Azərbaycan
16 fevral 1873 - Azərbaycan xalq memarlığının görkəmli nümayəndələrindən biri Zivərbəy Əhmədbəyov (1873-1925) anadan olub. Bakıdakı Təzəpir məscidi və Əmircandakı Murtuza Muxtarov məscidi onun layihələri əsasında ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olub.
16 fevral 1906 - Əməkdar elm xadimi, geoloq, professor Şamil Əbdürrəhim oğlu Əzizbəyov (1906-1976) anadan olub.
16 fevral 1916 - Görkəmli sənətşünas-alim, akademik Əbdülvahab Salamzadə (1916 - 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair dəyərli tədqiqat əsərlərinin, “Abidələr danışır” (1952), «Azərbaycan memarlıq abidələri» (1958), «Əcəmi Naxçıvani» (1976) və s. kitabların müəllifidir.
16 fevral 1918 - Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni, 1918-10.6.2008) anadan olub. Əliağa Vahidlə yaxın dostluq edib, Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindən biri olub.
16 fevral 1945 - Görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev); 20.3.1879 - 1945) vəfat edib. “Leyli və Məcnun” operasında Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.
17 fevral 1920 - Dilçi-filoloq, professor Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.
17 fevral 1926 - Xalq artisti Sofiya Həsən qızı Hüseynova anadan olub.
17 fevral 1934 - Yazıçı, dramaturq, tanınmış jurnalist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyev; 1934-1986) Ucar rayonunda anadan olub. Əslən Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindəndir. “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “İnsan yaşayır” povestləri, \"Məhəbbət novellası\", “Qızıl zəncir”, “Kiçik torpaqda üç gün”, “Sevinc”, “Yol ayrıcında” pyeslərinin müəllifidir.
17 fevral 1947 - Aktyor Əlvida Məhərrəm oğlu Cəfərov Cəbrayıl rayonunun Qaracallı kəndində doğulub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
17 fevral 1958 - Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893-1958) vəfat edib. Milliyyətcə Krım türküdür, Yaltanın Dərəgöy kəndində doğulub, Krım Muxtar Respublikasının Xalq artisti olub. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. \"Kəndlilər\", \"Səbuhi\", \"Bəxtiyar\" və başqa filmlərdə epizodik rollar oynayıb.
17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı. İşğal nəticəsində kənddə 70 nəfər (o cümlədən 18 qadın və uşaq) öldürülüb.
18 fevral 1201 - Dünya şöhrətli azərbaycanlı alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 - 23.6.1274) Həmədan şəhərində anadan olub (bəzi mənbələrdə Tusinin təvəllüdü 16 və 17 fevral göstərilir). Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər təkcə Şərqin deyil, dünyanın mötəbər elm (astronomiya) mərkəzlərindən biri olub.
18 fevral 1895 - Azərbaycanın məşhur qəzəlxan şairi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 1894-1.10.1965) Bakının Masazır kəndində anadan olub.
18 fevral 1925 - Tanınmış jurnalist və ictimai xadim Hacı Hacıyev (1924-2008) anadan olub. Uzun müddət Azərbaycan Jurnalistlər Birliyinə rəhbərilik edib, bədii tərcümə (rus dilindən) ilə məşğul olub.
18 fevral 1929 - SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycan SSR ərazilərinin bir qismi - Naxçıvan Muxtar Respublikasından 657 kv. km ərazi - Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, eləcə də Qazax rayonunun 4400 hektarıq meşə sahəsi Ermənistan SSR-yə verilib.
18 fevral 1931 - Xalq şairi, dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadə Qazax rayonunun Poylu qəsəbəsində doğulub. Ədib çoxsaylı poetik topluları (“Cavid\", \"Nizami\", “Nuru Paşa” poemaları), dram əsərləri (“Pompeyin Qafqaza yürüşü”, \"Atabəylər\" ) ilə müasir Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. \"Şərəf\" ordeni ilə (2011) təltif edilib.
18 fevral 1947 - Tanınmış fırça ustası, Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 - 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi, bir çox beynəlxalq sərgilərin iştirakçısı olmuşdu.
18 fevral 2009 - “Bakı İslam mədəniyyətinin paytaxtı - 2009” tədbirlərinin təntənəli açılış mərasimi keçirilib. Bakı şəhəri İslam Konfransı Təşkilatına üzv ölkələrin elm, təhsil və mədəniyyət qurumu olan İSESCO-nun qərarı ilə (noyabr 2007) 2009-cu il üzrə İslam mədəniyyəti paytaxtı elan olunub. İl ərzində Azərbaycan paytaxtı bir çox beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərinə ev sahibliyi etdi.
19 fevral 1949 - Ədəbiyyatşünas-alim, tərcüməçi, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov anadan olub. Səməd Vurğunun yaradıcılığına dair tədqiqat əsərlərinin müəllifidir.
19 fevral 2007 - Prezident İlham Əliyev “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb.
20 fevral 1920 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Möhləvi (1900 -3.2.1962) anadan olub.
20 fevral 1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev, 1928 - 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Onlarla şeir kitabının müəllifi olan şair həm də rus ədəbiyyatından gözəl poetik tərcümələrin müəllifidir.
20 fevral 1938 - Xalq artisti, görkəmli xanəndə Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində anadan olub. Azərbaycan milli musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” (1998) və “İstiqlal” (2008) ordenlərinə layiq görülüb.
Dünya
16 fevral 1497 - Alman filosofu, lüteran teologiyasının islahatçısı Filip Melanxton (Philipp Melanchton, 1497-1560) anadan olub.
16 fevral 1831 - Rus yazıçısı Nikolay Semyonoviç Leskov (1831-1895) anadan olub.
16 fevral 1834 - Alman alimi və filosofu Ernst Hekkel (Ernst Heinrich Philipp August Haeckel, 1834-1919) anadan olub.
16 fevral 1845 - Amerika yazıçısı, jurnalist və səyyah Corc Kennan (George Kennan, 1845-1924) anadan olub.
16 fevral 1925 - Məşhur Britaniya kinorejissoru Con Şlezinger (John Richard Schlesinger, 1926-2003) anadan olub.
16 fevral 1925 - Rus kinooperatoru, SSRİ Xalq artisti Valeri Arkadyeviç Ginzburq (1925-1998) anadan olub.
17 fevral 1600 - Görkəmli italyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno, 1548-1600) inkvizisiyanın qərarı ilə edam edilib (tonqalda yandırılıb).
17 fevral 1853 - Çex şairi və dramaturqu Yaroslav Vrxliski (Jaroslav Vrchlicky - əsl adı Emil Frida, 1853-1912) anadan olub.
17 fevral 1906 - Rus-sovet yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, kinofilm ssenarilərinin müəllifi Aqniya Lvovna Barto (1906-1981) anadan olub.
18 fevral 1404 - İtalyan alimi, yazıçı, arxitektor Leon Battista Alberti (Leone Battista Alberti, 1404-1472) anadan olub.
18 fevral 1564 - Böyük italyan rəssamı, heykəltəraş, memar, şair, Avropa İntihab dövrünün görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni, 6.3.1475 - 1564) vəfat edib.
18 fevral 1718 - Danimarka yazıçısı və rəssamı Seren Abildqaard (Sören Abildgaard, 1718-1791) anadan olub.
18 fevral 1780 - Rus rəssamı, məişət boyakarlığı janrının banilərindən biri Aleksey Venesianov (1780-1847) anadan olub.
18 fevral 1836 - Hind filosofu və dini lideri, induizmin islahatçısı Ramakrişna (Şri Ramakrişna Paramaxamsa, 1836-1886) anadan olub.
18 fevral 1838 - Avstriya filosofu və fiziki, pozitivizmin tanınmış nümayəndəsi Ernst Max (Ernst Mach, 1838-1916) anadan olub.
18 fevral 1932 - Çex əsilli məşhur Amerika kinorejissoru və ssenaristi Miloş Forman (Milosh Forman - Jan Tomash Forman) anadan olub. Rejissorun “Qu quşunun yuvası üzərində uçuş” filmi (1975) 5 “Oskar”a, “Amadey” filmi isə (1984) 8 “Oskar” mükafatına layiq görülüb.
18 fevral 1933 - Yapon əsilli Amerika musiqiçisi və rəssamı, əfsanəvi “Beatles” qrupunun lideri Con Lennonun həyat yoldaşı Yoko Ono anadan olub.
18 fevral 1934 - Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm” filmində (1981) Rüstəm rolunda çəkilib.
18 fevral 1954 - Məşhur Amerika kinoaktyoru Con Travolta (John Joseph Travolta) anadan olub.
19 fevral 1473 - Görkəmli polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik (1473 - 24.5.1543) anadan olub. Elmdə ilk inqilab sayılan dünyanın heliosentrik sistemi (planetlərin günəş ətrafında fırlanması) nəzəriyyəsinin banisidir.
19 fevral 1743 - İtalyan bəstəkarı, simli kvartet musiqi janrının banilərindən biri Luici Bokkerini (Luigi Boccherini, 1743-1805) anadan olub.
19 fevral 1821 - Alman dilçi alimi, linqvistikanın tanınmış simalarından biri Avqust Şleyxer (August Schleicher, 1821-1868) anadan olub.
19 fevral 1878 - Məşhur Amerika ixtiraçısı Tomas Edison (1847-1931) ilk səsyazma çihazını - fonoqrafı icad edib.
19 fevral 1884 - Gürcü yazıçısı Leo Kiaçeli (Leon Mixayloviç Şenqelaya, 1884-1963) anadan olub.
19 fevral 1899 - Rus yazıçısı, şair və dramaturq Yuqi Karloviç Oleşa (1899-1960) anadan olub.
19 fevral 1931 - Teatr və kino aktrisası, Rusiyanın Xalq artisti Alla Dmitriyevna Larionova (1931-2000) anadan olub.
19 fevral 1945 - Tanınmış rus müğənnisi və bəstəkarı, Rusiyanın Xalq artisti Yuri Mixayloviç Antonov Daşkənddə (Özbəkistan) doğulub.
19 fevral 1948 - İngilis gitaraçısı, “Black Sabbath” rok qrupunun qurucusu Toni Ayommi (Tony Iommi - Frank Anthony Iommi) anadan olub.
19 fevral 1952 - Yapon yazıçısı, ssenarist və kinorejissor Ryu (Ryunoske) Murakami anadan olub.
20 fevral 1729 - Rus peşəkar teatrının banisi, aktyor Fyodor Qriqoryeviç Volkov (1729-1763) anadan olub.
20 fevral 1884 - Polyak yazıçısı, şair və dramaturq Yaroslav İvaşkeviç (1884-1980) anadan olub.
20 fevral 1918 - Rus-sovet rejissoru, kinooperator, ssenarist İqor Vladimiroviç Şatrov (1918-1991) anadan olub.
20 fevral 1925 - Amerika kinorejissoru, ssenarist Robert Oltmen (Robert Altman, 1925-2006) anadan olub. Avropanın üç əsas kinofestivalının (Kann, Venesiya, Berlin) qalibi olmuş yeganə amerikalı rejissordur.
20 fevral 1966 - Məşhur amerikalı aktrisa, teleaparıcı Sindi Krouford (Cindy Ann Crawford) anadan olub.
Hazırladı: Vüqar Orxan