Azərbaycanın Mərd cəfakeşi, Dərd səfakeşi...
   

   «Əcnəbi göydə balonlarla uçur»kən, bizlər «xoruz döyüşdürmək, it boğuşdurmaq, hamamda yatmaq” kimi «daha vacib işlər» dalınca qaçırkən kütlənin «bir abbası»dan artıq dəyərləndirmədiyi qələmdən yapışan Mirzə - Cəlil Məmmədquluzadə!..
   Əcnəbi çinovniklər, keşişlər öz milli-mədəni gələnəkləri işində, bizim məmurlar, mollalar şeyx nəsrullahlar peşində, şairlərimiz gül-bülbül sevişində, əsrlərlə yağır-bağır edilmiş bu xalq yatış- «gərnəş»ində ikən, bu Mirzə «Molla Nəsrəddin» adında bir milli Çıraq yandırdı...

   
   Önə keçən son söz
   
   Elə axır fikir, son sözlər olur ki, onu «ön söz»lər yerinə işlətməmək olmur...
   Bəli, 1906-cı ilin yazlı-nazlı aprelində gedib qərib çar Tiflisində milli oyanış ocağı çatan bu Mirzə 1932-ci ilin buzlu yanvarında doğma sovet Bakısında o inam-imanlı mətbu işığının «Allahsız» adına dəyişdirilmə (əks təqdirdə söndürülmə) bəyanatına görə, öz satirik-artillerik Azərbaycan Qələmini yerə qoyur. Bununla da gündəlik «kerosin norması»ndan məhrum edilir və fizikən də öldürülmə ərəfəsində övladlarını qızındırmaq üçün öz əlyazmalarını sobaya atıb yandırır...
   
   Onun həyata gəlməkliyi
   
   Sonuncu ifadəni dəbbələməkliyə tələsməməli. Mən, sadəcə, bu dahi Mirzəmizin başdan-başa Azərbaycan dili və nitqinin leksik arsenalını özündə ehtiva edən bənzərsiz ifadələrinə rəğmən işlətdim bu kəlməni. Vallahi, bax elə bu anca onun «Eşşəyin itməkliyi», «Ulağımı satdılar, yedilər», «A xan, başına dolanım, mən neyləyəydim, urus məktubu götürdü, qoydu getdi» ifadələrini xatırlayıb, dəli bir gülməklik elədim, bu şəhd-şəkərlikdə ədibi olan bir ölkənin anadil oxucusu olmaqlıq xoşbəxtliyi yaşadım. Hələ onun ustad memar quruluşlu dialoqları! Məsələn, Qurban: «- Ay usta hey, bu ermənilər ki buxəntərə murdar məxluq imiş, bəs, qurban olduğum Allah onları niyə düzəldib?» Usta Zeynal: « - A Qurban, bəs cəhənnəm?! Fəda olduğum onları yaratmasaydı, cəhənnəmə kimi göndərərdi?!»
   Bu nümunələrin özü də ədəbiyyatımızın, teatrımızın, mətbuatımızın - bütövlükdə XX əsr mədəniyyətimizin fenomen Mirzəsinin həyata necə gəlməkliyini görk edir.
   Beləliklə, 1869-cu il fevralın 22-də Naxçıvanda - Hüseynqulu kişinin balaca həyətində dünyaya göz açan Cəlil böyük həyata bu kimi düşüncə daşıyıcılığı, mənəvi cərrah qələmiylə gəlməklikdə idi.
   Təhsil yolundakı düşərgələr də onun xarakterində az oyanışlara, dünyəvi “skvoznyak»lara səbəb olmayıb. Öncə «Allahu Əkbər!» sədalı mollaxana, ardınca dünyanın fırlanmasından da danışan üçsinifli Naxçıvan şəhər məktəbi, sonra - 15 yaşında bütün Qafqazın seçmə uşaqlarının toplaşdığı Qori Müəllimlər Seminariyası. Daha sonra, 10 il davam edən müəllimlik. Seminariya məzunlarının təyinat obyektləri ilə bağlı məxfi qanun bir yana, Cəlil müəllimi baxışlarından, danışıqlarından sezilib-duyulan milli təəssübkeşlik elementlərinə görə yalnız kənd məktəblərinə göndərirdilər. O, öz daxili aləmini paylaşmaq üçün İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indi Şərur, Cəlilkənd) və Nehrəm kəndləri ilə kifayətlənmək məhdudiyyətinə məruz qalır. Bu barədə xatirələrində konkret bəhs etməsə də, belə bir mətləb duyulur ki, o, həmin illər xalqa elə bir ciddi xidmət göstərə bilməsə də, nə qəm - gələcəkdə bu borcu artıqlaması ilə ödəmək üçün özü xalqdan çox şeylər götürəcək.
   Həmin illərdə (1887-1897) bu borcun «avans»ı olaraq, bir sıra kiçik hekayələrini, «Kişmiş oyunu» komediyasını, ədəbiyyat tariximizə dövrün canlı bədii manifesti kimi düşən «Danabaş kəndinin əhvalatları» povestini qələmə alır.
   1897-ci ildə bir sıra vətən-vətəndaş «əhvalatları» ilə üzləşib müəllimlikdən uzaqlaşan C.Məmmədquluzadənin həyatında o dövr sənətkarları üçün xarakterik olan uzunmüddətli fasilə «məzuniyyəti» baş verir. Əslində bu, «bekarçılıq» məzuniyyətindən çox, ədəbi-bədii şikarçılıq ezamiyyəti idi. Gələcəyin böyük Mirzəsi adi müəllimliyi qeyri-adi «sənət şagirdliyi»nə dəyişmişdi. Əsrin əvvəllərində Tiflisə gedib, «Şərqi-Rus» qəzeti redaksiyasında işə düzələn Cəlil öz azman jurnalist gələcəyinə, «Molla Nəsrəddin» hadisəsinə doğru yol başlayır. Həmin qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtlı ilə tanışlıqdan çox mətləblər anlayır. Azərbaycan hekayə janrının pasportu hesab edilən «Poçt qutusu»nu ilk dəfə bu qəzetdə dərc etdirir. Və beləliklə,
   
   Bizi deyib gəlir...
   
   «Tiflis, 7 aprel». Bu an da onun öz üslubu ilə deməmək olmur - həyə, hələ bu nə başlıq?.. Yəni, «redaktordan», «baş yazardan», «naşirdən» (yaxud «baş məqalə») yox, sadəcə, jurnalın nəşr edildiyi yerin adı və tarixçə.
   Və içi mənsub olduğu xalqa hədsiz məhəbbətlə dolu olan bu müəllif o jurnalın «ilk məhəbbət məktubu»nu «şanlı» janrlardan biri ilə yox, məhz felyetonla başlayır. Bu xalqın daha strateji, milli məfkurəvi, maddi-sosioloji ladından yox, məhz ən nazik, ən ortaq yerindən xitab edir; «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» Mətbuat, yazı-pozu üçün hələ yalnız başdan-başa mövzu xammalı olan bu xalqa bu jurnaldan necə istifadə etmək məsələsində də müəllimlik edir. Deyir, bu jurnalın vərəqlərini samovar alışığı edə-edə, hərdən şəkillərinə də baxın, qarnınız yırtılanadək gülün, sonra da gedib güzgüyə baxın, görün, kimə gülürsünüz. Bu gənc məfkurə müəllimi bu balaca yazısında, Yaxın Şərq də daxil olmaqla, bığlı-saqqallı, «bitdi-sirkəli» şagirdlərə, «ana dilində danışmağı eyib sayan» «abrazovannılara» öz dilini sevmələri üçün onların nostalji hisslərinə də qələm uzadır: «Salınız yadınıza o günləri ki, uşaqlıqda qulaq ağrısı səbəbindən yatmırdınız və ananız da bu dildə sizə deyirdi ki, bala, yat, yoxsa, xortdan gəlib səni aparar».
   İllər keçir, dünyada mədəniyyət, Bakıda quyular fontan vurur, məscidlərdə molla fəzlullahlar övrət, dumada «qlasnılar» doklad, məhəllələrdə qoçular at oynadır. İmkansız və çarəsiz Mirzə isə öz fenomenal istedadının bəhrəsi olaraq yaratdığı uydurma inform-agent «Dəmdəməki»yə müraciət edir: «Ay Dəmdəməki, ayə, bu nə zadlardı sən yazıb göndərirsən bizim idarəmizə?! Necə yəni «Bakıda qoçular azyaşlı qızların namusuna təcavüz edirlər»?! A kişi, məgər sən qorxmursan ki, mən də götürüb bunu öz məcmuəmdə çap edərəm (guya etmir ha! - T.A.), o qoçular da əvvəl orda səni, sonra da gəlib burda məni öldürərlər?!»
   İllər keçir, «Molla Nəsrəddin»in mövzu dairəsi, mətləb-mahiyyət hədəfləri böyüyür, millətin qanlı-şanlı ziyalılarını öz ətrafına toplayır, yeniyetmə gününə salınmış bu «xala-bala» xalqı bala-bala oyatmağa başlayır. Bəzən də - elə ilk sayının üz qabığında verdiyi «Xalq oyanır» adlı əsnəmə-gərnəşmə karikaturasındakı kimi...
   İllər keçdikcə «Molla Nəsrəddin» fərdi qüsurlara gülüşdən bölgəvi, ictimai-fəlsəfi nöqsanları hədəfləməyə keçir. Onun «nöqteyi-nəzərincə», «İrəvan müsəlmanları»nın işi bütün dünya müsəlmanlarınınkından ona görə asandır ki, əgər başqaları küçədə-bazarda qarşılaşdıqları yad adamın «böyük zat» olub-olmadığını ayırd edə bilmədikləri səbəbindən təzim etməyib «zibilə düşürlər»sə, bunlar «bir boynuyoğun, yekəqarın» görən kimi baş əydiklərindən, başları heç bir bəlaya düşmür...
   «Meşədə gördüklərim» felyetonu isə publisistika aləmimizdə ayrıca bir görəcəkdir: «Bir gün idarəmizə bir əcnəbi gəlib, bizdən məcmuəmizlə əməkdaşlıq etmək arzusunda olduğunu bildirdi və ona xüsusi vəsiqə verməyimizi təvəqqe etdi. Biz də ona Şirvan bölgəsi üzrə vəsiqə verdik. Getdi və həftə səkkiz-mən doqquz məcmuəmizə materiallar göndərməyə başladı. Bütün məqalələrinin sərlövhəsi isə eyni idi: «Meşədə gördüklərim»...
   İllər keçir, türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoyan Mirzə Cəlil sağdan dini xurafat, soldan bolşevik-sovet sarkazmlarına məruz qalırdı. Zaman çalxalanıb-bulandıqca «ayranlıq olanlar» üzə çıxan yağ-qaymaqlara güc gəlirdi. Bu jurnalla həm də öz nəşriyyatlarını tapmış olan M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Nəzmi, Ə.Qəmküsar, N. Nərimanov, Ə. Haqverdiyev, M.S.Ordubadi kimi yazıçı və jurnalistlər «Molla Nəsrəddin»i sovet tufan-təlatümləri dənizində pənah aparmalı yeganə ada, milli oda hesab etsələr də, C.Məmmədquluzadə məcmuəyə uzanan bolşevik barmaqları ilə razılaşa bilmirdi. Nəhayət, o, Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən iki ay sonra ailəsi ilə Təbrizə köçür və 1921-ci ildə orada «Molla Nəsrəddin»in 8 nömrəsini çap edir. Lakin «Əgər hər gün burada bir desyatin torpaq satılırsa, bu hesabla İran torpaqları neçə ilə fövt olar?» («Hesab dərsi») kimi felyetonlarına görə, Cənubumuzda da ona rahatlıq verilmir. Və yenidən Vətənin «köhnə» tayına dönüş...
   Bu tay Vətən, o tay Vətən, bu cür dönməzlik, o sayaq yenməzlik, gah küskünlük, gah nikbinlik, zamanın əlyazma-soba əhvalatı və bizi deyib gəlmiş bu böyük, bu Ədəbi Kişinin bu dünyadan əbədi gedişi... Əlbəttə, cismani. Özü isə «Ölülər»i də ölməyən -
   
   Diri kimi qaldı!
   
   Hər şeyi bilən bu Kişi bunu da bilməmiş deyildi ki, onun adı, xidmətləri də «Bir kərə yüksələn bayraq...» kimi əbədi yüksələcək, öz böyüklüyü mərtəbəsinə ucaldılacaq. Əsərləri neçə-neçə dillərə tərcümə ediləcək. Adı bir sıra mədəni-maarif müəssisələrinə, Cəlilabad rayonuna, kənd və küçələrə ad olunacaq. Bakıda, Naxçıvanda ev-muzeyləri, Nehrəmdə, Cəlilkənddə xatirə muzeyləri yaradılacaq. Təntənəli yubileyləri, ildönümləri keçiriləcək. Teatr səhnələrimizin «qaraçuxası», ekran-efirlərimizin butası, qəlblərimizin, sənətkarlığımızın Qələm Atası olacaq...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar