Azərbaycan
   
   6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. 1956-cı il fevralın 14-də isə Azərbaycanda ilk televiziya verilişi efirə çıxdı - Bakı televiziya studiyası fəaliyyətə başladı.
   6 noyabr 1931 - Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-4.4.1907) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir, SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü olub.
   6 noyabr 1974 - Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923, Naxçıvan, Babək -1974) vəfat edib. "Göz həkimi", "Ana ürəyi", "Yolayrıcı" və s. pyeslərin, populyar mahnıların ("Bakı, sabahın xeyir", "Bakılı qız" və s.) sözlərinin müəllifidir. Rus poeziyasından tərcümələr edib.
   6 noyabr 2009 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 11.4.1914 - 2009) vəfat edib. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
   
   7 noyabr 1906 - Aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1906-1993) anadan olub. “Ögey ana” , “Arşın mal alan” (1965), “Ulduzlar sönmür”, “Dağlarda döyüş” filmlərinin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” və s. filmlərdə çəkilib.
   7 noyabr 1908 - Tanınmış azərbaycanlı şair, alim, pedaqoq Maqsud Şeyxzadə (1908-1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb və Özbəkistanın məşhur ədibi olub, özbək dilində çoxsaylı əsərlər, ssenarilər yazıb, tərcümələr edib.
   7 noyabr 1917 - Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyev (7.11.1917 - 4.10.2000) anadan olub. Populyar mahnıların müəllifidir. “Səbuhi”, “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
   7 noyabr 1920 - Tanınmış diktor, Xalq artisti Fatma Ağacabar qızı Cabbarova(1920-2008) anadan olub. Azərbaycan radiosunun ilk diktorlarından biridir.
   7 noyabr 1940 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 1940 - 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm və s.) əsas partiyaları ifa edib.
   7 noyabr 1945 - Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. Teatrda, teletamaşalarda (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”) , filmlərdə ("Dantenin yubileyi", “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) maraqlı obrazlar yaradıb.
   7 noyabr 1990 - Görkəmli rejissor, ssenarist, operator, rəssam Əlisəttar Atakişiyev (25.12.1906 - 1990) vəfat edib. “Bir qalanın sirri”, “Bizim küçə” (quruluşçu rejissor), “Uzaq sahillərdə” (operator) filmlərini, habelə Estoniyanın ilk rəngli filmini çəkib.   

   8 noyabr 1930 - Tanınmış bəstəkar Əfsər Bayram oğlu Cavanşirov (1930-2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. AzTV-nin «Bənövşə» uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olub. Simfoniyalar, poemalar, uşaq xoru üçün əsərlərin və s. müəllifidir.
   8 noyabr 1944 - Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.
   
   9 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (göy, qırmızı, yaşıl) bayrağı qəbul edilib. Azərbaycan sovetləşəndən sonra respublikanın qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
   9 noyabr 1973 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə, 15.5.1899 - 1973) vəfat edib. Cənubi Azərbaycanının Sərab şəhərində doğulub. Bir sıra kinofilmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
   9 noyabr 1991 - Azərbaycan Respublikasının dövlət müstəqilliyi birinci olaraq Türkiyə tərəfindən tanınıb.
   9 noyabr 1994 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (11.12.1918, Ağdam - 1994) vəfat edib. “Yarpaqlar”, “Onun gözləri”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.
   
   10 noyabr 1997 - "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" Prezident fərmanı imzalanıb.
   
   11 noyabr 1907 - Şair, dramaturq Mirmehdi Həsən oğlu Seyidzadə (1907 - 31.8.1976) Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində doğulub. İbtidai təhsilini İranın Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, kiçik pyeslər yazıb. Rus ədiblərinin əsərlərini dilimizə tərcümə edib.
   11 noyabr 1921 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 - 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana, Ərdəbil şəhərinə köçüb, milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb, ADU-nun filologiya fakültəsini bitirib, ədəbi yaradıcılığını davam etdirib.
   11 noyabr 1934 - Xalq artisti İslam Tapdıq oğlu Rzayev (1934 - 28.1.2008) anadan olub. 20 ilə yaxın Muğam Teatrının bədii rəhbəri olub, 100-dən çox gənc ifaçı yetişdirib.
   11 noyabr 1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının və Mingəçevir su anbarının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi.
   11 noyabr 1951 - Xalq artisti, aktyor, rejissor İsmayıl Hidayətzadə (19.8.1901 - 1951) vəfat edib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi "Koroğlu" və "Arşın mal alan" tamaşaları böyük uğur qazanıb. İlk milli baletimizin - "Qız qalası"nın librettosunu yazıb. Bir neçə filmdə ("Qız qalası", "Almaz" və s.) çəkilib.
   
   Dünya
   
   6 noyabr 1814 - Belçikalı musiqi aləti ustası, saksafonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax, 1814-1894) anadan olub.
   6 noyabr 1852 - Rus yazıçısı və dramaturqu Dmitri Mamin-Sibiryak (1852-1912) anadan olub. “Dağ yuvası”, “Privalov milyonları”, “Qızıl” və s. romanların müəllifidir.
   6 noyabr 1931 - Rus əsilli Amerika rejissoru, “Oskar” mükafatı laureatı Mayk Nikols (Mixail İqoreviç Peşkovski) anadan olub.
   6 noyabr 1936 - Tanınmış Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-18.4.2003) anadan olub. Filmləri: “Tabor səmaya gedir”, “Mənim nəvazişli və zərif heyvanım” .
   
   7 noyabr 1598 - İspan rəssamı Fransisko de Surbaran (Francisco de Zurbaran, 1598-1664) anadan olub.
   7 noyabr 1810 - Macar bəstəkarı, pianoçu və dirijor Erkel Ferens (Erkel Ferenc, 1810-1893) anadan olub.
   7 noyabr 1903 - Məşhur rus aktyoru Georgi Milyar (1903-1993) anadan olub. Uşaq filmlərində “Küpəgirən qarı” rollarını oynayıb.
   7 noyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus, 1913 - 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.
   
   8 noyabr 1900 - Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell, 1900-1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb.
   8 noyabr 1935 - Dünya şöhrətli fransız kinoaktyoru və rejissoru Alen Delon (Alain Fabien Maurice Marcel Delon) anadan olub.
   8 noyabr 1955 - Amerika yazıçısı, fantastika və mistika janrında əsərlər müəllifi Cefri Ford (Jeffrey Ford) anadan olub.
   8 noyabr 1960 - Məşhur rus aktyoru və teatr rejissoru Oleq Menşikov anadan olub.
   8 noyabr 1961 - Şən və Hazırcavablar Klubunun (rusca “KVN”) yarandığı gündür. Həmin gün SSRİ-nin mərkəzi (Moskva) televiziyasında Şən və Hazırcavablar Klubu verilişinin ilk buraxılışı efirə çıxıb. 2001-ci ildən beynəlxalq “KVN günü” kimi qeyd olunur.   

   9 noyabr 1818 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 - 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu”, “Asya”, “Bahar suları” povestləri və s.
   9 noyabr 1832 - Fransız yazıçısı, detektiv janrın banilərindən biri Emil Qabrio (Emile Gaboriau, 1832-1873) anadan olub.
   9 noyabr 1885 - Rus şair və nasiri Velimor (Viktor) Xlebnikov (1885-1922) anadan olubn.
   9 noyabr 1929 - Görkəmli rus bəstəkarı, çoxsaylı populyar mahnıların müəllifi, SSRİ-nin Xalq artisti Aleksandra Nikolayevna Paxmutova anadan olub.
   
   10 noyabr Dünya Gənclər günüdür. 1946-cı ildə Dünya Demokratik Gənclər Federaiyası (World Federation of Democratic Youth, WFDY) tərəfindən təsis edilib.
   10 noyabr 1483 - Alman teoloqu və filosofu, xristianlıqda Reformasiya (islahat) hərəkatının rəhbəri Martin Lüter (1483 - 15.2.1546, Martin Luther) anadan olub. Xristianlıq dinində protestantizm məzhəbinin qollarından biri onun adı ilə - lüteranlıq adlanır.
   10 noyabr 1668 - Fransız bəstəkarı Fransua Kuperen (1668-1733) anadan olub.
   10 noyabr 1759 - Görkəmli alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şillerin (Johann Christoph Friedrich von Schiller, 1759 - 9.5.1805) doğum günüdür. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.
   10 noyabr 1846 - Finlandiya bəstəkarı və dirijoru Martin Veqelius (Martin Wegelius, 1846-1906) anadan olub.
   10 noyabr 1928 - Məşhur italyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone) anadan olub.
   10 noyabr 1932 - Amerika kinoaktyoru Roy Şayder (Roy Scheider, 1932-2008) anadan olub.
   
   11 noyabr 1821 - Dahi rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (1821 - 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.
   11 noyabr 1837 - Polyak rəssamı Artur Qrotqer (Artur Grottger, 1837-1867) anadan olub.
   11 noyabr 1922 - Amerika yazıçısı, satirik əsərlər müəllifi Kurt Vonnequt (Kurt Vonnegut, 1922-2007) anadan olub.
   11 noyabr 1944 - Məşhur türk kinoaktyoru, komik rolların mahir ifaçısı Kamal Sunal (1944 - 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə çəkilib: “Salako”, “Hababam sinfi”, “Tosun Paşa”, “Çöpçülər kralı”, “Qərib Şaban”, “Kreslo bəlası” və s.
   11 noyabr 1962 - Amerika kinoakrtisası Demi Mur (Demi Moore) anadan olub.
   11 noyabr 1974 - Amerika kinoaktyoru Leonardo Di Kaprio (Leonardo Wilhelm DiCaprio) anadan olub.

    Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar