Yaşasaydı bu il dekabrın 19-da 61 yaşı tamam olacaqdı. Amma o, heç 56 yaşını da qeyd edə bilmədi... Noyabrın 17-də isə əzizləri, dostları onun həyatdan getməsinin 5 ilini qeyd edəcəklər. Biz də bu yazıda xatirələrdə yaşayan Xalq artisti Gülşən Qurbanovanı yaxınları ilə birgə yad edəcəyik.
Firəngiz Qurbanova, bacısı, Əməkdar incəsənət xadimi:
- Gülşən məndən 7 yaş kiçik idi. Xalq artisti Ağadadaş Qurbanovun ailəsində iki qız övladı böyüyürdü. Hamı kimi mən də onu nazlandırır, əzizləyirdim, qayğısını çəkirdim. Hələ kiçik yaşlarından onda artistlik sənətinə həvəs böyük idi. Bağçadan evə gələn kimi özünü tərbiyəçilərinə, kiminsə valideyninə oxşadıb oyun çıxarırdı. Onun bu “səhnəcikləri”ndən hər gün bağçada nə olduğunu bilirdik. Yerişlərini, hərəkətlərini elə təqlid edirdi ki, hamının üzündə gülüş yaranırdı. Amma nədənsə atam onun bu sənətə getməsini heç istəmirdi. O, qızını anamız kimi həkim, ya da müəllim görmək istəyirdi. Gülşən 175 saylı orta məktəbdə rus dilində təhsil aldığı üçün azərbaycanca rəvan danışa bilmirdi. Anam bu “qüsuru”n aradan qaldırılması üçün ona kitabxanaçılıq texnikumunda oxumağı məsləhət gördü. Belə də oldu, amma burada təhsili başa vurduqdan sonra o, İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil oldu. Gülşən burada çox da “tab gətirə” bilməyib aktyorluq şöbəsinə keçdi. Təhsilini başa vurduqdan sonra atamın çalışdığı Gənc Tamaşaçılar Teatrında işləməyə başladı. Sonralar tez-tez televiziya tamaşalarında iştirak edir, aparıcılıqla da məşğul olurdu.
Gülşən bütünlüklə atamıza çəkmişdi. O olan yerdə həmişə yüksək əhval-ruhiyyə yaranır, şən zarafatlar baş alıb gedirdi. Nikbin, güclü insan idi. Bir qədər kəmhövsələliyi olsa da, insanları, həyatı çox sevirdi. İstiqanlı idi, onunla beş dəqiqə söhbət edən insanla elə qaynayıb-qarışırdı ki, sanki bir-birlərini xeyli vaxtdır tanıyırlar. Gülşən bir yerdə qərar tuta bilmirdi. Onunla görüşlərimiz həmişə qısa olurdu - ya telefonla zəng vurub harasa dəvət edir, ya da harasa getməli olduğu yadına düşürdü. Amma bayramlarda, ad günlərində telefonunu söndürürdü, sonadək bir yerdə olurduq. Deyərdim ki, sənətini özündən çox sevirdi, iki dəfə infarkt keçirsə də, səhhətinin qayğısına heç qalmırdı. O, sanki həyatdan tez köçəcəyini bildiyi üçün işlərinin yarımçıq qalmasından qorxur, həmişə harasa tələsir, heç vaxt yorulduğunu dilə gətirmirdi. Adamların arasında olmağı çox sevirdi, tamaşaçılarından enerji alırdı. Xoş aurası olan Gülşən mətbəxdə də həvəslə işləyir, dadlı yeməklər hazırlayır, gözəl süfrələr açırdı. Yəqin elə buna görə də müxtəlif kanallarda mətbəx verilişlərini aparmağa razılıq vermişdi.
Nəvəsi Maqsudun dünyaya gəlməsi sanki ona qol-qanad vermişdi. Hətta bunu ekrandan da bildirirdi. Amma təəssüf ki, onu cəmi 20 gün görə bildi, Maqsudu böyütməkdə qızı Kəmaləyə (yeri gəlmişkən, o da teatrşünasdır) dəstək olmaq, balacaya sonsuz nəvazişini göstərmək qismət olmadı. Maqsuda mən nənəlik etməyə çalışsam da, Gülşəni əvəz etmək mümkündürmü?..
Gülşənin məzarını ziyarətə gedəndə həmişə üstündə təzə güllərin olduğunu görürük - tamaşaçıları yanından biganə ötmür, burda ayaq saxlayıb ona rəhmət oxuyub ehtiramlarını bildirirlər. Məndə isə indi də elə hissiyyat var ki, bacım hardasa səfərdədir, nə vaxtsa qayıdıb gələcək. İstərdim ki, onun haqqında xatirələr toplanmış bir kitab ərsəyə gətirək. Burada dostları, tanışları, pərəstişkarları onunla bağlı xatirələrini yazsınlar.
Azər Mirzəyev, tələbəlik dostu, tərəf-müqabili:
- Mən Gülşən xanımla uzun illər dost olmuşam. Bu, hələ gənclik illərindən - institutda oxuyarkən başlamışdı, sonralar da eyni teatrda işlədik. Bir-birimizi baxışlardan, yarı sözdən anlayırdıq. Bu isə tərəf-müqabili üçün çox vacib cəhətdir. Teatrdan inzibati işə gedəndə Gülşən mənə ürəkdən xeyir-dua vermişdi. Amma sonra zarafatla dostlarımızın yanında etiraf etmişdi ki, Azər mənə sarsıdıcı zərbə vurdu, elə bil qanadım qırılıb yanıma düşdü. İkimizin də vaxtının az olmasına baxmayaraq bir-birimizdən aralı dolanmırdıq, müxtəlif tədbirlərdə yenə də birgə iştirak edirdik. Sonuncu müştərək çıxışımız ölümündən təxminən on gün əvvəl Opera və Balet Teatrında oldu. Azərbaycan Televiziyasının 50, radiosunun isə 80 illiyi qeyd edilirdi. Təəssüf ki, Gülşən bizi cismən çox tez tərk etdi, indi onun haqqında keçmiş zamanda danışırıq. Amma oynadığı rollar, yüksək insani keyfiyyətləri, zarafatları, xeyirxahlığı onu tanıyanların yadından heç vaxt çıxmayacaq, Allah ona qəni-qəni rəhmət eləsin.
İradə Əsədova