Könüllərə çox belə söz söyləmişə səsləniş...
«Mahnıdır yelkənim əzəldən mənim, Ey şair İslamın gözəl cananı...»
Sabah yox birisi gün - fevralın 12-si sənin doğum günündür, şair İslam, hər vaxtın xeyir. Amma, xüsusən, sabahın xeyir!
Sabahdan sonra sonsuz sabahlar gələcək ki... öz saysız və çağlar şeirlərinlə səfər edəcəyin o sabahların da xeyir, Səfərli!
Allı-güllü, şirin dilli qafiyələrlə Vətən gözəlliklərinə vətəndaş könlünlə qoşub-qoşmaladığın o siyasi sıxıntılı, şairlik ab-havasına bab olmayan dünəninin müstəqil bugünləri, azad sabahları qutlu, Azərbaycan oğlu! Sevgili bir huş-quşla peşində olduğun Turan soydaşlarının hüsnlərinə aşiq olub bəndlərə vurduğun misralarının bir-birinə bənd edəcəyi yarınların mutlu, poetik mülk qoyub getmiş türk balası!..
«Bir dön geri...»
Nazəninlərə yüzlərlə poetik xitablarından biri...
Elə ruhun da nəğmələrin kimi gəlsin bəri, həmişəyaşar, diri şair!
Qələmi əlimə alanda qərarlaşdırmışdım ki, yaddaşımdakı şeirlərindən bu yazıya həcm dəstəyi ummayım. Amma yox, hiss edirəm ki, alınmır: şairdən söz açıb, qələm çalar ikən şeirlərindən nümunə gətirməmək - qəndsiz çay içmək kimi bir şeydir. Beləliklə, bəri başdan, sənin Vətən vəsfkarlığını sərgiləyən misralar qalereyasında leytmotiv kimi səslənən bir beyt:
Bağrıma basmışam Azərbaycanı -
Araz bir qolumdur, Kür bir qolumdur...
Və «Batabat» şeirindən üç bənd:
Bulaqların bir səmtədir axarı,
«Salvartı»nın xoş görünür baxarı,
Biçənəkdən at səyrilib yuxarı,
Yalmanına yata-yata gəlmişəm -
Mərcan gözlü Batabata gəlmişəm.
Mehmanınam on beşdə mən, beşdə mən,
Gətirmişəm «basdırma»nı teştdə mən,
Neçə ocaq tüstülədib döşdə mən,
Birini də çata-çata gəlmişəm -
Mərcan gözlü Batabata gəlmişəm.
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların,
Mən İslamam - öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm -
Mərcan gözlü Batabata gəlmişəm.
Qolları daim Vətənə açıq, şəhd-şəkər dil-üslubu ədəbiyyatımıza yaraşıq, aşiqanə baxışları gözəlliklərə sarmaşıq sənətkar, bir də sabahın xeyir!
Bir dəfə növbəti təbiət səfərinə çıxdığın dostlarına şifahi - «atüstü» misralarla belə bir xitab edibsən ki, «... Könül, di gəl, bu ayrılmazı ayır; Naxçıvana və cahana otbitməz cır-cığırlar, Fağır Təbrizə isə tikanlı qanqal-çayırlar...»
O vaxtların bir-birilə nərd ortağı olan bir çox şair-şüərasından fərqli olaraq, «Ey daşlaşan, torpaqlaşan ulu babam, Bu günümdən dünənimə uzaqlaşan ulu babam!» deyən Məmməd Arazla dərd ortağı kimi, «Təbrizə yolum lal, cığırım kar» söyləyən şair İslam, daha o pərişan axşamların yox, müstəqil sabahın xeyir!
Nəqşi-cahan aləminin Tanrısal naxışlarından olan «Batabat»ın fırça-misralarla yaradılmış təkrarsız tablosu da sənə məxsus. Məclislərdə o təbiət möcüzəsindən söz açıb gapının sapını qaçıran olanda bir birə deyər; Sus. Ya sus, ya da İslam Səfərlinin şeirini söylə.
Bir kərə də bir tele-müsahibəndə söylədin ki, ömrünün elə bir ili və o illərin də elə bir fəsli olmayıb ki, Batabat adlı o yaylaya... (gözlərində şimşək çaxımıyla davam elədin) o qışlaya, o yazlaya, o payızlaya səfər etməmiş olasan. Allahın yaratdığı cansız qəzəllərə də biətin, salavatın xeyir, Səfərli İslam!..
Sən könlünlə yazan şair!
Necə ki Böyük Vətən müharibəsinə könüllü getmişdin, eləcə də bütün yazdıqlarını könlünlə yazdın. Nə təhər ki, doğulduğun məskənin adı (Naxçıvan, Babək rayonu, Şəkərabad kəndi) şirin idi, o təhər də əsərlərinin başlıqları teyxa şəkər dadır. «Qənd bala, nabat bala», «Sevinc müjdəsi», «Durna qatarı», «Əsrin ürəyi», «Təkərlər yollarda pıçıldayırdı», «Ərköyünlər», «Sən oxu, mən dinləyim», «Çiçək təranəsi», «Yollara nur ələndi», «Harayçın ollam», «Araz yadıma düşdü», «Dilsiz dəqiqələr», «Ana dili»...
Haçan ki, hisslərin coşub şeirə, qoşmaya sığışmazdı - poema kürsüsünə qalxardın: «Ələsgər», «Ekizlər-ögeylər», «Leylək əfsanəsi»...
O çağ ki könlün təlatümə gələrdi - aram-aram coşub, dram-dram səhnələyərdin: «Göz həkimi», «Ana ürəyi», «Yol ayrıcında», «Dədəgünəş əfsanəsi», «Dar ağacı»...
Hələ balet-libretto («İki könül bir olanda»), kinossenari («Şərqin qalibləri», «Bir stəkan çay»), xalqın yaradıcı-qurucu potensialına dair publisistik-rekonstruktiv oçerklər, «katastrof» novellalar...
Hələ bütün bəstəkarlara əl, bütün xalqımızın qəlbinə yol eləyən mahnı mətnlərin! Bunları saymaq mümkün olsa da, gərəyincə öymək hər öygüçüyə nəsib olası tərənnümat deyil. «Ana», «Zərif gülüşlüm», «Nə vaxta qaldı», «Ay qaşı-gözü qara qız», «Qonaq gəl bizə», «Aylı gecələr», «Gəncliyimi gəzirəm», «Ay bakılı qız»...
Sən bu adlardakı təbii bağ-bağlılığa bax, balam!
Sən də heç qayğılanıb-uyğulanma, duyğusal şair! Bu qor sərlövhələrin gör lövhələrindəki mənzum mənzərələrin fərqindəyik! Çox söz demək olar, ancaq tək elə bunu ərz edək ki, bu adlıqların arasındakı vergül işarələrini götürsək, sevib-sevilən bir insanın ömür manifesti oxunar...
Sənin universitetdəki görüşdə oxuduğun «Xəzərim» şeirin haqda isə ən gözəl sözü Nazim Hikmət deyib: «Yavrum, qoyma bu şeirə şarkı yazılsın, çünki bu özü harika bir şarkı!..»
Həmin şeirdən iki bənd:
Sinən bir ağ gümüşdü, gümüşdü,
Gözüm hüsnünə düşdü, nə düşdü!
Sahilində işıqlar qızıldı,
Yel dəydi, göy köynəyin sızıldı,
Suların çin-çin oldu, Xəzərim
Vətən göyərçin oldu, Xəzərim!
Söylə görüm, ay dəniz,
Çimibmi göy sinəndə Ay, dəniz?
Ulduzlar xalınmıdır, gecələr,
Dalğalar yalınmıdır, gecələr?
Saf qoynuna düşübdür güzərim,
Xəzərim, Xəzərim, ay Xəzərim!..
Yazımı bitirməyə də əl verən bu şeirindən doğan bu sualın cavabı olaraq deyim ki, 1974-cü ildə - cəmisi 51 yaşında dünyanı dəyişib Fəxri xiyabanda dəfn olunduğun andan dostların və sevərlərinin qələmindən sənin barəndə yetmiş altı yazı çap olunub. Və bu da yetmiş yeddi...
«51 yaşında» dedim, fikrimə pantomim bir antonim gəldi. Bu əksliyin bir tərəfi o ki, sən 50 yaşda cəmi 18 kitab yaza bilmisən, o biri tərəfi bu ki, indilər bir çox 18, 28 yaşlılar 50-dən çox yoza bilib...
«Bakı, sabahın xeyir» deyən şair, sənətkarların qəlbləri kimi, ruhları da bir yerdə qərar tutan deyil. Yəni, yəqin ki, Bakının bugünkü növrağını da görür və cismən sağlığındakı o «sabah»ın «həmkar»larına da xitab edirsən: «Bakı, bəh-bəh axşamların, oh-oh günortaların, bah-bah sabahların xeyir!..»
Tahir Abbaslı