“Al-kırmızı” yalanların “yeşil” Nazimi...
   
   Adamın heç inanmağı gəlmir ki, bu qədər həqiqi, doğal istedad və fəhm sahibi olasan və o qədər total yalanlar talantına - sovetlərə bir belə inanmış olasan...
   Bu aldanışa inanmırsan və əlbəəl də özün öz şəkkaklığını dəbbələyirsən ki, əgər sən bu qədər illər keçəndən və bu yaş-başdan sonra bu qənaətə gəlibsənsə, bəs o yeniyetmə neyləyəydi? Axı, Böyük Oktyabr Sosialist İnqilabının qalibiyyət gurhagur və vurhavurunda o “urra!”lara inanmış fağırın vur-tut, onbeşcə yaşı vardı...
   
   Dörd ildən sonra - on doqquz yaşında olan bu oğlan öz doğma, “karı memleketi”nin “vur ha!” haykırtılarını “ura!” çığırtılarına çevirmiş Rusiyaya gəlir. Yad səslər, boz sifətlər, hələ “net”-“yest” kəlmələrindən başqa heç nə anlamadığı danışıqlar dairəsində oturub-durub, durub-oturub “yeşil-yeşil hatireler”ə dalır...
   O vaxt hələ onun “Gülhane parkında ceviz ağacı” olduğunu duyurmasına çox qalırdı. Hələ gözləri önündə, bizim qara “20 Yanvar”dan səksən səkkiz il əvvəlki bəyaz 20 yanvarı - 1902-ci il sənəsindəki doğumundan üzübərini sinemalayırdı. Sonralar “Karlı-yamur Aralıkında - igirmi çamur karalıkında douldummu, anneciyimdən” - deyə qələmə alacağı günlərdən üzü bu yanaları yana-yana duyğu-xanalayırdı. Xatirələrindəki - iki il öncə İstanbul Hərbi Dənizçilik Məktəbindən qovulma “dayanacağına” yetəndə həm kədərlənir, həm sevinirdi. Birinci hissin səbəbi o idi ki, onu Türkiyənin işğalı əleyhinə yazdığı şeirə görə qovmuşdular. İkincinin - yəni sevincinin hədəfi isə bir qədər şəxsi və sentimental duyğulara bağlı idi; onsuz da o, nə vaxtsa dənizçilikdən çıxıb, poetik dəryaçılığa baş vuracaqdı. Amma bu, onu qəriblikdə çulğamış əcaib-qəraib xatirələrin arzu “fəsli” idi. Bolşevik həmsöhbətlərindən birinin “Nu, srazu nostalqiya?!” sözü olmasın, o, ötən on doqquz ilin əzab “lirə”lərini bu “rubl” məkanında xərcləyib qurtara bilmirdi. Doğum beşiyi Salonikidəki ev-eşiyində nə yatmışdı ki, nə də rahatlıq yuxuları görəydi?! Zadəgan ailəsində doğulsa da, dükan-bazarlarının bu tayı kasıblıq, küçələrinin o tərəfi dış, məmləkətinin çox parası işğalçılar nəzarətində, məlumat-informasiya qələmi düşmən əlində...
   
   Burası Vatan, orası şeytan!..
   
   Hə, “Burası İstanbul. Taşları, divarları geçmiş, nüfusu eski, başkanları tepki...” Bəs nə etməli? Bu “lal” sualdan qutsal qurtuluş: milli azadlıq uğrunda çarpışan Anadoluya getməli! Bəs - hər sözünə qəzavat, hər şeirinə bir həbs gözləyən bu gənc - bəs buradan haraya, Anadolu?! Sənin kimi ayaqlar altında qalan bəyaz bir məmləkətdən başdan-başa yalan bir ölkəyə - Rusiyayamı?! Axı, bu yalan “...şair sözü, əlbəttə, yalandır” doğrularından çox uzaq idi, ey “emirgenliyini sümürgenlere satan” və hələ Mustafa Kamala hamilə Vatan!..
   Aldanış-gəlişindən bir il sonra Nazimi Moskvada Şərq Zəhmətkeşləri Kommunist Universitetinə qəbul edirlər. Bu ucaboylu, şirindilli türk balası qırmızı-qırmızı sovet yalanları, sarı-sarı rus qızları əhatəsinə düşür. Kreml hesab edir ki, “Xikmet” özünü yağ içində böyrək kimi hiss edir, Hikmətin kəndi duyğuları isə yağı əlindəki Bamsı Beyrək timsalında his verir. Qələmi nə qaralasa da, qəlbi Vətən dərdi namələyir.
   1924-cü ildə Türkiyəyə qayıdır. SSRİ-dəki “bolşe” fısqırıqlardan havalanmış inqilab ladlı qəzet və jurnallarda (“Oraq-çəkic”, “Aydınlıq”) Lenin ideyalarını vəsf edən məqalə və bədii nümunələrlə çıxışlar edir. Həmin orqanlar tezliklə bağlanır və Nazim təqib olunur. 1925-ci ildə “qiyabi” olaraq on beş illik həbsə məhkum edilən iyirmi üç yaşlı bu “səyyari-cəlayi-Vətən” yenidən gizli şəkildə SSRİ-yə keçir.
   Türkiyə qoxusu tamarzılığına dözə bilməyən şair Bakı ilə əlaqələr qurur. “Tez-tez” arzusuna imkan-icazə verilməsə də, “gec” - lakin güc görüşlərə nail ola bilir. 1928-ci ildə burada “Günəşi içənlərin türküsü” adlı ilk şeirlər kitabı nəşr olunur. Sonra - zamanın siyasi “37” “nəşr”indən bir il keçmiş - “yeniləşən Bakı”da da duruş gətirə bilməyən şair yenidən Türkiyəyə qayıdır və 1938-ci ildə həbsə alınır. Lakin, iştə və “iş”də heç bir dəlil-sübut tapılmadığından, səkkiz ay sonra azad edilir (Türk kommunistlərini mübarizəyə səsləyən “Gecə gələn teleqram” adlı şeir toplusuna görə beş illik həbs cəzası da bir ildən sonrakı amnistiyaya düşmüşdü). Amma bu acı taleli şairin qazamat-qəzavat serialları, acı bağırsaq kimi, uzandıqca-uzanırdı. Qısaca ifadə etməli olsaq; hər yeni kitabdan sonra yeni həbs...
   Həbsxana zülümdarlıqlarını qınamaqla yanaşı, qeyd edilməlidir ki, onun yaradıcılıq məhsuldarlığının əsası məhz bu məkanlara aiddir. O, məşhur “İnsan mənzərələri” epopeyasını, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa” pyeslərini, “Həbsxanadan məktublar” silsiləsi və digər əsərlərini məhz həmin “cənnət”-məkanlarda yazmışdır. Bütün altmış bir illik ömründə, bəlkə də 28 gün və ya uzağı, iyirmi səkkiz ay xoş gün görməmiş şair hakimin iyirmi səkkiz il dörd ay müddət-möhnətli həbs qərarını dinləyərkən, deyilənə görə, “evet-evet” kəlmələrindən başqa, heç bir söz söyləməmişdir. Və bu kəlmələrin - sonralar oğlu haqqında yazacağı (əslində, bozlayacağı!..) “...Memet, Memet...” sızlartıları ilə qafiyələnməsi o vaxtlar məni, bəlkə də onun milyonlarla oxucusundan bir bal daha çox zəlzələləmişdi! Bu titrətməm o vaxta qədər davam etdi ki, sonralar 1950-ci il xronikasında belə bir informasiya ilə də tanış oldum: “Mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N. Hikməti azad etməyə məcbur olmuşdur”.
   Həmin vaxtlar Türkiyənin siyasi məşhurlarından biri Nazim Hikməti hamıdan çox dirildən bir kəlam da doğub-doğurubmuş ki, bununla da sonralar tanış oldum: “Mən bu dahi əfəndimizi öz əllərimlə boğub öldürər, sonra da... məzarı üstündə hönkür-hönkür göz yaşları axıdardım!..”
   Yalanpış (bəlkə də, Marks demişkən, hələ zamanı yetişməmiş) “kommunizm”ə dair yanlış düşüncələrinə görə ölüm cəzasına məhkum edilib, dərhal da ağı-ağlama aministiyası ilə təltif edilən bu göylər gözlü, div cüssəli, başıbəlalı əfəndi sağlığında da, fiziki yoxluğunda da Türk, Azərbaycan və dünya ədəbiyyatında, ictimaiyyətində yüzlərlə aforizmə, minlərlə nəqli-əqli fikir və düşüncələrə səbəb olub. Deməli -
   
   Nazimin düşüncələri...
   Nazim düşüncələrdə...
   
   Nazimin əsas düşüncələri ssenaristi və ədəbi materialçısı olduğu kinofilmlərdə (“Bir məhəlləli iki oğlan”, “Məhəbbətim, kədərim mənim”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım!”), pyeslərində (“Qərib adam”, “Türkiyədə”, “İvan İvanoviç vardımı, yoxdumu”, “Domokl qılıncı”), onlarca poemasında, minlərcə şeirlərində uyuyur. Bu gün onların hansını dəbərtsən, səninlə əsrdaşın, çağdaşın kimi danışıb-mənalanasıdır. Məsələn, Nazim düşünüb ki, eyni materialdan, eyni nüansdan, münasibətdən - minimum iki cür istifadə etmək, yararlanmaq olar: sən ayağını yol üstündəki dəmir daşa ilişdirib ufuldaya da bilərsən, onun üstünə qoyaraq, tuflilərinin bağını bərkidə də...
   Türkiyədə doğulub Rusiyada dəfn edilən qərib və qəribə Nazim çoxlu-çoxlu düşünülüb də. Biri belə bir ömür yaşamaya heyrətlənib, beşi təəssüflənib, on beşi acıyıb. Bu “bir”ləri beşə, “beş”ləri on beşə vuranda riyazi bir roman alınar deyə, məsələyə böyük Məmməd Araz “hekayət”ilə xitam vermək istərdim:
   
   ...Deyirlər, Oşanin
    Bir ovuc Türkiyə
    torpağı gətirib,
   Nazimin qəbrinə səpibdi.
   Nazimin qəbri də -
    Nazimin qəlbinə
    səpibdi.
   O, torpaq içində
    bir ana dodağı gətirib,
   Nazimin qəbrini öpübdü.
   Nazimin qəbri də -
    Nazimin qəlbini
    öpübdü...
   ...Nazim qırx il, düz qırx il
   Dünyanın şeir-sənət limanlarına
    Türkiyə yükü boşaltdı.
   Bəs ondan şairə nə çatdı?
   Bir ovuc torpaq...
   O da ki, Nazimin
    qəbrinə qismət oldu...
   Eşidirsən Anadolu?
   Qəbrinə qismət oldu!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar