İstedadı, geniş dünyagörüşü, zəngin yaradıcılığı ilə adını tarixin yaddaşına yazan sənətkar qadınlarımızdan biri də Fatma xanım Kəminədir. Onun barəsində geniş məlumatımız olmasa da, Fatma xanım Kəminə klassik Azərbaycan şairələrimizdən biri kimi xatırlanır
      
   XIX əsrin əvvəllərində sənət beşiyi sayılan Şuşada Mirzə Bəybaba Tahirzadə (Fəna) adlı bir şair vardı. Dövrünün ziyalı, ən hörmətli şəxslərindən sayılırdı. Onun atası Qarabağ hakimi İbrahim xanın oğlu Məhəmmədhəsən ağanın saray mirzəsi olmuş, ömrünü Qarabağ xanlığına xidmətdə keçirmişdi. Mirzə Bəybaba da uşaqlıqda saray həyatı keçirmiş, şeirə, sənətə, elmə məhəbbət ruhunda böyümüşdü.
   Fatma xanım Kəminə 1841-ci ildə Şuşa şəhərində “Qafqaz qitəsinin Şirazı mənziləsində” (F.Köçərli) belə bir ziyalı ocağında - Mirzə Bəybaba Tahirzadənin ailəsində dünyaya gəlib. Onun ilk sənət müəllimi də atası olub.
   Fatma xanım kiçik yaşlarından mollaxana təhsili alıb, fars dilini mükəmməl öyrənib, sonralar təhsilini artırmaq üçün Türkiyəyə gedib, bir neçə il İstanbulda oxuyub. Odur ki, dövrünün ziyalıları Fatma xanıma ağlına, dərrakəsinə görə dərin ehtiram bəsləyər, “şairə Mirzə Fatma” - deyə ona müraciət edərdilər. Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı” kitabında Fatma xanım Kəminənin şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirərək onu “Qarabağın üçüncü şaireyi-möhtərəməsi” adlandırmışdı: “...Həqiqətdə çox gözəl, zərif bir can idi və zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi-əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayim və xoşrəftar bir nadireyi-zəmanə idi”.
   Şikar olub əldən ələ düşməsin,
   Qurulmuş torlara, felə düşməsin,
   Yaman gözə, yaman dilə düşməsin,
   Qan ağlaram qürbət eldə qalınca.
   Fatma xanım ömrü boyu Xurşidbanu Natəvanın sənət və qəlb dostu, yaxın rəfiqəsi, həmdərdi olur, düz otuz il onlar xeyirdə-şərdə, müxtəlif tədbirlərdə, şeir və musiqi məclislərində birgə iştirak edirlər.
   Fatma xanım Kəminə Şuşada Mir Mövsün Nəvvabın başçılıq etdiyi "Məclisi-fəramuşan" və şairə Natəvanın başçılıq etdiyi "Məclisi-üns" ədəbi məclisinin ən fəal üzvlərindən biri olur, onun bir şairə kimi yetişməsində bu ədəbi məclislərin böyük rolu olur, burada sənətkarlıq dərsləri alaraq püxtələşir.
   Fatma xanım Kəminə yüksək poetik istedada malik olmaqla yanaşı Şərq poeziyasına dərindən bələd idi. O, Füzuli lirikasını, demək olar ki, əzbərdən bilir, böyük ustadının təsiri ilə klassik üslubda yazıb-yaradırdı.
   Kəminə xanımın həyat və yaradıcılığı haqqında XIX əsr təzkirələrində az da olsa məlumat var. Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" əsərində Kəminə xanım haqqında məlumat verərək bildirir ki, o, dörd yüzə yaxın şeir yazmış, zəngin yaradıcılığı ilə dövrünün işıqlı insanlarından biri olmuşdur.
   Fatma xanım Kəminə özünəməxsus yaradıcılığı ilə bu gün də diqqəti cəlb edir.
   Kəminə, ta əldən getdi, görməzsən,
   Ləzzət ilə bir də dövran sürməzsən,
   Əhli-nəşə zümrəsinə girməzsən,
   Kaş öləydin bu günləri görüncə.

   Fatma xanım Kəminə 1898-ci ildə vəfat edir. Onu Mirzə Həsən qəbiristanlığında dəfn edirlər. Ölümündən uzun illər keçsə də, Fatma xanım Kəminə ilə bağlı xoş xatirələr hələ də şuşalıların yaddaşında nəsildən-nəslə ötürülür.    

   Təranə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar