“20 Yanvar bizim böyük faciəmizdir, eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Bu tarix Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək”
   
   1990-cı ilin Qara Yanvarından 22 il ötdü. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı qırmızı imperiyanın \"Qızıl ordusu\"nun, sovet hərb maşınının zoruna məruz qalmış, günahsız insanlar gülləbaran edilmişdi.
   SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi \"Udar\" kod adlı qanlı əməliyyat nəticəsində Bakıda və bölgələrimizdə 147 nəfər qətlə yetirilmiş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi.
   20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, doğma torpağı uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Həmin gün al qana boyanan soydaşlarımızı küçə və meydanlara Qarabağ dərdi, torpaq təəssübkeşliyi çıxarmışdı.
   1990-cı ilin 20 Yanvarından ötən illəri bir qayda olaraq kədər, hüzn, matəm havasında qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil.
   20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Həmin gün küçələri boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin al şəfəqini simvolizə edirdi. Bu olaylar bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi.
   Prezident İlham Əliyev 2010-cu il yanvarın 20-də Bakıda Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışındakı çıxışında deyib: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir.
   20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”.
   XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Bu tarixi dünyaya tanıtmaq eyni zamanda bizim şəhidlərimiz qarşında vəfa borcudur. Ona görə yox ki, dünya bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya gerçək tarixi, 20 Yanvarın Azərbaycan xalqına qarşı törədilmiş məqsədli qırğın olduğunu bilsin.
   20 Yanvar Azərbaycan xalqının tarixində qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Xalqımız bu gün şəhid övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxıb başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar