Milli kinomuzda yaddaqalan obrazları ilə geniş tamaşaçı rəğbəti qazanan aktrisalardan biri də Xalq artisti Nəcibə Məlikova olmuşdur. Azərbaycan qadınının tipik xarakterlərini yaradan istedadlı aktrisa teatr və kinoda fərdi iş üslubuna uyğun canlandırdığı personajların mənəvi dünyasının ətraflı şərhini verdiyinə görə bu gün də sənətsevərlərin sevimlisidir.
   
   Nəcibə Haşım qızı Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində dünyaya göz açmışdır. 1940-1943-cü illərdə Bakı Teatr Məktəbində təhsil almışdır. Bir müddət Gəncə Dövlət Dram Teatrının səhnəsində xarakterik rollar yaratdıqdan sonra Bakıya qayıdaraq Teatr İnstitutuna daxil olmuşdur. 1951-ci ildə institutu bitirdikdən sonra Milli Dram Teatrında fəaliyyətə başlamışdır. Geniş yaradıcılıq diapazonu, gözəl görünüşü, şaqraq səsi ilə səhnəni canlandıran Nəcibə xanım, çox keçmir ki, teatrın aparıcı qüvvələrindən birinə çevrilir. Onun yaradıcılığının, istedadının hörmətlə, rəğbətlə izlənməsində 1947-ci ildən başlayaraq “Azərbaycanfilm” kinostudiyasında çəkildiyi filmlərin də böyük rolu vardı. Aktrisa 20-dək filmdə rol alıb. “Fətəli xan” filmində Xədicə (1947), “Bakının işıqları”nda Mirvarid (1950), “Ögey ana”da Dilarə (1958), “Aygün”də Aygün (1960), “Arşın mal alan”da Cahan xala (1965), “Qanun naminə”də Zərintac (1968) və başqa obrazları aktrisanın ifaçılığında rejissor ideyalarını təsdiqləyən, ədəbi əsərlərin ekranda bədii tutumunu artıran təqdirəlayiq yaradıcılıq nümunələridir.
   Filmlərin ömrü ekranda və qəlblərdə yaşadığı qədərdir. Nəcibə xanımın məzmunlu ifası neçə-neçə obrazları tamaşaçıların müasirinə, həmdərdinə çevirib, milli kino anlayışını yaradıcılığında təsdiqləyib. İstedadlı aktrisa ona həvalə olunan hər bir personajın həyat mövqeyinə şəxsi prizmasından yanaşıb, hadisələrə pafoslu oyunu daxilində dəqiq münasibətini bildirib.
   Hər bir obrazında aliləşdirdiyi sənəti, tibb təhsili almaq arzusu qəlbində qalan gənc Nəcibə üçün həm də nicat yolu oldu. Onu həyat məngənəsindən qurtardı. Aktrisa yeniyetməlik dövründə gördüyü “həyat dərsini” də rollarında hiss etdirdi. Həyat gerçəkliklərinin yüksək bədii təcəssümü onun daxili intuisiyasından, həyat eşqindən vüsət alırdı. Bəlkə də o, tərəddüdlə gəldiyi sənətində prototipləri yaratdıqca özünü (mətinliyini, dönməzliyini) yenidən kəşf edib.
   Dram və komediya janrında yaratdığı obrazların hamısı onun intellektinin yüksəkliyindən xəbər verirdi. “Aygün” filmindəki Aygün obrazını yada salaq. Filmin həmişə aktual olan dərin məzmununu aktrisanın yerli-yerində yaratdığı jestləri, ifaçılığı təsdiqləyir. Aygünlə Əmirxanın evliliklərinin ilk vaxtlarında heç bir problemləri olmasa da, o, evin bir küncündə dayanan əşyaya çevrilmək istəmir. Haqlı olarq taleyini (sonradan) içkiyə qurşanan ərinə əmanət etmir. Yaradıcılıq eşqi ilə döyünən qəlbində ailəsinə həmişə yer olduğuna inandıra bilmədiyi ərindən uzaq düşsə belə, qadınlıq, analıq qürurunu tapdalatmır.
   Əzmkarlığına, ailəcanlığına, təmizliyinə görə Edilyaların (C.Cabbarlı, “Sevil”) tənəsinə çevrilən, şəxsiyyətini dirçəltməyin nicat yolunu tərəqqipərvərlikdə görən Sevildən sonra Aygün obrazı müasir, qürurlu Azərbaycan qadınının simvoludur. Aktrisanın bütün kino yaradıcılığında uğur qazanan obrazları fərdi, orijinal ifa maneralarının məhsuludur.
   Onun bənzərsiz kino yaradıcılığının zirvəsi “Ögey ana” filmində yaratdığı Dilarə obrazıdır. Bu filmin Nəcibə xanımın şəxsi həyatından götürüldüyü faktdır. Filmin ssenari müəllifi və rejissoru Həbib İsmayılov Adil İsgəndərovun məsləhəti ilə real ögey ananın (N.Məlikovanın) ekran variantını yaradıb. Lakin digərlərindən tamamilə fərqlənən bu ögey ana prototipi çoxlarını utandırıb, onlarda doğmalıq hisslərini təzələyib, yaşadıb. Nəcibə xanımın ögey oğlunu (Fuadı), doğma balasından (Saqibdən) qətiyyən ayırmadığı haqqında çox danışırlar. Bu filmə dəfələrlə baxmışam. Hər dəfə də aktrisanın “İsmayıl” (aktyor Ceyhun Mirzəyev) deyib qışqıran səhnəsində gözlərim yaşarıb. Filmin kulminasiya nöqtəsi də elə budur. Mənə belə gəlir ki, bu səhnəni daxilən yaşayan aktrisa o anlarda həyatından da artıq sevdiyi ögey oğlu Fuadı düşünərək o səhnəni yaradıb. Bir sözlə, Nəcibə xanım filmdə özünü oynayıb, bu obrazla yaradıcılığına və şəxsiyyətinə əbədi bir abidə ucaldıb.
   Hər rolundan onun qismətinə bir pay düşüb. “Fətəli xan” filmindəki Fətəli xanın bacısı Xədicə rolu sanballı, alicənab ailədən olan aktrisaya nə qədər yaraşırdısa, “Arşın mal alan”dakı Cahan xala surətini Nəcibə xanım əsilzadə mənsubiyyətinə uyğun oynadı. Həyatdakı axtarışlarını, xoşbəxtlik qayğılarını “Bakının işıqları” filmindəki Mirvaridin sosial mövqeyində göstərdisə, Aygün rolu ilə əyilməzliyini, məğrurluğunu bir daha bəyan etdi. “Əhməd haradadır?” filmində yaratdığı Nərgiz xala obrazı ilə isə həyatın əlində heç də aciz olmadığını sübut etdi.
   Nəcibə xanım həyatını əzmkarlıqla qazandı. Ona qarşı olunan tənələrə, paxıllıqlara, maneələrə zəkası, gözəlliyi, əməlisalehliyi ilə cavab verdi. Buna görə də həyatının sonuna qədər örnək timsallı şəxsiyyət simasını qorudu. Onun rollarının hər birini ayrılıqda təhlil etmək olar. Bütövlükdə isə, o, milli kinomuzda Azərbaycan qadınının xarakterik simasını yaratdı. Şəxsiyyətində vətənpərvərlik, qəhrəmanlıq, səmimilik, mehribanlıq yaşadan Azərbaycan qadınının.
   Nəcibə Məlikova sənətdə göstərdiyi xidmətlərə görə 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarını alıb. Sevimli aktrisa 1992-ci il iyulun 6-da vəfat edib. Kino bir çox sənətkarlar kimi Nəcibə xanıma da ölümsüzlük yaşadır.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar