...yana-yana nə sızlarsan, nə bozlarsan, ana bülbül?!
   
   Təbii “bəh-bəh” ansamblınızdan uçub gedən bir ismi-insandan yanamı, sona bülbül?..
   O solo-bülbülsüzlükdənmi ötrü “fəsli-gül”ü gözləmədən, birnəfəsə - “dil qəfəsə qoymadan” ötürsən?
   Xiffətdənmi - avazda “xaric” vurub gah-gahlanır, sədada “məxaric” edib ah-ahlanırsan?

   
   “Cıdır düzü”ndəki son festivalı yad etsənə barı, bülbül... O günlərdən bəri xar olmuş bizlərlə birgə “xarı-bülbül” olan bülbül! Tez-tez də “nədən” deyə çalıb-oxuduğumuz “hər yerin əlvan, köksün altı sarı bülbül”!..
   ...İnnən belə “sona bülbüllər” yox, “yana bülbüllər”mi, təbiətin dahi bəstəkarı, cəmiyyətin ruhi nəğməkarı!?
   Daha - “qoyma özgə budağa qona bülbüllər, tək sənə yaraşır “Sona bülbüllər”mi, onun çağdaşı sayın şairlər!
   Artıq “Nə qül-qül - qül-qülü badə”lər yox, gül-gülü nalələrmi, qədim-qayım şüəralar!
   Dil-dil ağılarmı, ipək nənələr? Sel-sel başsağlığılarmı, əlli milyonluq soydaşlarım? “Oy-oy”, “vay-vay”, “can-can!”mı, Azərbaycanım?!
   Daha Qarabağ dərdinə “bir igid ömrü”lük səbirdən sonra, adına “son mənzil” deyilən qəbirmi, Qədir...   

   Bir Səs getdi əbədiyyətə
   
   Bu gəlimli-gedimli, səs-küylü dünyadan əbədi qalımlı, sükut-sükunətli dünyaya bir Səs verdik. Ölümlü dünyaya ölümsüz Səs!
   Şəxsiyyət vəsiqəsində yetmiş yaşa çatan bu Şəxsin ifası, sənət vəsiqəsində altmış yeddi ilə yetən bu Səsin tərzi, dədə-babalıq rəmzi qədimdən-qədim, ləzizliyi şirindən-şirin, həzinliyi dərindən-dərin, zilləri ucadan-uca, sal-salğarı qocadan qoca!
   Bu Şəxsin özü də təkrarsız doğulmuşdu, Səsi də.
   Bu Şəxsin özü bir az qılıqsız olsa da, Səsi ecaz yapışıqlı idi.
   Bu Şəxsin özü Ağdamlı idi, Səsi bütöv Azərbaycanlı, tamam Turanlı, bütün cahanlı.
   Öncə sənnənəm, ay Şəxs! Niyə bir elə qəribə idin, bütün məclislərdə qərib idin? Axşamların şəri qarışmamış kefsizləyən, səhərlərin gözü açılmamış qürub idin? Nədən bu ömür karvanına bu cür sarban...
   Yox, sən bir az gözlə, ay Şəxs, bu yannan yaman səbirsizliklə səsləyir məni bir Səs!
   Buyur, ay Səs, qulağım səndədir, “darı-dən”dədir. Ləzzətindən taqətim yox anlamağa - kəhər-köhlən kişnəmələrinə, nər dəvə bozlamalarına, nalə-zəngulələrinə güldən-vergüldən bir çiləkən ver. Qoy görək, axı, bu yaşda anasından ayrı düşmüş çağa kimi nə çağlayıb-çatdıyırsan? Qatarından sayrı olmuş durna cürənə qaqqaşaqlayır, yaz leysanı tökəsi şimşəklərə timsal şaqqaşaqlayır, yurddanuzaq dəfn ediləsi sonnəfəslilər sayağı fəqanlayırsan?
   Hə, Səs hədəfim, indi sözüm sənin sahibinə - Şəxs əfəndimə dairdir. Sənin bütün qüdrətinə qadir Qədirin özünədir.
   Sən yada düşəndə adamın qulaqlarına Azərbaycanın bütün bulaqlarının, çeşmələrinin, şəlalə, çay, hay, haray və bütün xoş olaylarının səsləri gəlir, ay Şəxs! Gözlərimiz önündə yurdun bütün ormanlarının, dağlarının, bağlarının, meşələrinin mənzərələri cilvələnir. Bu təbiət vahidlərindən biri bu an mənə adama çox əsər edən əsərlərdən birini - “Kür qırağının meşələri”ni və baş qəhrəman Qədiri xatırlatdı. Bu povestdəki Salatının - onu daim incidən, kolxoz sədrinin papağını idarənin pəncərəsindən çölə tolazlayan, haqq sözü üzə deyən, sovet ip-sapına yatmayan və nəhayət, tutulub, bu tənha qadını başsız qoyan ərinə etdiyi müraciət daha musiqili səslənir: “Qədir, ay Qədir...”
   “Səslənir” dedim, o Səs yenə səsləndi mənə.
   Buyur görək, ay yeri-göyü lərzəyə gətirən Səs! Dəniz kimi fırtınalayıb, səhrasayaq tufanlayan Səs! Necə yəni, dəryada gəmin qaldı, biçmədin - zəmin qaldı?! Mümkünmüdür, bu cür gur işıqlı Səs mayakı olan bir gəmi dənizdə qala? Bu kəsərdə səda kərəntisinin biçənəyində biçilməmiş zəmi ola? Lap elə belə olsa da, elə səslənmə, qadam. Yoxsa, bu mahnıya qulaq asa-asa adam dəli olar, sonra da zəli olub yapışar sənin sahibinin tabutundan ki, məni də özünlə apar... O Şəxs də ki, - iraq-iraq - cəhənnəmə getmir ki, özünə yoldaş arayıb-axtarsın, cənnətə təşrif buyurur...
   Bəs bu Şəxsin özü haqda daha nə buyurmalı? Bu darmacalda ondan nələri, nəmənələri, dəngsiz-cəngsiz həngamələri xatırlayıb, “qovğa” ləqəbli, ayna qəlbli, “dayna” ləhcəli, qızıl külçəli Sənətkar-Şəxsi yaxından tanımayanlara xatırlatmalı? Ondan müsahibə almağı bacaran jurnalistlərin özlərini Qarsın qalasını alana tay tutmalarınımı? Toylarda ona verdikləri sifarişin ifasına nail olan cayılların öz qələbələrinə hayıl-mayıl olmalarınımı? Onun üzünə “sən böyük sənətkarsan” deyib, heç vaxt təsdiqlədə bilməyənlərin düşkün vəziyyətə düşmələrinimi?
   “Yordunuz” məni ay Şəxs, ay Səs, qoy bir haşiyə çıxım.
   ...Deyir, bir gecə küçədə bir SSRİ Xalq artistimizi tutub əl-qolunu bağlayır, “oxu!” deyə əmr edirlər. O isə: “əlim-qolum” bağlıdır, necə oxuyum?” sözlərini ifa edir. Daha birisini tutub deyirlər oxu, deyir mikrofonsuz? Sonra Qədiri tutub, ciblərini axtarır və deyirlər “ə, bu zalım oğlunda səsdən başqa heç nə yoxmuş ki!..”
   Eşitdim səsini, ay Səs! Nə?! Necə yəni, elə “yar-yar” deyirlər, heç sahibini deməyirlər?! Burax getsin bu gileyi, canım! Bilmirsənmi neçə onilliklərdir “Qədir, Qədir!” deyir bu xalq. Neçə illərdi “Qədir” yazır, “Qədir” çəkir - qədirbilən jirnalistlər. Neçə-neçə ad verib, mükafat təqdim edib başçılar, başbilənlər. Neçə saatlar, neçə günlərdi də fəxri qarovulunda, sayğı duruşunda durub - zati-alilərindən tutmuş adi sevərlərinə qədər. Bircə bu qalır ki, Qarabağsız Qədir ağrısına dözsək də, Qədirsiz Qarabağ itkisinə öyrəşməyək. “Zalım dünya öz işində, Gəlişində-gedişində”. Ağlamayaq yetmiş yeddisində ölməz Şəxsə, ölməz Səsə...
   Tale səni əbədilik etdi, Səs!
   Allah da sahibinə rəhmət eləsin...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar