Əməkdar incəsənət xadimi Leyla Axundzadənin vəfatından iki il ötür
İnsanın fiziki yoxluğu ilə mənəvi varlığı arasındakı məsafəni təyin etmək çətindir. Azərbaycanın tanınmış sənətşünas alimi, Əməkdar incəsənət xadimi Leyla Axundzadə iki ildir ki, həyatda yoxdur, amma onun sənətdəki varlığı bir nəfəs qədər yaxındır. Çünki o, incəsənətə son dərəcə bağlı bir insan, sözün əsl mənasında, sənət fədaisi idi.
Son 20 ildə Azərbaycan incəsənəti forma və məzmunca əsaslı şəkildə dəyişilmiş, yeni mahiyyət kəsb etməyə başlamışdır. Müstəqillik illərində rəssamlarımızın Qərb incəsənəti ilə dialoqunun daha da genişlənməsi Azərbaycanda ənənəvi incəsənətlə yanaşı müasir incəsənətin inkişafı üçün zəmin yaratmışdır. Gənc nəslin nümayəndələri foto və videonun, texnologiyanın imkanlarından istifadə edərək incəsənətə yeni bir münasibət formalaşdırmağa başlamışlar.
Azərbaycanda müasir incəsənətin inkişafı və təbliğində Leyla Axundzadənin danılmaz rolu olmuşdur. Məhz onun təşkilatçılığı ilə keçirilən sərgilər heç də hamı tərəfindən birmənalı qarşılanmayan, bəzən tənqid doğuran, bəzən sonradan anlaşılan əsərlərin nümayişi üçün bir məkana çevrilmişdir. Bu “tribuna”dan gənc rəssamlar, daha sonra onlara qoşulan müasir fikirli avanqard incəsənətin tərəfdarları öz sözlərini deməyə imkan tapmışlar.
Leyla Axundzadə özünün “XX əsr dünya təsviri incəsənəti” kitabında müasir incəsənətin mahiyyətini izah edərək yazırdı: “XX əsrin incəsənətində yaradıcılıq prosesi öz-özlüyündə hazır incəsənət əsərindən daha vacib olur. Ən əsası rəssamın yaradıcılıq imkanları və dühasıdır”.
Onun təşkil etdiyi sərgilərdə də rəssamın dühasını, fikir və ideyasının orijinallığını və əhəmiyyətini çatdırmaq, ideyanın əsas olduğunu nümayiş etdirmək niyyəti daha çox hiss olunurdu. Keçirilən sərgiləri göz önünə gətirərkən bir daha düşünürsən ki, onun ortaya çıxardığı yeni ideyaların sayı-hesabı yox idi. Bu ideyalar rəssamın məharətindən daha çox incəsənətin yeni üsul və vasitələrlə qavranılmasına yönəlmişdi. Məhz bu qavranılma prosesinin özündə Leyla Axundzadənin keçirdiyi sərgilər bəzən tənqid olunur, bəzən anlaşılır, bəzən də zamanını gözləyirdi. Vaxtı ilə “Zamanın qanadları” Yaradıcılıq Assosiasiyası tərəfindən təşkil edilən (2000) sərgilərin hər biri bu gün də geniş müzakirə mövzusu, tədqiqat obyektidir.
O, daim istedad axtarışında idi. Hər yeni sərgidə yeni adlara rast gəlirdik. O, gənclərin dostu, onların sirdaşı idi. Ona görə də ona hörmət edir, sevir və dediklərinə əməl edirdilər. Fikir və ideyalarını asanlıqla izah edə bilirdi. Buna uzun müddət pedaqoji fəaliyyətlə məşğul olması, bu sahədəki təcrübəsi imkan verirdi. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq şöbəsini bitirdikdən sonra Bakıya dönərək Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda (1975-1984), daha sonra Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamışdı. 1991-2001-ci illərdə universitetin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, 2001-2008-ci illərdə isə Dövlət Rəssamlıq Akademiyasında eyni adlı kafedranın müdiri vəzifələrində çalışmış, eyni zamanda müxtəlif fənlərdən dərs demişdi.
Mənim Leyla Axundzadə ilə tanışlığım da tələbəliyimin ilk ilində olmuşdu. Mühazirələrində sənətin bizə məlum olmayan sirlərini elə nəqlediciliklə danışır və izah edirdi ki, bir tək onları yadda saxlasaydın bəlkə də əlavə kitab oxumağa ehtiyac qalmazdı. Lakin o, kitab oxumağı, lazımi materialları və mövzuları dərindən mənimsəməyi, öyrənməyi tələb edirdi.
Leyla Axundzadə pedaqoji fəaliyyəti ilə yanaşı həm də yaxşı təşkilatçı idi. Onun təşkil etdiyi əsas sərgilərdən “Azərbaycan rəngkarlığı” (Vaşinqton, 1998), “Oriyentalizm daxildən və xaricdən” (Bakı, 2002), “Alüminium” I, II, III, IV beynəlxalq müasir incəsənət biennaleləri (Bakı 2003, 2005, 2007, 2009), “Metabəstəkarlar birliyi” - Moskva rəssamlarının sərgisi (Bakı, 2005), “Simalar” - XX əsr fotoqrafiya sərgisi (Bakı, 2005), “Azərbaycan rəssamlarının sərgisi” (Moskva, 2006), “Qadın. Müharibə. Sülh” beynəlxalq təsviri sənət sərgisi (Bakı, 2005), “5+” (Bakı, 2006), “Steps of time” (Drezden, 2009) və s. sərgiləri qeyd etmək yerinə düşərdi.
Bu xüsusda, əlbəttə, Azərbaycanın Venesiya Biennalesində iştirakı ilə bağlı ayrıca danışmaq lazımdır. Leyla xanım Azərbaycanın bu nüfuzlu sənət sərgisində təmsil olunmasını çox istəyirdi. 2006-cı ildə Leyla Axundzadə Mədəniyyət və Turizm Nazirliyində Təsviri və dekorativ sənət sektorunun müdiri təyin olundu. 2007-ci ildə nazirlik ölkəmizin ilk dəfə olaraq 52-ci Venesiya Biennalesində iştirakı barədə qərar qəbul etdi. Leyla Axundzadə Venesiyada Azərbaycan pavilyonunun qurulması ilə bağlı arzusunu, nazirliyin rəhbərliyinin və sənət ictimaiyyətinin ondan gözlədiklərini layiqincə yerinə yetirdi. İki il sonra (2009) 53-cü Venesiya Biennalesində Azərbaycan yenə uğurla təmsil olundu.
Onun fəaliyyətinin əsas istiqamətlərindən biri də elmi araşdırmaları olmuşdur. Müasir incəsənətin problemlərindən bəhs edən və Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Fransa, Almaniya, İtaliya və s. ölkələrdə dərc olunan 40-dan çox məqalənin müəllifi olmuşdur. Milli incəsənətimizdə mənzərə janrının inkişafı barədə yazdığı namizədlik dissertasiyası (1984) Azərbaycan sənətşünaslığında hadisə kimi dəyərləndirilirdi.
Leyla Axundzadə Azərbaycan Rəssamlar İttifaqının, Fotoqraflar Birliyinin və digər yaradıcılıq təşkilatlarının üzvü idi. Müasir incəsənət (fotoart, videoart, installyasiya) sahəsində xeyli yeni ideyaların və işlərin müəllifi idi. Vəfatından sonra, 2010-cu ilin aprelində Moskvadakı “Aydan” qalereyasında keçirilən Azərbaycan incəsənət sərgisində onun “Neft”, “Mənim qəmgin dostlarım” kimi işləri nümayiş etdirilmiş, 2010-cu ilin dekabrında Almaniya paytaxtındakı “Berlin-Bakı” qalereyasında “Ömür qısa, incəsənət isə əbədidir” adlı sərgisi keçirilmişdir.
Leyla Axundzadənin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.
Onun faciəli şəkildə vəfatından iki il keçir. Ömür həqiqətən qısa, lakin sənət əbədidir. Leyla Axundzadə bütün həyatını incəsənətə xidmətdə keçirmişdir. İncəsənət daim yaşadığı kimi, ona xidmət edənlər də daim yaşayır.
Qalib Qasımov,
sənətşünas