ədəbi “kontr-kəşfiyyatçı”, qurucu-yaradıcı İmran Qasımov
  
 
   Bu bənzətmələri qədərindən artıq hesab edənlərin, izafi sayanların nəzərinə: hələ bunlar onun qədir-qiymətinin azı, azacığı, başlanğıcıdır. Hələ bunlar görkəmli Xalq yazıçısının ədiblik əyarının “prob”udur - əsl tərif, dayanmadan işləyən zaman-zərgərə bağlı əməl-feldə, matah-maldadır.
   
   Bunlar hələ görklü kinossenarist dəyərinin “jurnalıdır - kinosu daldadır”. Dramatik dramaturqun afişasıdır - tamaşası zaldadır. Avtobioqrafiyasına Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı kimi rəsmi adlar düşmüş sənətkarın mikro-etiketləridir - makro-prioritetləri qələmindən vizuallaşan meridian lentlərdə, intellektindən formalaşan eridusion fikirlərdə, tədqiqat-təhqiqata, qələm-mikrofona möhtac arxivlərdə, cismcə sağ xatirələrdə, xislətcə “sol” təəssüratlarda, ətrafındakı badalaq istedadlı bədxahların onun ürəyinə yansıdığı “kontrakt” infarktdan dolayı müqəyyəd-psixoloji “xal”da və bir də bu yazının balaca bir qol götürdüyü yoldadır…
   
   Onun qələm ritmləri
   
   İstər epik-lirik, istər dramatik-kinematoqrafik əsərlərinə göz gəzdirdikcə, İmran Qasımovun yaratdığı “bədii xalq” xəyalımızda izdiham-truppa, məkan-mənzərələr isə vətən-səhnə, ölkə-pavilyon kimi canlanır. Dil-üslub xüsusiyyətləri, situasiyayaratma manevrləri, ekoloji təsvir və psixoloji təfsirləri, eleqant monoloq və “intriqant” dialoqları ilə tanış olduqca, oxucuya elə gəlir ki, bu yazıçı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini yox, dünyanın - yüngül çıxmasın - hələ mövcud olmayan hansısa “detektiv universitet”inin “qeylü-qalologiya” kursunu bitirmişdir.
   Bəli, elə məhz bu sayaq elementlərə görə onun yaradıcılıq yoluna “səhnə, kino, televiziya mətnləri” adıyla yox, “qələm ritmləri” ladıyla ayaq verdim.
   Hələ sadəcə İmran Haşım oğlu Qasımov ad-soyadlı bu fərdin bəsirət gözünün açılım, yaradıcı aləmə qoşulum dövrü də öz dramatikliyilə səciyyəvidir: Əlbəttə, müharibə! Belə bir zamanda isə “ala buludlar”ı hədəfləyən epitasiyalara, intəhasız bədiiliklər donoru “dayan-doldurum”luqlara yer olmur. Bütün hərəkət-bərəkətlərin, fikir-zikrlərin yönü döyüş “qiblə”sinə çevrilir, fabulası isə bayramda yumurta döyüşdürənlərin “ya tut vurum, ya al, tut!” dinamikasına.
   Arxa cəbhənin ədəbi səngərinə belə bir əngəl zəmanədə qədəm qoyan gənc - iyirmi üç yaşlı İmran 1941-ci il 22 iyundan etibarən dövri mətbuatda zarisovka, oçerk, reportaj, məqalə atəşləri saçmağa başladı. Gündüzlər müşahidə kəşfiyyatına çıxıb, gecələr alovlu publisistika ədəbiyyatına girişdi. Lakin günlər, həftələr, aylar çox tez və çox boz keçdiyindən, o da sənətin “bir kağız, bir qələm” sahəsindən “söz-göz” vahəsinə keçməyi qərarlaşdırdı. Tiraj-tiraj yazıb, fərdi-fərdi, adda-budda oxutdurmaq işindən yazdıqlarını lentə aldırıb kütləvi, xəlqi-ölkəvi baxdırmaq peşəsinə qədəm qoydu. İctimai mahiyyəti, qələbə güdüyü dəyişməyən qələmi vizual ritmlərlə döyünməyə başladı. 1942-ci ildə hələ “Abşeron ritmləri”nə doğru gedən böyük yola “Sovqat” filmi ilə ilk izini saldı. Arada yazıb lentə aldığı bir neçə qısa və tammetrajlı filmlərdən sonra - 1945-ci ildə od-alovlardan qurtulmaqda olan vətən tamaşaçıları ilə görüşə mükəmməl ssenarisi ilə çəkilmiş “Əbədi odlar ölkəsi” filmi ilə gəldi.
   Tək elə bu istedadlı gəncin əbədi odlar bölgəsində yox, bütün sovetlər ölkəsində insanlar hər gün, hər saat, hər yerdə nəyəsə doğru gedib-gəlir, əlləşib-vuruşur, yaşayıb-yaradırdılar. İstəklərində, missiya-görəvlərində, iş və içlərində çox rəngarənglik, müxtəliflik olan bu milyonların ən tələskən gözləntiləri isə eyni idi:
   
   Qələbə!
   
   Qələbənin özü isə o milyonlardan çox şey umur, çox şey gözləyirdi; bizim kənddə daha çox pambıq yığılmasından tutmuş, sizin şəhərdə daha artıq neft çıxarılmasına, nənələrin isti əlcək-corab toxuyub orduya, qızların alovlu “üçkünc”lər yazıb cəbhəyə göndərmələrinə, hamımızın uzaq sahillərdəki bir oğlumuzun alman zabitlərilə dolu bir kinoteatr binasına qoyduğu partlayıcının işə düşməsinə qədər - hər şey!
   Bütün bunlar isə bəyan olunmalıydı. Beş il sərasər vəsvəsə-səksəkə içində yaşamış ölkəyə əyan edilməliydi. Gecələr işığı sönülü, qapı-pəncərəsi örtülü, aynası tutulu, qaş-qabağı qıfıllı arxa cəbhəçilər üçün yazılmalı, çəkilməliydi.
   İmran Qasımov da bu atəşsiz cəbhənin barmaqhesabı komandirlərindən biri kimi çalışır, yığnaqhesabı əsgərlərindən biri kimi vuruşur, müşahidələrini qələm-kağıza alır, kinolentlərə çəkdirirdi.
   Müasirləri söyləyirdilər ki, İmranın hər iki-üç kəlməsindən, beş-üç xatirat-təəssüratından biri kino, əsl vizualoji element idi. Onun zəngin filmoqrafiyası da bunu təsdiq edir. Adlıqları, mövzuları, məram-məqamları avtoportretini andıran filmoqrafiyası!
   O, ssenariləri əsasında çəkilmiş, lakin zamanın obyektiv-subyektiv tünlüyü içərisində gömülmüş bir çox filmlərdən ünlü rejissor Həsən Seyidbəyli ilə müştərək işlədiyi “Uzaq sahillərdə” şedevrinə doğru çox böyük sürət, haqq-halal bir surətlə gəlirdi. O, bu ssenari işi ilə “İnsanın taleyi” (M.Şoloxov) qarşısına mükəmməl bir Azərbaycan filmi, sinəsini pulemyot atəşi qarşısına sipər edən Matrosovların qabağına fenomenal Azərbaycan balası çıxarmış oldu. Onun qələmə aldığı bu sənədli-publisistik, ədəbi-bədii faktura kinematoqrafçılarımıza qeyri-adi bir ekran əsəri yaratmaq üçün əsrarəngiz dəstavuz vermiş oldu. Buradakı faktoloji təsvirlərin, situasiyaların, dialoqlardakı dinamik-psixoloji nüansların yaradıcı qrup qarşısında açdığı üfüqlər hər kadr və məqamda hiss olunur. Xüsusən də hadisələrin daxili polifoniyası ilə ecazkar dərəcədə səsləşən musiqi! Dahi Qara Qarayevin artillerik notları böyük Qələbə uğruna qoşulan bu söz və şəkil duallığını triumflaşdırmışdır!
   ...Atalar sözü və zərb-məsəllərimiz sırasına qoşulan sənətkar-ata kəlamlarından söhbət açılanda, daha çox, “nakam” məhəbbət və tacir-tüccar məsələlərindən bəhs edən “O olmasın, bu olsun” abidəsi yada düşür (“Heç hənanın yeridir?”, “Dəyərəm min cavana” və s.). Amma bizim qəhrəmanlıq sifətimizi əks etdirən “Uzaq sahillərdə” də gündəlik leksikon “menyu”muzu zənginləşdirən sözlər az deyil: “Doqquzun yarısında!”, “Qoy bir özümə gəlim”, “O, qardaşlıq dininə inanır, ata!”, “İki Mixaylo asmışıq, üçünü güllələmişik”, “Həmin dalğa, həmin koordinat” və sair...
   
   Tahir







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar