Ötən əsrin əvvəllərində Tiflisdə yaşayan, yaxud tez-tez buraya gələn görkəmli ziyalılar, yazıçılar və sənət adamları Tiflis Azərbaycan teatrı ilə əlaqə saxlayır, tamaşaların hazırlanmasında iştirak edir, teatrın hazırladığı səhnə əsərlərinə tamaşa edirdilər. Nəriman Nərimanov, Cəlil Məmməquluzadə, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Firudin bəy Köçərli, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Əziz Şərif və bir çox başqaları bu teatrla təmasda olmuş, onun fəaliyyəti ilə maraqlanmışlar.
   
   Böyük yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin Tiflis Azərbaycan teatrı ilə əlaqələri teatr tariximizin parlaq səhifələrindəndir. Dramaturqun bir sıra əsərləri burada tamaşaya qoyulmuş, o özü isə bu teatrda bir neçə əsərə quruluş vermiş, eyni zamanda, aktyor kimi səhnəyə çıxmışdır.
   Ümumiyyətlə isə onun teatr aləminə marağı məhz Tiflisdə oyanmışdır. Ədib özü sonralar belə yazmışdır: «1890-cı sənədə Şuşa realnı məktəbinin altı sinfini bitirib, Tiflis realnı məktəbinin yeddinci sinfinə keçdim. Mükəmməl dram teatrı nə olduğunu mən ancaq Tiflisdə anladım. Tiflisdə təhsil edərkən, «Nahaq qan» sərlövhəli bir faciəni ruscadan tərcümə etdim».
   O, Peterburqda təhsil alıb qayıtdıqdan sonra da Tiflislə, buradakı sənət adamları ilə əlaqəni üzməmiş, xüsusən Tiflis Azərbaycan teatrı ilə yaradıcılıq əməkdaşlığı etmişdir. Əbdürrəhim bəy Haqverdiyevin həyatının müəyyən dövrləri Gürcüstanla, xüsusən Tiflislə bağlıdır. Ədibin özünün yazdıqlarından: «Mənim günlərimin gözəlləri, cavanlığım Tiflisdə keçdiyindən, o şəhərə mənim xüsusi bir məhəbbətim var».
   Professor Abbas Hacıyev «Tiflis Azərbaycan teatrı» kitabında yazır: «Arxiv materialları və mətbuat sübut edir ki, 1905-1907-ci illərdə ziyalılar, ilk növbədə C.Məmmədquluzadə, Ə. Haqverdiyev, Ə.Yüzbaşov, H.Minasazov, M.Şahtaxtlı, E.Sultanov, Ö.F.Nemanzadə Tiflis Azərbaycan teatrı ilə daha çox bağlı olmuşlar. Onlar məşqlərdə iştirak etmiş, teatrın göstərdiyi tamaşaların çoxuna baxmışlar. Hətta Ə. Haqverdiyev bir neçə əsərə mükəmməl, realist üslubda bədii quruluş vermişdir. 1907-ci il aprelin 27-də onun rejissorluğu ilə «Dağılan tifaq» tamaşaya qoyulmuşdur. Tamaşa təsirli və mənalı keçmiş, tamaşaçılar tez-tez aktyorları və Ə. Haqverdiyevi səhnəyə çağırıb alqışlamışlar».
   Məlumdur ki, 1912-ci ildə yerli ziyalıların təşəbbüsü ilə Tiflis şəhərinin azərbaycanlılar yaşayan «Şeytanbazar» məhəlləsində Tiflis Azərbaycan teatrı üçün xüsusi bina - «Auditoriya» açılmışdır. «Auditoriya»nın təntənəli açılış mərasimində görkəmli Azərbaycan ziyalıları ilə bir sırada Əbdürrəhim bəy də iştirak etmiş, professor Abbas Hacıyevin yazdığına görə, həmin tədbirdə o, teatrın dünyagörüşünə, əxlaq və mənəviyyata təsirindən, Azərbaycan teatrının yaranma və inkişaf tarixindən məzmunlu söhbət açmışdır.
   Əbdürrəhim bəyin öz əli ilə yazdığı tərcümeyi-halından məlum olur ki, o, 1916- 1919-cu illərdə Gürcüstanda yaşamış və işləmişdir. Ədib 1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan «Şəhərlər ittifaqı Qafqaz şöbəsinin xəbərləri» adlı aylıq məcmuənin müdiri təyin olunmuş, 1917-ci il fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinin Mərkəzi Şurasına üzv seçilmiş və Borçalı qəzasına komissar təyin edilərək qəzanın Şülöyür kəndində fəaliyyət göstərmişdir. 1918-ci ildə Gürcüstan öz müstəqilliyini elan etdikdən sonra o, Gürcüstan Türklərinin Milli Şurası tərəfindən ilk Gürcüstan Parlamentinə seçilmişdir.
   Bütün bunlarla yanaşı, Əbdürrəhim bəy ədəbi yaradıcılıqdan və teatr aləmindən ayrılmamış, yeni-yeni əsərlər yazmış, onların səhnədə oynanılmasına nail olmuş, fəal mədəni-maarif işi aparmışdır. Professor Əziz Şərifin «Keçmiş günlərdən» kitabından: «Mənim arxivimdə Tiflisdə K.Y. Zubalov adına Xalq Evi nəzdində Türk Dram Cəmiyyətinin 1919-cu il üçün üzvlük bileti vardır. Mənim adıma yazılmış bu bileti Türk Dram Cəmiyyəti idarə heyətinin sədri Əbdürrəhim bəy Haqverdiyev imzalamışdır. Bundan bəlli olur ki, Tiflisdə məsul siyasi vəzifə daşıyan yazıçımız yenə də məftun olduğu teatr işindən əsla ayrılmır və bu sahədə fəaliyyət göstərirmiş».
   Yeri gəlmişkən, qeyd edək ki, Əbdürrəhim bəy bu cəmiyyəti yaratmaqla Tiflis Azərbaycan teatrı truppasının dağılmasının qarşısını almış, onun gələcək inkişafı üçün zəmin yaratmışdır. Belə ki, bu truppa iki yerə - iki cəmiyyətə, hətta ayrı-ayrı qruplara ayrılmışdı və onlar ayrı-ayrılıqda çıxış edirdilər. Ədib məhz bu iki cəmiyyəti və qrupları birləşdirmiş, yaratdığı teatr cəmiyyətinə yeni istedadlar cəlb etmişdi. Beləliklə də onun Tiflis Azərbaycan teatrının təşkilatlanmasında böyük əməyi olmuşdur.
   Tədqiqatçılar xüsusi olaraq göstərmişlər ki, həmin illərdə Tiflis Azərbaycan teatrına qeyri-rəsmi şəkildə Əbdürrəhim bəy Haqverdiyev başçılıq etmişdir. Repertuar və artistlər arasında rol bölgüsü onun məsləhəti və göstərişi ilə müəyyənləşdirilmişdir.
   Onun Tiflis Azərbaycan teatrında «Dağılan tifaq»la yanaşı «Ağa Məhəmməd şah Qacar», «Bəxtsiz cavan», «Pəri cadu», «Ac həriflər», «Yeyərsən qaz ətini, görərsən ləzzətini», «Köhnə dudman» pyesləri tamaşaya qoyulmuş, eyni zamanda, bu tamaşalar teatrın Təbriz və İstanbul şəhərlərinə qastrollarında da nümayiş etdirilmişdir. Dramaturqun əsərlərinə müxtəlif vaxtlarda Hüseyn Ərəblinski, yerli rejissorlardan Mirzəli Abbasov və İbrahim İsfahanlı, habelə müəllif özü quruluş vermişdir.
   Bu tamaşalarda teatrın aktyorlarından Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, İbrahim İsfahanlı, Əli Qurbanov, Möhsün Sənani və başqaları iştirak etmiş, dramaturqun yaratdığı obrazları səhnədə canlandırmışlar.
   Əbdürrəhim bəy Haqverdiyev Tiflisdə yaşadığı illərdə «Hacı Qara», «Nadir şah» və müəllifi olduğu «Bəxtsiz cavan» pyeslərinə quruluş vermiş, Xalq artisti Mustafa Mərdanovun yazdığı kimi, «dolğun məzmunlu tamaşalar yaranmasına çox əmək sərf etmişdir».
   1908-ci ildə Tiflisdə Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» faciəsi tamaşaya qoyulmuş və böyük uğur qazanmışdır. Tamaşada Qacar rolunu Hüseyn Ərəblinski, İrakli rolunu Əbülfət Vəli, digər rolları Tiflis Azərbaycan teatrının aktyorları oynamışlar. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, onun köməkçiləri isə Əbülfət Vəli və Əbdürrəhim bəy Haqverdiyev özü olmuşdur.
   Hüseyn Ərəblinski dramaturqun tərcümə etdiyi «Qazavat» pyesini də Tiflis Azərbaycan teatrının aktyorlarının iştirakı ilə tamaşaya qoymuş və baş rolda - Əhməd bəy rolunda özü çıxış etmişdir. Bu tamaşa da tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.
   Professor İnqilab Kərimovun araşdırmalarından məlum olur ki, 1913-cü ildə Tiflisdə yazıçının «Bəxtsiz cavan» pyesi Əbülfət Vəlinin rejissorluğu ilə tamaşaya qoyulmuş və tamaşada Hacı Səməd ağa rolunda Əbdürrəhim bəy özü çıxış etmişdir( İnqilab Kərimov. «Ə. Haqverdiyev və teatr», Bakı, 1975, səh. 115). 1927-ci ildə Tiflisdə, Rustaveli teatrında Əbdürrəhim bəy Haqverdiyevin ədəbi fəaliyyətinin 35 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Bu ərəfədə Tiflis mətbuatında ədibin həyat və yaradıcılığına aid məqalələr dərc edilmiş, yubiley komissiyası tərəfindən Azərbaycan və rus dillərində xüsusi vərəqə buraxılmışdı. Bu vərəqədə dramaturqun fotoşəkili, qısa tərcümeyi-halı, pyeslərinin və tərcümə etdiyi əsərlərin siyahısı verilmişdir. Vərəqə bu sözlərlə tamamlanırdı: «Tiflis Dövlət Türk Teatrının təşəbbüsü ilə seçilmiş olan yubiley komissiyası ümid edir ki, 1927-ci il fevral ayının 4-də Rustaveli teatrosunda Ə.Haqverdiyevin təsid ediləcək 35 illik ədəbi-ictimai yubileyi Tiflis şəhərində olduğu kimi, onun xaricində dəxi böyük sevinclə qarşılanacaqdır».
   Doğrudan da yubiley mərasimi yüksək səviyyədə keçirilmiş, tədbirin təşkilatçılarından biri, professor Əziz Şərifin yazdığı kimi, bu yubiley o zamanın ədəbi və mədəni həyatında əlamətdar ictimai hadisə olmuşdur.
   Mərasimdə rəsmi şəxslər, ayrı-ayrı respublikaların, o cümlədən Gürcüstanın teatr ictimaiyyətinin nümayəndələri, şair və yazıçılar yubilyarı təbrik etmiş, Tiflis Azərbaycan Dövlət Dram Teatrı aktyorlarının iştirakı ilə dramaturqun «Bəxtsiz cavan» pyesinin ikinci pərdəsi və «Ac həriflər» pyesləri oynanılmış, eyni zamanda, böyük konsert verilmişdir. Mərasim Tiflis mətbuatında geniş işıqlandırılmışdır.
   Böyük ədib və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin Tiflis Azərbaycan teatrının formalaşmasında və inkişafında rolu danılmazdır və onun bu yöndə fəaliyyəti milli mədəniyyətimizin solmayan səhifələrindəndir.
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar