avtoqrafıdır. Onların hər biri ilkinlik, banilik məqamına qalxıb, öz xalqını çoxdan bəri sivilizasiya səfərinə çıxmış dünya karvanına qoşandır.
Mirzə Fətəli baniliyilə - yəni dramaturgiyamızla bağlı tarix göstərimiz az müddət deyil. Amma heç çox da deyil; o çağadək, artıq, dünya səhnələri «Olum, ya ölüm?!» xitab-nidalı monoloqlar söyləyir, «Homer, yoxsa Axilles?” kimi sual-dilemmalar doğurur, “- Homer qələbənin sözüdür... - Axilles isə özüdür!» dialoqları qurur, «Görəsən, ölüm Taleyranın nəyinə gərəkmiş?..» kimi fəlsəfi frazalar toxuyurdu.
Zəmani-dünyanın bu halında -
Bizim əhvalımız
(1 pərdəli, 2 şəkilli publisistik “pyes”)
Təbii ki, remarkalardan, “iştirak edənlər”dən xali. Yəni, o çağadək həmin o bizsiz dramatik dünyanın sənət tarixi dekorasiyasına yaxşı nəzər etdikdə bu da görsənir ki, əsrlərlə həyatdan çox, həyət səhnələrinə cəlb edilmiş Azərbaycan xalqı teatral səhnə aktına geciksə də, sənətin bu ən diri, dinamik meydanı üçün çoxlarından daha maraqlı faktlara, həyati-psixoloji, fəlsəfi-kulturoloji materiallara malik olub. Amma o vaxtadək məhəlli «qaravəlli»lərdən, «kos-kosa»lardan başqa heç nəyə baxmağa macal tapmamış bir xalqın xüsusi texnika, intellekt, etik-estetik hazırlıq təmrinləri tələb edən teatra maraq göstərib-göstərməyəcəyi ehtimalına bir ipucu görsənmədiyi halda səhnə əsəri yazmaq asanmı milli-məcnunluq idi? Böyük Mirzə Fətəli bu çətinliyin üstündən xətt çəkib, altı möhtəşəm pyes qələmə aldı. Hamısını da, dəftər-qələmdən uzaq salınmış bir xalqın nitqinə bab adlandırdı. Onlardan üçü - bu qədər dramatik nüvəyə malik ola-ola, tam nəqli bir ifadə («hekayəti...») ilə başlayır ki, bu da bizə bir “hekayəti Mirzə - 1” bəhsi nəql edir. Bəri başdan da deyim ki, neçə onilliklər boyu addım-addım inkişaf edib, tərəqqiyə çatıb “hazıra nazir” olaraq qəbul etdiyimiz o pyeslərin hansı ictimai səviyyə mühitində yazılması məsələsi bu hekayətin məğzi hesab edilməlidir.
Bu unikal əsərlərin başa gəlməsi öz yerində, Mirzə Fətəlinin həyatı heç də onun pyeslərindən az dramatik, kəşməkəşli olmayıb. Açıq etiraf etməsə də, əsərlərindəki bəzi nüanslardan, haqqında yazılmış monoqrafiya və məqalələrdən belə bir motiv də keçir ki, o, çar Rusiyasının paqonunu çiyinlərində bir rütbə göstəricisindən əlavə, bir etnik sıxıntı, müstəm”ləkə” göstərisi kimi də daşıyırmış. Hələ bu da var ki, bu rütbə - polkovnik çini ona 59 yaşında, 37 il xidmət etdikdən sonra verilmişdi. Böyük yazıçı-dramaturqun ictimai-siyasi, milli-mənəvi gərginliklərlə dolu qəlbinə dalbadal vəfat edən səkkiz uşağının kədər-qəmini də əlavə etsək, onun əli ilə yazılası daha neçə-neçə gözəl əsərlərdən məhrum olduğumuz haqda xəyali qənaətlərimizi reallaşdırmış olardıq...
1812-ci ildə Şəkidə anadan olmuş Mirzə Fətəlinin ailəsi 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçür. Dolanışıq çətinlikləri bu ailəni Güney Azərbaycanın müxtəlif bölgələrini gəzib-dolanmağa məcbur edir. Atası Mirzə Məhəmmədtağının vaxtsız vəfatı Fətəlinin xeyli dərəcədə təbii həyat axarını həddən çox dəyişdirir. O, 1825-ci ildə - 13 yaşında ikən anası Nanə xanımla Şəkiyə qayıdır. Anasının əmisi Axund Hacı Ələsgərin qayğı və nəzarəti altına keçir. Fətəlinin ruhani olmasını istəyən Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır.
Gələcəyin materialist filosofu, ictimai xadimi, yazıçı-dramaturqu - gənc Fətəli qədim Gəncədə məntiq və fiqh elmlərini, habelə ünlü Azərbaycan şair və filosofu M.Ş.Vazehdən xəttatlıq sənətini öyrənir. Əslində, gənc Mirzə Fətəli ilə müdrik Mirzə Şəfi münasibətləri yalnız xəttatlıq sənətini öyrənib-öyrətmə dairəsilə məhdudlaşmır. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, bir mütəfəkkir kimi yetişib-formalaşmasına çox önəmli təsir göstərir.
Fəal zehni qabiliyyət və müasir elm-bilik üfüqləri. Birincinin daşıyıcısı olan Mirzə Fətəli ikinciyə çox dərin maraq göstərdiyindən, 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur. Burada bir il təhsil aldıqdan sonra - 1834-cü ildə Tbilisiyə gedir. Tale onu Qafqaz canişinliyinə gətirib çıxarır və baş dəftərxanada mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur.
Ömrünün sonunadək (1878) bu vəzifədə çalışan Mirzə Fətəli Axundzadəyə ölümündən beş il əvvəl polkovnik rütbəsi verilmişdi. Bu rütbənin verilməsini imzalayan o hansısa çar generalı hardan biləymiş ki, bir neçə ildən sonra xalqı onu sənət generalı,
133 il sonra isə
ədəbiyyatımızın, dramaturgiyamızın marşalı kimi qutlayacaq. Şöhrətli teatrlarımız, adlı-sanlı rejissorlarımız onun əsərlərini yeni-yeni quruluşlarda, müasir traktovkalarda tamaşaçılara təqdim edəcək.
Deməli, bizim böyük və ilk milli Mirzəmizə «ölümündən əvvəl», «ölümündən sonra» kimi təyin-tamamlıqlar uyğun gəlmir. Necə ki, onun bünövrəsini qoyduğu azad düşüncə tərzi bugünümüzün ən aktual ideoloji elementlərindəndir. Necə ki, onun da ciddi məqalələrlə çıxış etdiyi «Əkinçi» qəzeti bugünkü mətbuatımızın ulu soy-kökü kimi qiymətləndirilir...
...Necə ki, bizim universitet (ADU-BDU) müəllimimiz - rəhmətlik Firudin Hüseynov bir gün auditoriyaya daxil olub, Mirzə Fətəli Axundzadə haqda mühazirəsinə belə başlamışdı: «Həyatda elə qanunsuzluqlar, cinayətlər, qüsurlar var ki, onların islahı, cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət etmək olmur. Məsələn, öz xəsisliyi ilə arvad-uşağına, qohum-əqrəbasına olmazın əziyyətlər verən Hacı Qaranı ancaq və ancaq öz istedad və sənətkarlıq «qılıncı» ilə Mirzə Fətəli Axundzadələr islah edə bilər. Yusif Sərraca, Hacı Qaraya, Molla İbrahim Xəlilə, Müsyö Jordan və dərviş Məstəli şaha, Lənkəran xanının vəzirinə və başqa «bədii insanlar»a əbədi ömür bəxş etmiş sənətkar heç vaxt ölə bilməz...»
Tahir Abbaslı