Bu il görkəmli aktyor, Xalq artisti Ağadadaş Qurbanovun (1911-1965) anadan olmasının 100 ili tamam olur. Sənətkarın yubileyi dekabrın 20-də Gənc Tamaşaçılar Teatrında təntənəli mərasimlə qeyd olunacaq.
   
   Aktyor uzun illər bu teatrın səhnəsində çıxış edib. O, milli kinomuzda da yaddaqalan obrazlar yaradıb (“Arşın mal alan”da (1965) Soltan bəy, “Fətəli xan”da Birinci elçi, “Səbuhi”də Abbasqulu ağa Bakıxanov, “Koroğlu”da Həsən xan və s.). Tamaşaçıların yaddaşından silinməyən A.Qurbanovun övladları - xalq artistləri Hamlet Qurbanov və Gülşən Qurbanova sənət tariximizə öz töhfələrini veriblər. Sənətkarın qızı, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova atası haqqında xatirələrini oxucularımızla bölüşür:
   - Atam Bakının Saray qəsəbəsində kasıb bir ailədə dünyaya gəlib. Valideynlərini erkən itirdiyi üçün bacısı ilə birgə babasının himayəsinə keçir. Ancaq bir neçə il sonra onları da itirdiyindən şikəst əmisinin yanında qalmalı olurlar. O, 9 yaşından qonşulara su daşımaqla ailənin qayğılarını yüngülləşdirməyə çalışır. Ağır həyat yaşasa da, hələ məktəb yaşlarından teatra, incəsənətə böyük maraq göstərən A.Qurbanov istedadlı uşaqları başına yığıb dram dərnəyi yaratmağa çalışır, rejissorluğu da özü edirdi. 17 yaşında ikən ilk tamaşanı - “Fırtına” (müəllif L.Kərimli) əsərini ərsəyə gətirir. Tamaşa böyüklərin də marağını cəlb edir və əsərə baxmağa gəlirlər. Beləliklə, atamın istedadını görüb sonralar onu teatra cəlb edirlər. Onun səhnəyə qoyduğu tamaşalara baxmaq istəyənlərin sayı o qədər çox olur ki, oturmağa boş yer tapılmırdı. Həmin vaxtlar atama indiki Aktyorlar evinin yerində olan köhnə bir tikilini vermişdilər. Bununla atam Gənc Tamaşaçılar Teatrının əsasını orada yaratmış olur.
   Onun sənətə həvəsi sonsuz idi. A.Şərifzadə, Ü.Rəcəb, S.Ruhulla, M.Davudova, M.Əliyev, R.Təhmasibin iştirak etdiyi tamaşalara baxmaqdan yorulmaz, çox şey öyrənməyə çalışardı. Fitri istedada malik A.Qurbanov yaratdığı güclü obrazlara görə hələ 24 yaşında Əməkdar artist adına layiq görülür. Onun rejissoru olan A.Tuqanov atama həm də müəllimlik edib çox şey öyrədirdi. Bu insanda sonsuz həvəs, enerji ilə aktyorluq bir-birini tamamlayırdı. Gözəl görkəmə, gur səsə malik atamı tanıyanlar, tamaşaçıları çox sevirdilər. Onunla küçəyə çıxanda bizi salamlayar, onunla hal-əhval tuturdular. O, qayğıkeş, mehriban ata idi. Hər arzumuzu yerinə yetirməyə, bizim nazımızı çəkməyə çalışırdı. Zarafatı, xoş rəftarı ilə seçilirdi. Hətta bizim üçün yemək hazırlamaqdan belə zövq alırdı. Qohumlarımızın evində bir məclis qurulanda heç kəs onsuz süfrənin başına keçməzdi. Atam tamaşanı oynayıb gələndən sonra isə toplaşanların da əhval-ruhiyyəsi yüksələrdi. Tez-tez evimizə onun aktyor dostları (Fatma Qədri, Sidqi Ruhulla və başqaları) gələrdilər. Mənzilimiz kiçik, kommunal şəraitdə olsa da, atam bu məsələni qabartmazdı. Nəsə xahiş etmək, kimdən nəyisə ummaq onun xasiyyətinə yad idi. Hər şeyi öz əməyi sayəsində əldə etməyə çalışırdı və bunu öz şəxsi nümunəsi ilə bizə də aşılayırdı. Deyirdi ki , incəsənətə təsadüfi adam gələ bilməz.
   Çox ürəyiyumşaq, həssas insan idi. Tanımadığı adamlara belə əlindən gələn köməyi əsirgəmirdi. Bir dəfə Gənc Tamaşaçılar Teatrında nəvəsini tamaşaya gətirmiş bir nənənin pasportu cibindən sürüşüb harasa düşür. Bunu eşidən atam bütün teatrı ayağa qaldırır. Nəticədə pasport tapılaraq sahibinə qaytarılır. Bir gün isə mağazada hamının məktəbli oğlanı əhatəyə alıb ona acıqlandıqlarını, sərt sözlər deyildiyini görür. Nə baş verdiyini aydınlaşdıranda məlum olur ki, uşaq mağazadan icazəsiz şirniyyat götürübmüş. Onun “tənbehini” özü verəcəyini bildirib oğlanla küçəyə çıxır. Bir qədər söhbət etdikdən sonra harada yaşadığını, hansı məktəbdə oxuduğunu öyrənir. Və ertəsi gün onların evinə növbənöv o qədər şirniyyat alıb göndərir ki... Atamın belə xeyirxah işləri çox idi. Sadə insanların arasında olmağı xoşlayırdı. Həmişə piyada, ya da tramvayla getməyə üstünlük verirdi. Gələcək rollarında istifadə etmək üçün ətrafdakılardan nəsə öyrənirdi.
   O, həmişə Gənc Tamaşaçılar Teatrını yaratması ilə fəxr edərdi. Bu teatr onun adı ilə bağlıdır. Düzdü, sonralar 1952-ci ildən Akademik Dram Teatrında işləməyə (onu baş rejissor Adil İsgəndərov dəvət etmişdi) getdi. Amma sevindirici haldır ki, yaratdığı həmin mədəniyyət məbədi bu gün də fəaliyyət göstərir. Atam həyatla erkən - 54 yaşında getsə də, sənətdə silinməyən, dərin izlər qoya bilib. Onun istedadından, incəsənətə məftunluğundan biz övladlarına da pay düşüb. Ağadadaş Qurbanovun qızı olduğum üçün həmişə fəxr edib onun adını doğrultmağa çalışıram.
   
   İradə Əsədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar