Çəkdim ki, izim qala...
   
   Dünya bir pəncərədir, kimsə bu pəncərədən baxmaqla kifayətlənir, kimsə tikdikləri, yazdıqları, yaratdıqları, çəkdikləri ilə dünya pəncərəsində iz qoymağa çalışır. Xoşbəxt o kəsdir ki, bunu bacarır...   

   Həyatını və yaradıcılığını Azərbaycan Televiziyasına həsr edən Əməkdar incəsənət xadimi, “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Vaqif Ağayev yaxşı insan, səmimi dost, peşəkar rejissor, tələbkar müəllim olmaqla yanaşı, həm də insanların yaddaşında çoxsaylı filmlərin rejissoru kimi daima xatırlanacaq, anılacaq və yad ediləcək.
   Baharda dünyaya gəlsə də, payızda dünyasını dəyişdi. Onun vaxtsız gedişi yaxınlarını, dostlarını və bir də Vaqif Ağayev sənətini sevənləri kədərləndirdi. Çünki Vaqif Ağayev özünəməxsus insan olmaqla yanaşı, həm də dəqiq və həssas müşahidə qabiliyyəti olan istedadlı rejissor idi.
   Vaqif Ağayevin keçdiyi həyat və sənət yolu olduqca zəngindir. O, 1954-cü il mayın 7-də Abşeron rayonunda anadan olub. 1972-ci ildən ömrünü, taleyini televiziyaya bağlayıb. Azərbaycan Dövlət Teleradio Komitəsinin “Gənclər üçün proqram” baş redaksiyasında fəaliyyətə başlayıb. 1981-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alaraq televiziya rejissoru ixtisasına yiyələnib. “Xəbərlər” baş redaksiyasının “7 gün”” verilişində məsul rejissor, Xarici əlaqələr və kommersiya mərkəzində Əlaqələndirmə və buraxılış şöbəsi rejissor qrupunun ali dərəcəli rejissoru işləyib. 1994-cü il sentyabrın 1-də Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bədii rəhbəri, 16 avqust 2006-cı il tarixdə isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin olunub.
   Vaqif Ağayev uzun illər ölkə prezidentinin çəkiliş qrupuna rəhbərlik edib. Dövlət tədbirlərinin, siyasi görüşlərin, beynəlxalq tədbirlərin peşəkar təqdimatının nə qədər ciddi və məsuliyyətli bir iş olduğunu isə xatırlatmağa ehtiyac yoxdur.
   Ölkəmizin iştirak etdiyi Yay Olimpiya Oyunlarının yadda qalan, həyəcanlı anları, idmançılarımızın qələbə sevincləri Vaqif Ağayevin peşəkar rejissor prizmasından lentə alınıb.
   Vaqif Ağayev bir çox sənədli filmlərin quruluşçu rejissoru və ssenari müəllifi olub.
   Onun ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Qayıdış”, “Şəxsiyyətin təntənəsi”, “Okean üzərində körpü”, “Ömür və tale”, “Fenomen”, “Böyük ömrün anları” (silsilə filmlər) və onlarca sənədli filmləri yüksək peşəkarlığı ilə Azərbaycan sənədli filmlərinin ən uğurlu nümunələrindəndir.
   Bədii televiziya filmi, bədii-sənədli televiziya filmi və musiqili televiziya filmi janrlarında çəkdiyi “Məhəbbət mahnıları”, “Dəniz xidməti”, “Havalansın tarın səsi”, “Azərbaycan üçün yaşanan tale”, “Abidə insan”, “Ümid yolu”, “Terror”, “Zirvəyə doğru”, “Sabaha inamla”, “Əsrin müqaviləsi” (3 seriya), “Ömür. Tale. Epoxa”, “Vətənə, xalqa həsr edilmiş ömür” filmləri də Vaqif Ağayevin yüksək sənətkarlığından xəbər verən filmlərdir.
   İstedadlı rejissor olmaqla yanaşı, Vaqif Ağayev həm də böyük insan kimi xatırlanır.
   Azərbaycan Dövlət Televiziyasının baş operatoru, Əməkdar incəsənət xadimi Fazil Hadıyev Vaqif Ağayevi kədərli xatirələrlə yad edir:
   - 1966-cı ildən Azərbaycan Dövlət Televiziyasında çalışıram. 1972-ci ildən Vaqif müəllimi iş yoldaşı, həmkar kimi tanımışam. Əvvəlcə rejissor assistenti, rejissor işlədi, bir müddətdən sonra isə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində filmlər çəkməyə başladı. Bizim yaradıcılıq əlaqələrimiz isə 1993-cü ildən başlayır. Dövlət çəkilişlərini, prezidentin səfərlərini birgə çəkirdik. Daima çəkilişlərdə, səfərlərdə oluruq. Bəzən gecə keçirilən tədbirləri çəkib səhərə kimi montaj eləyirdik. Vaxtın necə keçdiyini belə hiss etmirdik. Vaqif müəllim özünü işə qurban verən adam idi. Deyirdi ki, işi axıra çatdırmasam, gedib rahat yata bilmərəm. O, işinə zərgər dəqiqliyi ilə yanaşırdı. Böyük məktəb keçmişdi, həm də olduqca istedadlı insan idi. Bu iki keyfiyyət onu daima uğurlara doğru aparırdı.
   Bütün filmləri Vaqif müəllimə öz balası kimi doğma, əziz idi. Onun saysız-hesabsız tələbələri var. Vaqif müəllim onlara sənəti sevməyi, sənətə məsuliyyətlə yanaşmağı öyrədib. Onlar da müəllimləri ilə fəxr edirlər.
   Vaqif Ağayev 57 yaşında dünyasını dəyişsə də, Vaqif Ağayev məktəbi yaşayacaq, onu yaşadacaq.
   Vaqif Ağayev ömrünü sevdiyi sənətə həsr etdi. Yüksək zövqü ilə hər kəsi heyrətləndirməyi bacardı. Və günlərin bir günü xoş xatirələrini, yaxşı əməllərini və tarix üçün çəkdiyi qiymətli filmləri xalqına yadigar qoyub haqq dünyasına qovuşdu. Bu filmlər Vaqif müəllimin silinməz izləridir. Bu izlər ana televiziyada zaman-zaman göründükcə Vaqif müəllim də xatırlanacaq, anılacaq. Ruhu şad olsun.
   
   Təranə Vahid 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar