bu dünyanın, bu aləmin bəzəyi...
   
   Bunu çox yaxşı bildiyi üçün, hələ iyirmi üç yaşında ikən, bünövrəsini böyük Üzeyir bəyin qoyduğu operetta yazmağa qol qoydu və bir il sonra - 1948-ci ildə bitirdi. O zaman hələ Üzeyir bəy sağ idi və iyirmi dörd yaşlı bu gənc “Mən bilirəm eşq nədir - kişilərin kələyi” kimi qocafəndi bir muzdialoqla özünü o dövrün (və bütün gələcəyimizin!) “Mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana” kimi muzmonoloq və dialoq abidələri yaratmış korifeyin və başqa sənətkarların cərgəsinə qoşdu...
   
   Hələ konservatoriya tələbəliyində ona “Süleyman müəllim” deyə müraciət edənlər də olurmuş. Bu müraciətə qısqanan erməni, rus, yəhudi müəllimlər isə əsəblərini “Aleskerov” xitabı ilə soyudurlarmış. İlk operettasının yaratdığı ajiotaj zamanı isə - hələ bir ayağı auditoriyada (sonuncu kursda) olan bu “uşağın” öz yaşını gizlədib-gizlətməməsi dilemması da yaratmışdı. Lakin “sübutalnı-dokumentalnı” sənədlər belə bəyan edirdi: Adı - Süleyman. Familiyası - Ələsgərov. Atasının adı Əyyub. Doğulduğu il və yer 1924, Şuşa şəhəri.
   Yaşına olan təəccüb və şübhələr - onun istedad dolu başına və doğulduğu təbii konservatoriya ocağı Şuşaya rəğmən - tezliklə əriyib getdi. O qısqanclıqlar, şübhələr, ehtimallar içərisindən heç zaman səhnədən düşməyəsi “Ulduz” adlı bir sənət ulduzu parladı, gənc Süleyman Ələsgərovu dövrün ulduzuna çevirdi və o, bütün ömrünü həmin əsərdəki:
   
   Adam gərək....
   
   namusu ilə başa vursun işini” fikir-kredosu ilə yaşadı. Öz şəcərə örnəkləri və milli-mənəvi-əxlaqi keyfiyyətləri Süleyman Ələsgərovun ömür və sənət yolunda heç bir neqativ nüansın müdaxilə edə bilmədiyi mayak-dayağa çevrildi. Öz qabiliyyəti, hər mənada yar-yaraşığı, bir az da “Ulduz” işığı ilə 1949-cu ildə - iyirmi beş yaşında Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru təyin edildi. 1965-ci ilədək çalışdığı bu adlı-sanlı tədris-mədəniyyət ocağında yeni-yeni təşəbbüslər, “səsi sonralar çıxası” perspektiv layihələr irəli sürdü. Buraya dəvət etdiyi xalq sənətkarlarının, canlı muğam mücəssəmələrinin elmi-metodiki təcrübələrə də yiyələnmələrinə nail oldu. Həmin dövrdə xalq mahnılarının toplanması, işlənməsi, nota köçürülməsi və beləliklə, pərakəndə xalq malının ümummilli sərvətə çevrilməsi işində əsas simalardan birinə çevrildi. O vaxtlar artıq üç populyar operetta müəllifi olan (“Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”) Süleyman Ələsgərovun xalqın Azərbaycan radiosu dalğalarında sevə-sevə dinlədiyi xanəndə və müğənnilərin mahnıları, ariyaları, solo və xüsusilə hər istirahət günü səsləndirilən “ Muğamat konserti”ni professional şəkildə təqdim etmələrində də “məxfi” əməyi vardı. Artıq, musiqi sənətinin hər sahəsində yetkin-yetişmiş şəxsiyyət olan Süleyman Ələsgərov - bir müəllim olaraq, Azərbaycan mədəniyyətinin bu günü və gələcəyi üçün hərtərəfli kadrlar yetişdirirdi.
   1966-cı ildə o, Mədəniyyət Nazirliyində incəsənət şöbəsinin müdiri təyin edilir. Bu rəsmi, respublika miqyaslı görəv öz görüş-baxışlarını həyata keçirmək istəyən sənətkarın qarşısında geniş imkanlar açır. Hələ musiqi məktəbində - yəni “kənarda” ikən görüb-hiss etdiyi çatışmazlıq və problemlərin həlli üçün böyük əzm və gənclik eşqi ilə işə başlayır. Lakin onun görüm-görəvlərindən duyuq düşən “internasional”çılar “təşkilati məsələ”yə baxaraq, Süleyman Ələsgərovu nazirlikdən uzaqlaşdırırlar. O, məmur qələmini Dövlət Radio və Televiziyası Xalq Çalğı Alətləri Orkestrinin dirijor çubuğu ilə əvəz etməli olur. Bir qədər “unudulandan” sonra, bu istedadlı və peşəkar mütəxəssis Musiqili Komediya Teatrının direktoru təyin edilir və artıq məşhur operettalar müəllifi, daha çox, başqalarının əsərlərinin səhnəyə çıxarılması ilə məşğul olur.
   Süleyman müəllimin çox sözü yadda qalıb. Düzdür, o, çox danışmazdı, amma danışanda müsahibinə dad-tam verirdi! Yadımda qalan ən maraqlı deyimlərindən biri: ”Adam gərək keçmişi nə qədər xatırlayırsa, gələcəkdə də o qədər xatırlansın...” Bu gün (və sabah da) Süleyman müəllim çox xatırlanır (əlbəttə, yüksək zövqlülər və qədirbilənlər tərəfindən). Əvvəlcə ən ümumi notlara toxunaq: “Böyük Azərbaycan bəstəkarı”, “əbədi əsərlər müəllifi”, “nəfsi özündə, həya-sayalı ictimai xadim”, “kinofilmlərdə iştirak edən və musiqilərindən istifadə edilən”, “misilsiz musiqi tərtibatçısı” və s. Bu rəsmi-informativ xatırlamalar bir yana, onun başqa “titul”ları da vardı: “Süleyman dayı, Süleyman əmi, Süleyman qağa, Süleyman dostumuz”. Ən maraqlı adı isə “Ağsaqqal Süleyman”! Özü də lap gəncliyindən almışdı bu imtiyazı. Deyərdi ki, Üzeyir bəyi, Mirzə Cəlili, Sabiri, Mirzə Fətəlisi olan bir ölkəni bölgələrə bölməklik milli ölməklik kimi bir şeydir. O, təkcə deməklə kifayətlənmir, həm də onları əməli ilə sübuta yetirirdi.
   ...Bir gün bir qarabağlı tələbə gəlir onun yanına ki, bəs Süleyman müəllim, bu şəkili dostumla mən eyni gündə sevgililərimizgilə elçiliyə getmək istəyirik. Atamız yoxdur, başqa ağsaqqallıq sarıdan da kasıbçılıqdır, xahiş edirik, Bəxtiyar (Vahabzadə) müəllimə deyin, bu oğlanın elçiliyinə getsin, Sizsə mənimlə. Süleyman müəllim gülümsünüb qayıdır ki, yaxşı, gedərik. “Amma bir şərtlə; Mən bu şəkili oğlanın deyiklisigilə gedim, Bəxtiyar müəllim də sən qarabağlınınkıgilə...”
   
   Hardasan, ay populyarlıq?!.
   
   Onun “Hardasan, ay subaylıq” operettasının havasından yarandı məndə bu yarımbaşlıq.
   Əvvəlcə bunu deyim ki, Süleyman Ələsgərov əsər-librettoları seçərkən, məncə, tək elə onların ideya-məzmun motivlərinə yox, həm də adlarına diqqət-maraq göstərirmiş.
   Keçək məni “havalandıran” əsərinin adına müdaxilə etməyim məsələsinə. Yəni müasir musiqi-şou-mou əhlinin əksəriyyətinin “hardasan, ay populyarlıq?!.” devizli “yaradıcılıq” çabalarına. O vaxtlar Süleyman və süleymanların adlarını yalnız afişalarda, üzlərini ictimai nəqliyyatda, ildə-rübdə bir kərə televizorda görər, səslərini ara-sıra radioda eşidərdik. Amma teatrlara gedəndə, tele-tamaşalara baxanda batman-batman, məzə-məzə, dadlı-duzlu, əsər-kəsərli sənət nümunələri görərdik! Bəs indi, bəs indikilər?...
   Bu “indi”, “indikilər” haqda nə qədər giley-güzar yazmaq olar, axı?! Hörmətli televiziya kolleqalarımız da onların səsinə səs verərək, elələri ilə “Özümüz bilərik” ladında anti-duet oxumaqda! Bəs bu kolleqalarımız özləri özlərinə “mən populyaram”, “mən ulduzam”, “məndən yoxdur” deyənlərə nə vaxt deyəcəklər ki, ay oğlan “Milyonçunun dilənçi oğlu”ndan ayıbdır! Ay xanım, sənin bu əndişəxanımlığın “Həmişəxanım”ın xətrinə dəyə bilər...
   
   Qərəz...
   
   Yox, bunu kiməsə qərəz kimi yox, yazmaqla qurtarmayası yuxarıdakı “bespredel” çərəz-problemdən yayınış kimi anlamalı. Yəni çağımızın qalmaqal əsər(?)lərinin təsirinə, daha doğrusu, bataqlığına düşüb qalmamalı. Belə ki, tarixən ölkələrin, millətlərin gününə daha çox sənət adamları ağlayıb-güldükləri halda, bu gün siyasət adamlarımız şou-zadə əhlinə nisbətdə daha yanım-dönüm mövqeyindədirlər. Məsələn, Süleyman Ələsgərov bizim siyasi-ictimai filial respublika olduğumuz dövrlərdə “Solğun çiçəklər”, “Bahadır və Sona” kimi operalar, yuxarıda sadalanmış yeddi məşhur operetta, “Bayatı-Şiraz” simfonik muğamı, neçə-neçə simfoniya, kantata, mahnı, simfonik poema və süitalar yazdığı halda, həmin bu müasir məlumlar hələ də öz “üç badam, bir qoz” yaradıcılıqları ilə TV-ekranlarda veriləsi daha vacib proqramların kisələrindən yeyirlər.
   Sözümü sənət Süleymanlarının və yurdun şəhid oğullarının notları ilə bitirirəm: ”Ay ”hay-küy”alılar, bəs Xocalılar, bəs Şuşalar?..”
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar