Çox incə, çox zərif, Lətif xalçaçının...
   
   Biri vardı, ecazkar sehrinə heç bir şəkk-sirri yoxdu - hələ “millət” termini, “xalq” morfologiyası dilə-ağıza düşməmiş dövri-qədimlərdə bir tayfa vardı...
   
   Adının birinci hərfi Tanrının, ikinci hərfi ümmanın, üçüncüsü rəhmin, dördüncüsü kainatın baş hərflərindən götürülmüş bu tayfa gözünü bağlı dünyanın qıfılı kimi açıb, əlinə ox aldı. Ov ovlayıb, quş quşlayıb boz qurd kimi toxaldı. Günlü gündüzlər döyüşüb, aylı gecələr sevişib çoxaldı. Bir-birinə sığınsa da, yüz-birinə sığışmayıb o yan-bu yan yönəldi, uru duruban genəldi - tayfalar oldu.
   Bu tayfalar sürüdən qoç, naxırdan buğur qırıban ətini azuqə, gönünü çarıq edib uğurlandılar. Ağır-uğur səfərlərdə az getdilər, üz getdilər, gördülər - dərə-təpələri pay-piyadə düz gedə bilmirlər, atı tutub əhlilləşdirdilər. Nağıl-noğul söhbətlərdə az danışdılar, çox eşitdilər, gördülər - söznən tutaya, saznan butaya çatmaq olmur, altlarındakı nalçanı qaçaq, qarşılarındakı xalçanı uçaq etdilər...
   Zatı artıb, kökü rişələnib adı çıxdıqca, atı fınxırıb otu qırpındıqca bu tayfaların qalanı qal, gedəni yol olur, uruladıqları məkanları tərk edib tərəkəmələşir, “qalx!” deyib xalqlaşır, “vur haa!” hayqırıb yürüyə-yürüyə bəşəriyyətə “urra!” dərsi aparırdılar. Aya “sən çıxma, mən çıxacağam!” deyən gözəllərinin, Günəşə “sən şəfəq saçma, mən saçacağam!” söyləyən gəlinlərinin, çiskindən sonra səmada hana quran “Fatma nənə”yə ondan daha yey əriş-arğac qurduqlarına rəğmən eyham vuran qarılarının hər biri həftədə bir gəbə kəsib, ayda bir xalı asırdı. Bəylərinin meydanlarda yaratdığı tarixi xanımları xalça-kitabələrə yazıb vəsf edir, arealbaareal məskunlaşır, sənətbəsənət mədəniyyətləşir, sərhədbəsərhəd millətləşirdi.
   İndi sizə kimdən deyək, nədən xəbər verək, - yurd yeri “yurta”larda, göy qübbəsi çadırlarda, hərəki ada-arabalarda, dəvə quzlarında, at bellərində, kilim-gəbəli odalarda, xalı-xalçalı saraylarda doğub-törəmiş bu xalqlardan birinin yüz beş il öncə Qırat-Dürat oylağı “Cıdır düzü” yəhərində - Azərbaycanın təbii konservatoriyası Şuşa şəhərində doğulub, “Dədə xalçaçı” kimi məşhuri-cahanlaşmış Lətif Kərimovdan...
   Bütün Qarabağ mahalında “bitkin xalçaçılar” adıyla tanınan “Allahverənlər” nəslinə mənsub bu oğlan heç vaxt at minməsə də, elə uşaqlıqdan ağıl “Ağ atlı oğlan”ı, sənət “Məlikməmməd”i kimi ad-san çıxarmışdı. Tale onu - altı yaşında ikən ailəsi ilə “kövrək xəyali xalça” üstündə nağıl-noğullar ölkəsi İranın adi İbad-Qubadları məşhuri məşədi eləyən Məşhəd şəhərinə köçməli olmuş Lətifi orada Mirzə Ələkbər Hüseynzadə adlı bir kərbəlayinin emalatxanasına ürcah edir. Bu yeniyetmə məzkur məşhur Təbriz, Ərdəbil xalçaçılıq mərkəzlərini gəzib-dolaşır, hər sadə toxucudan bir ilmə, hər ustadan bir naxış, ustadlardan isə, ümumən, sənətə baxış öyrənir. O günlər yüz il öncə ikiyə bölünmüş böyük Vətənin bu tayına ustad kimi qayıtmaq və elə o taydaymışkən, oranın da xalçaçılıq məktəbini mənimsəmək eşqilə doyub-dolanmadan çalışır. Yanılıb yonula-yonula dolğunlaşır, təkrarlayıb təkrirləyə-təkrirləyə təkrarsızlaşır. Və günlərin bir günü - “xalça ilə uçmaq” yox, Azərbaycan xalçasının şöhrətini dünyaya saçmaq yaşına çatanda - bütün yurdlardan yüz qat şirin, bütün göynəklərdən bir köynək yaxın Şuşaya qayıdıb gəlir. İyirmi iki yaşında “Qarabağxalça” artelində təlimatçı kimi fəaliyyətə başlayır. Amma yenə öyrənmək eşqi ilə bir yerdə durmur, çox oxumaqla doysunmur, kefdən yayınıb nəfsdən, nəfdən qaçınıb dəbdən qıfıllanaraq “çox gəzən çox bilər” sevdası arxasınca düşür.
   Bu qırmızıpaytaxtlı oğlan az pioner gedir, çox komsomol olur, gəlib çıxır şəhri-Bakıya...
   1930-cu ildə, gözəl xalça bilicisi kimi, “Azərbaycanxalça” birliyində rəssam-təlimatçı vəzifəsinə çatır. Fantastik fantaziyası, sistemli düşün-daşıncası burada qalır, ayaqları ölkəsinin müxtəlif guşələrində; iyirmi altı-otuz yaşları arasında Bakıda və Qubada açılan mükəmməl xalça məktəblərinin yaradılması işinin əsas təşkilatçısı olur, yanaşı olaraq, dekorativ tətbiqi sənətin digər sahələrində də öz avtoqraflarını qoyur.
   Aylar çox dolanır, illər az fırlanır, ömrünün növbəti onilliyi başlayır...
   Sonrakı onillik bu ilmələr nəqqaşının yaradıcılıq bioqrafiyasına daha əlvan naxışlar salmış, bədii tərtibatları, formaca yeni, məzmunca qədim layihələri qocaman Şərqin sənət xəzinəsinə qiymətli incilər əlavə etmiş, xalı-xalça “roman”larımıza ilham dolu, canlı obrazlar gətirmişdir.
   Bir vaxt vətənini qarış-qarış gəzib ilmələr gülləyən, çeşnilər bəlləyən bu yeniyetmə, bu gənc sənətkarın işləri artıq, Azərbaycandan uzaqlara ayaqlanır, dünyanın ən məşhur muzeylərində dayaqlanır, ulu, canlı sənətimizi hər tərəfə yayımlayır. Hələ iyirmi səkkiz yaşındaykən Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası Parisdə (ümumdünya sərgisində) böyük sənət uğuru kimi qiymətləndirilir. 1937-39-cu illərdə Moskvada - Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonuna verdiyi bədii tərtibat, tikililərdəki memarlıq işlərində göz oxşayan maraqlı, milli ornamentlər həmin kompleksə bütün digər respublikalara aid pavilyonlar içərisində hakim sənət mövqeyi bəxş edir. 1940-1941-ci illərdə Nizami Gəncəvinin 800 illik yubileyinə müştərək hazırlanmış beş unikal xalçada onun imzası nəinki təkcə sıraca, həm də şöhrət və dəyərcə öndə olur.
   ...Bu ağbaxtlı oğlanın sənət sədası ilə bərabər, diksiyası - səsi də az getdi, düz getdi...
   ...Gəlib-gəlib, Azərbaycan radiosunda diktor (farsca) mərtəbəsinə də çıxdı. Öz sahəsində usta-ustadlığı bir yana, qayğıkeşliyi, sezmə-duyma istedadı ilə Azərbaycan dinləyicilərinə təkrarsız bir səs azmanının bəxş edilməsində də mühüm rol oynadı: 1946-cı ildə gənc Aydın Qaradağlının səsini bəyənib, radionun rəhbərliyinə təqdim edərək, gələcəyin görkəmli diktor-sənətkarının yaradıcılıq yoluna himayədarlıq çırağı tutdu.
   ...Bu cağ intellektli oğlan elmi yollarla da az getməyib, yeni hədəfə düz yetdi...
   Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda ayrıca xalça şöbəsinin açılmasına (1945) nail oldu. Xalçalarımızdakı süjetlərin, naxış-ornamentlərin öyrənilməsində misilsiz əhəmiyyəti olan “Azərbaycan xalçalarında ornament” kitabını yazdı və 1950-ci ildə bu fundamental əsərə görə, Leninqradda (Sankt-Peterburq) ona sənətşünaslıq namizədi - alimlik dərəcəsi verildi. Monumental tədqiqat işlərindən növbətisi - “Azərbaycan xalçası” çoxcildli monoqrafiyası qırx ilə yaxın apardığı gərgin axtarışların bəhrəsi idi. 1972-ci ildə Bakıda xalça muzeyinin yaradılması təşəbbüsü də - Stalin mükafatı laureatı, “Xalqlar Dostluğu” ordenli, bütün cismi, ismi və ruhu ilə bu sənətə bağlanan, xalqımızın - məişət gərəyi, şöhrət göstərisi, təxəyyül və qabiliyyət istedadının aynası, nəhayət, ən qədim və ən əbədi sənət növü olan bir sahədə “xalça mütəfəkkiri” adı verdiyi Lətif Kərimova məxsusdur.
   Nağılların sonunda göydən nə düşürsə, üçü də onun halal naxışlı, gur işıqlı, nurlu məzarına...
   Nağıllardakı “uçan xalça” nəqliyyatının müasir texniki analoqlarından haçansa vətən oğullarının salası mərmi-bombalar isə neçə illərdi onun Şuşasına öz haram naxışlarını vurmaqda olanların, əbədi lənətlənmiş gorlarına...
   
   T.Abbaslı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar