Onun yaradıcılığı ilə Yaxın Şərq xalqları musiqisinin inkişafında yeni dövr başlanıb
Qədim Şərq ənənələrinə görə, dövlətin nüfuzu, qüdrəti həm də onun musiqi mədəniyyətinin səviyyəsi ilə müəyyən olunurdu və buna görə də böyük dövlət xadimləri bu sahəyə xüsusi diqqət ayırırdılar. Azərbaycanda da bu ənənəyə hər zaman sadiq qalıblar. Bu diyar ta qədimlərdən kamil musiqiçilərin vətəninə çevrilib, dünya mədəniyyətinə qiymətli töhfələr bəxş edən musiqiçilər yetişdirib.
Belə dahi musiqi xadimlərindən biri də Səfiəddin Əbdül Mömin ibn Yusif ibn Fakir əl-Urməvidir. Orta əsr Şərq musiqi mədəniyyətini zinətləndirən, dövrünün ən qüdrətli musiqişünası olan bu şəxs 1216-cı ildə Urmiya şəhərində anadan olub. Gənc Səfiəddin Urməvi musiqinin ecazkar gücünü, elmin hikmətini və sənətin tükənməz qüdrətini ilk dəfə bu torpaqda duyub. Sonra Bağdada gedib və burada məşhur «Müstənsəriyyə» mədrəsəsində təhsilini davam etdirib. Mədrəsədə Şərq dillərini öyrənən gələcəyin böyük sənətkarı gərgin əməyi, fövqəladə istedadı nəticəsində tarix, ədəbiyyat, xəttatlıq, musiqi və başqa elm sahələrində məşhurlaşır. Mədrəsə həyatı qurtaran kimi onun üçün əsl həyat məktəbi başlayır. Bu alim iradəli, şair təbiətli insanın qəlbindən süzülən musiqi hikmətləri incə barmaqla dil açıb hər yeri bürüyür. İndi onun səsi sorağı təkcə saray əyanlarının da diqqətini özünə cəlb edirdi.
Əfsanəvi udunu dilə gətirməyi unutmurdu
Bu istedadlı şəxsiyyət həm də gözəl xəttat olub. Akademik Teymur Bünyadov “Əsrlərin izi ilə” kitabında yazır ki, Səfiəddin mədrəsədə təhsil aldığı illərdə özünün gözəl və aydın dəst-xətti ilə də hamını heyran qoyur: «Xəttat kimi məşhurlaşan Urməvi çox keçmədən xəlifə sarayına dəvət olunur. Abbasilər sülaləsinin sonuncu xəlifəsi Müstəsimbillahın sarayında baş xəttat və kitabdar vəzifəsində çalışan Urməvi saray kitabxanasında xüsusi səliqə-sahman yaradır, bir sıra kitabların mətnlərini köçürür. Geniş mütaliə və öz üzərində əzmlə çalışması ona bilik və şöhrət gətirir».
Lakin bununla yanaşı, o, bir an belə əfsanəvi udunu dilə gətirməyi unutmurdu. Urməvi imkan olduqca saray şənliklərində iştirak edər, Şərq musiqisini acgözlüklə dinləyər, məqam düşdükcə özü də çalardı. O, Bağdadın məşhur çalğıçı və müğənniləri ilə tez-tez görüşər, bəxtiyarlığını musiqi aləmində tapardı. Təsadüfi deyil ki, xalq arasında onun bəstəkarlıq və ifaçılıq məharəti haqqında xeyli rəvayətlər də meydana gəlib. Bunlardan ən məşhuru Urməvinin ud çalmasına dair el arasında danışılan hekayətdir.
Urməvi məhəlləsini monqollardan necə xilas etdi?
Lakin Səfiəddinin çalıb-çağırdığı və xoş güzəran keçirdiyi günlərin ömrü qısa olur. Monqolların xeyli vaxtdan bəri başlayan dəhşətli hücumları 1258-ci ildə Bağdad şəhərini də bürüyür. Hülaku xanın qoşunları tərəfindən şəhər darmadağın edilir və beş əsrdən çox hökm sürən Abbasilər sülaləsinə son qoyulur. Urməvini ölüm təhlükəsi gözləyir. Lakin o, bu qorxulu bəlanı kamalı hesabına, bir də ümid-pənahı olan musiqinin qüdrətilə sovuşdura bilir. Bu cəhətdən Səfiəddinlə şəxsən tanış olan tarixçi Həsən Erbelinin verdiyi məlumat daha qiymətlidir. O yazır: «Urməvinin yaşadığı məhəlləni on min qoşun əhatə edib. Həmin orduya başçılıq edən Nanu otuz nəfərlik dəstə ilə Urməvinin qapısını sındırmaq istəyəndə o, qapını açıb nəzakətlə onları içəri dəvət edir. Onlar ləziz yeməklərə və şəraba qonaq olurlar. Sonra çalğıçı qızlar bu məclisdə çalıb-oxuyur və rəqs edirlər. Urməvi ertəsi günü məhəllənin varlılarından toplanan hədiyyələri monqol zabitinə təqdim edib daha böyük məclis düzəldir. Yəhəri qiymətli daş-qaşla bəzədilən bir yaraşıqlı at da zabitin hüzuruna gətirilir. Nanu həmin məhəllədə yaşayanları bağışlayır və Urməviyə hələ Hülaku xanın hüzuruna gedəcəyini bildirir. Səfiəddin bir neçə çalğıçı və oxuyanı yanına alıb, Hülaku xanın görüşünə gedir. Hülaku xanın hüzurunda özünü təmkinli, mərd və ağıllı aparır. Səfiəddin ürək yanğısı və pərişanlıqla udu sinəsinə basıb gözəl bir hava çalır. Hülaku xan onun incə və oynaq musiqisini bəyənir və təriflər söyləyir. Monqol xanı Urməvinin ağıl və zəkasına heyran qalaraq onu saraya işə dəvət edir. Onun məhəlləsi isə təhlükədən azad olur».
Yeni musiqi sisteminin pioneri
Tədqiqatçılar bildirir ki, Səfiəddin Urməvi həm də iki simli musiqi alətin yaradıcısı sayılır. Onlardan biri «Nüzhə», digəri isə «Muğni» adlanır. Nüzhə cəng (arfa) və qanun formasında tərtib olunub. Dördbucaq formalı, qırmızı söyüd ağacından düzəldilən bu alət 81 simdən ibarətdir. Simlər alətin üzərinə elə bir üsulla çəkilir ki, hər üç sim bir yerdə köklənə bilsin. Quruluşu qanun, rübab və nüzhədən əxz edilən muğni ərik ağacından düzəldilib. Çanağı rübab çanağından böyük, həm də enli və üçbucaq formalıdır, onun dəstəsində 33 sim olub.
Bütün bu söylənənlər Urməvinin təkcə ifaçılıq istedadını deyil, həm də ölməz sənətkarlıq ustalığının parlaq təzahürüdür. Urməvinin musiqişünaslıq fəaliyyəti hələ yetərincə tədqiq olunmayıb. Məşhur ərəb filosofu və musiqişünası Fərabini onu «böyük ustadı» və «müəllimi» adlandırıb.
Çox güman ki, Urməvinin musiqi nəzəriyyəsinə dair dəyərli əsərləri olub. Lakin hələlik onun iki məşhur əsəri bizə məlumdur. Onlardan biri «Risaleyi-Şərəfiyyə» adlanır. Bu, Urməvinin ilk musiqi əsəri kimi qəbul edilib. Səfiəddinin ikinci əsəri «Kitab-əl-ədvar» («Dövrlər kitabı») adı ilə məşhurdur. Tədqiqatçılara görə, musiqinin bir sıra mühüm sahələrini özündə cəm edən bu əsər öz təravətini və əhəmiyyətini indi də itirməyib. Burada musiqi səsinin gücü, pərdələrin bölüm qaydaları, intervallar arasında nisbət qaydaları, çalğı alətləri, muğamlar, onların təsir gücü və bir sıra başqa mühüm məsələlərə geniş yer verilir.
Səfiəddin orta əsr Şərqinin böyük musiqişünası və yeni musiqi sisteminin pioneri adlandırılır. O, yazı notunu icad edən ilk bəstəkar hesab olunur. Ustad sənətkarı səma cisimləri ilə qoşalaşdıran musiqişünaslar da olub. XX əsrin görkəmli ingilis musiqişünası Henri Corc-Farmer yazır: «...XIII əsr musiqi səmasında parlaq bir ulduz zühur etdi. Onun adı Səfiəddin Əbdülmömin Urməvidir».
Lakin uğursuz və faciəli həyat Urməvini ixtiyar yaşında tufana salır. Bu böyük istedad orta əsrlərin feodal ədalətsizliyinin və hərc-mərcliyinin qurbanı olur. Dövrünün görkəmli musiqişünası olan Urməvi 1294-cü ildə 80 yaşında Bağdad həbsxanasında vəfat edib.
M.Sultanova