O Gün nəyə tən? O Axşam pərşuma oxşam! O Gecə necə gecə?!
   
   Xitablarım yaraşıqlı günlərimizə, işıqlı axşamlarımıza - müstəqil gündüz-gecələrimizədir...
   Xoş dəmlərimizdə “quş qanadlı” deyə təşbeh etdiyimiz illərin o Gün, o Axşam, o Gecə möhürlü İli “qış qanadlı” keçdi ömrümüzdən.
   Ancaq o qanlı tarixçə bizi şanlı müstəqillik tariximizə yaxınlaşdıran ən iri və ən diri addım oldu...
   İyirmi iki ildir ki, bu barədə bütün sabiq milli ələmlilər düşünür, mikrofonlu, tribunalı dilidönəmlilər danışır, publi-əliqələmlilər yazır.
   Bəndəniz də bir şahılıq karandaşını o Gecənin xəncərilə qəddəyib, qara başını o tırtıllı hadisələrin xatirələrilə səddləyib, bu “QaraYanvarNamə”ni yazar olur...
   
   Fonetik səsləniş
   
   Bu “namə”ni yalnız elə mütaliə etməklə kifayətlənmə, əziz oxucum, hörmətli həmvətənlim! Sözlərin o üzündəkiləri görməyə, duyğuların o tayında uyuyanlara baxmağa da çalış...
   Bu, tabu-tapşırıq deyil. Görəv-göstəriş də deyil. Bu, qəlbi-qəribə, səyi-qaibə bir göstəridir. Və daha çox, 22 yaşadək olan oxucu-“tamaşaçı”lara aiddir. Nədən ki, burada yazılıb-“göstərilən”ləri o yaşdan o yanaların hamısı görüb.
   Deməli belə, - həyat bünövrəsi o Gecədən üzü bəri qoyulmuş şanlı müstəqil vətəndaşlar, yeni-yeni yeniyetmələr, sabahımıza hörgü uşaqlar, gələcəyimizə körpü körpələr! Deməli, siz “yanvarbryat”lar keçmiş “oktyabryat”lardan, “Sehrli xalat” filmindən tanış olduğunuz “piyanar”lardan, “qamsamol”lardan və biz “tarix-Nadir”çilərdən daha yetkin-yetkili olduğunuz üçün, inanıram ki, bu an nəsə bir şey icad eləyib, bu naməni həm də nümalayacaq, o Gecəni görəcəksiniz də...
   Heç də təəccüblənməyin ki, iyirmi iki il öncəki o müsibətin passiv şahidliyində sizi də - o vaxtın uşaqlarını, körpələrini, hətta, hələ “bətn” vətənində olanları belə, istisna etmirəm.
   Bəli, o Gecənin dəhşət-vəhşət payından hələ Anadan Vətənə gəlməmişləriniz də dadmışdı və mən bir az da o “bətndaş-qarındaş” qardaş-bacıların xatirinə bu icad-“görmə” ixtiranızın arzusundayam.
   Bu gün 22 yaşı tamam olan o qara, o yara, o dinsiz, imansız, qansız Gecə elə qanlı-qadalı idi ki, onu yalnız canlı yayım kimi yazıb-yozasan gərək. O gurultu-guppultulu, ölüm-itimli, ağrı-iniltili Gecənin reportajını yalnız sözün öhdəsinə buraxmaq olmaz; gərək bu görəcək mənzərəyə göz də göz olsun...
   Canlı yazı-yayım nə qədər müşkül olsa da, bu işə ürəklə qol qoysaq, alınacaq. Qoy lap hərdən üslubi xəta, gözqırpımı yayınma, xəyal-keçidlərdə ötürmələr, yanlış-yanılmalar da olsun, neynək. Təki o Gecə barədə olan bu bir səhifə-süjeti canlı-qanlı canlandıra bilək.
   “Rejissor”umuz “Arzu Hamılı”dan xahiş edək ki, söz-gözümüzdəki hüzn-kədər sovuşanadək fonda şaqraq bir musiqi parçası səsləndirsin - o Gecənin hərb “simfoniya”sının acığına!
   Hə, budur, Qara Qarayevin “İldırımlı yollarla”sından adaljio-rəqs!
   “Səs operatoru”muz “Azad Müstəqilli” bizi aldı; bu sənət atəşini astaca-ustaca yığıb, “sözü” avtomat, pülemyot və tank-toplardan qopan siyasi-texniki atəşlərə verdi.
   Hə, başlayaq yaza-yaza baxmağa, görə-görə yazmağa:
   
   Salam, məşəqqət və məşəl Gecə!
   
   Axşamın xeyir, ah(!)-ax(!)şam! Bizi qırmızı yalan-yamanlardan qurtarası ağ şamın qutlu, 19 Yanvar Axşamı! Zülmətindən zülm tökülən, ciknəsindən qulaq tutulan vəhşi Gecə, qəzan mübarək! Səhərədək yuxusuz, zirzəmilərinədək sükutsuz, zifafınadək sevgisiz, toysuz, musiqisiz, yaradılıcıqsız, mədəniyyətsiz Gecə! Sənin pələ qulağına yoz-boz cürə sözümüz, təpə gözünün içinə bir sürə alçı baxışımız var!
   Bizim qanlı və şanlı Gecəmiz, o nədir elə - “qəhrəman sovet ordumuz”un saldatları Biləcəridən “Şamaxı yolu”na qalxa-qalxa çəkmələrini... yox, yox (bu söz incə-mincə səslənir), sapoqlarını niyə belə taqqıldadırlar asfalt üstündə?! Onların qarşısına əliyalın çıxan bu gənclərə - xəbərdarlıq etmədən - nədən atəş açırlar?! Qaçıb ağaclar arxasında daldalanmaq istəyən o yeniyetmənin qarasına bütöv bir avtomat darağı boşaltmaq “ayıb” deyil-deyil, bəs, bircə nəfər “sovet balası”na 60 patron boşaltmaq “hayıf” da deyil?!.
   “XI Qızıl Ordu” (“Qızıl”a bax, a! Özləri “qırmızı” - “krasnoe” deyirdilər, biz isə qızıl!) meydanı... Hə, “XI Qızıl Ordu” meydanında “təcili yardım” maşınından düşüb, yerdə çapalayan nəhəng gövdəli bir cavana yaxınlaşan bu gənc şəfqət bacısının böyür-başına bu qədər güllə yağışı yağdırarlarmı, ay Qobsek Gecə?! Bu qədər zərif, bu qədər zəif, ağbəniz, aybəniz qızcığazı, bu sayaq humanist xanımı bir belə yağır-bağır etməkmi olar, ay qarabəniz Gecə?!
   Sübh tezdən Prezident Aparatı binası qarşısına toplaşan xalqın üstünə şığıyan bu BTR-in qabağına atılan bu cavan - “Çkalov (!) küçəsi aşağı sürütdürülən bu qəhrəman kimdir, belə? Hər qəzet səhifəsindən hər varağa “humanist” bir ölkə təpədən dırnağa cumanist-total texnikası ilə öz vətəndaşını “poçemu” belə motal kimi yumbalayır?..
   Dəmir yol vağzalında gecələmiş bu gülsatan oğlan asfalt üstündə qərənfil-“qələm”lə nə yazıb? “Elnən gələn vay”? Bəs “toy-bayramdır” sözləri hanı? Həə... “iş başında” güllələndiyinə görə fikrini tamamlaya bilməyib... Bu, bitkin bir əsər, əsri bir dram deyilmi, tragediya Gecə?! Xalqı ruhdan düşməməyə çağıran “yarımçıq” meydan epopeyası!..
   Gəl, bunların əvvəlki “həmkarlarını” da xatırlayaq, müdhiş və mübarək Gecəmiz! Aha, “icad” rejissor-operatorlarımız bizi aldılar; Soltan Hacıbəylinin “Karvan”ını səsləndirdilər.
   Gəl, səndən düz 70 il əvvəl “parlaq” süngülərlə Bakıya soxulan “XI qırmızı ordu”nun zireh-qatarını xatırlayaq. Cəllad qələmindən çıxmış “37”li, “ÇK”lı, “NKVD”li repressiv sürgün-sibirləri... Cavidləri, Müşfiqləri aparan gecələri, gündüzləri, axşamları, səhərləri, vaxt-bivaxtları yada salaq, mənhus Tiranlıq və möhtərəm Azadlıq Gecəmiz! O illərin qırmızı şüarlarından kor, güllə-baranlarından kar Gecəmiz!..
   Qulağını bəri elə, bizim də beş-üç şüarımız var. Bir Vətənlik faciəmizə bir millətlik öygülərimiz var...
   Hə, “musiqi tərtibatçımız” “Özgür Məmləkətli” valı dəyişdi - Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”sunu gurlatdı!
   ...Gün aydın, güllə çilçırağına tutulmuş Azadlıq Gecəsi! Sənin o zil qaranlığında, buz qoynunda elədən-belə, belədən-elə çovuyan o işıldaquş, o bayquş güllələr olmasaydı, bu xalq ayağa daha cəsarətlə qalxmaz, əsarətdən daha tez qurtulmazdı. Heç biz özümüz də bu - bir sözü bəd, bir sözü şad yazımızı, bir gözü ağlar, bir gözü gülər baxımızı heç bir senzordan, redaktordan keçirə bilməzdik!
   Keçmiş ola, - öncəsi yara-qalmaqallı, nəticəsi istiqlallı Gecəmiz! İllər uzunu sinəni istehsalat orden-medalları ilə bəzəyən o Mərkəz o Gecə o əlvan metalları al-qırmızı qurşunlara çevirib, sənin üstünə çilədi! Amma itirən o - məsafəcə uzaq, “böyük qardaş”lıqca “yaxın” Mərkəz oldu, qazanan isə bu “ucqar” - Azərbaycan!..
   Sən böyük bir milli dövran olacaqsan, yetmiş illik müstəmləkəliyin sonuncudan əvvəlki ləkə Gecəsi! “Pəpə” yeyəndən, “məmə” deyənə qədər hamı - o “Rəzillik Orkestri”nin yoğurub-doğurduğu ən kütləvi qətliam marşından sonra əzəmətli “Müstəqillik Simfoniyası” ifaçılarına çevriləcək...
   Bir baxın, sürücülər maşınlarını zirehli qan-qadalar üstünə sürürlər. Təbiblər xalqın əsl həbibinə çevrilirlər. Şəfqət bacıları “Aslanın erkəyi-dişisi olmaz” zərb-məsəlinin mülki-hərbi abidəsini yaradırlar. Oğrular, cibgirlər belə, bütün gecə uzunu ciblərə, çantalara yox, sir-sifətlərə baxıb məna cilir, anlam oğurlayırlar. Və yəqin hələ Sənin “qırx”ın, bəlkə də “il”in çıxanadək əllərini dinc qoyub, mayalarından yeyəcəklər...
   Sən ən maarifçi gecə olacaqsan, Universitet Gecə! Sən uzun illərin semestr imtahanlarına tutuquşu cavablar vermək zorunda qalan bu tələbə xalqı əsl dövlət-dövlətçilik imtahanına çəkəcəksən. Milli dövlət imtahanına “göndəriş”lədiyin bu tələbə-xalq 1991-ci ilin 18 oktyabrında - əsasən sənin hesabına - əla-ali qiymət alaraq, bütün universitetlərin fövqündə dayanan Müstəqil Milli Şərəf Universitetini bitirib, “öz əli, öz başı” dövranına qədəm qoyacaq!
   Sən ən dini, ən mömin, şəhid-şühəda, qazi-mücahid meydanısan, Tanrısal Gecə! Bax, məlum və “məşhur” allahsızlıq dövranının təbliğatına uyanlar belə, sənin bu zülüm-zülmət qaranlığında əllərini göylərə qaldırıb dua edirlər, millətə nicat diləyirlər. Süfrələri həftələr-aylarla ət görməyənlər xeyir işlər üçün saxladıqları toy toğlularını belə kəsib, Sənin mübarək şəhidlərinin ruhuna ehsanlar verəcəklər...
   Sən həm də bizim ən siyasi-elitar anımızsan, ictimai anlaq Gecəsi! Bütöv bir millətin açıq havada toplanmış Milli Məclisisən; hər kəs özlüyündə bir millət vəkilinə çevrilir bu anlar. Hər kəs öz qafasında, düşüncəsində qərarlar qəbul edir və öz ürəyində, öz qəlbində onların icrasına başlamağa başlayır...
   ...Belə. Əvvəli qaranlıq, sonu işıqlı Gecəmiz! “QaraYanvarNamə” yazarlığımız və “tamaşa”çılığımız burda bitir. Adətən, naməyə cavab gözlənər. Amma Sən narahat olma, mənim 22 yaşlı Milli Gecəm! Sən 20 ildir ki, bu cavabı vermədəsən. “Mən müstəqil ölkə vətəndaşıyam!” qürurumuzdan, çilçıraqlı paytaxtımızdan, artıq 21 yaşına adlamış gənc və qoca, qədim və yeni, hər gün bir ləçək də çiçəklənən Azərbaycanımızdan ibarət bir cavab...
   
   “İcad”-P.S. Ötən (“Öncəgörmə”-monoloq”dakı) “Psixo-P.S.”də yazmışdım: “ardı gələn sayımızda”, burda isə qeyd edirəm: fotolar növbəti (son) səhifəmizdə...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar