Azərbaycan
   
   24 fevral 1864 - Görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə 1864-17.03.1940) Salyanda doğulub. Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda «Həyat», «Kaspi» qəzetinin, «Füyuzat» jurnalının redaktoru olub. 1910-cu ildən Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi «türkçülük, çağdaşlıq və islamiyyət» fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
   24 fevral 1881 - Görkəmli şair, yazıçı Abdulla Şaiq (Abdulla Mustafa oğlu Talıbzadə, 1881-24.7.1959) anadan olub. Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verib. «Uşaq çeşməyi», «Gülzar», «Milli qiraət kitabı» və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
   24 fevral 1921 - Xalq rəssamı, tanınmış boyakar və qrafik Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə anadan olub.
   24 fevral 1928 - Coğrafiyaşünas-alim, akademik Budaq Budaqov anadan olub. Landşaftşünaslıq, toponimika və s. sahələr üzrə tədqiqatlar aparıb, elmi kadrların hazırlanmasında böyük xidməti var.
   24 fevral 1934 - Tanınmış rəssam Cəmil Mir Yusif oğlu Müfidzadə anadan olub.
   24 fevral 1934 – Tanınmış aktyor Bahadur Əliyev (1934-2002) Masallı rayonunun Sığıncaq kəndində anadan olub. “Ulduz” filmində kolxoz sədri Qədir rolu ilə geniş tanınıb. “Böyük dayaq” (komsomolçu), “Axırıncı aşırım” (Eyvaz), “Babək” (Divdad), “Dərviş Parisi partladır” (bəy) və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.    

   25 fevral 1910 - Tanınmış rəssam Rüstəm Mustafayev (1910-1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. «Koroğlu» operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Azərbaycan Dövlət İncəsənət Muzeyi R.Mustafayevin adını daşıyır.
   
   26 fevral 1926 - Bakıda I Beynəlxalq türkologiya qurultayı açılıb. Türk xalqları tarixində mühüm mədəni hadisə olan qurultay martın 6-dək davam edib.
   26 fevral 1992 - Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsində tarixin ən dəhşətli qətliamlarından biri baş verib. Erməni silahlı qüvvələri Xocalı şəhərinin sakinlərinə divan tutublar. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.
   
   27 fevral 1950 - Musiqişünas, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova anadan olub.
   
   Dünya
   
   24 fevral 1463 - İntibah dövrünün italyan mütəfəkkiri Covanni Piko della Mirandolla (Giovanni Pico della Mirandola, 1463-1494) anadan olub.
   24 fevral 1786 - Alman yazıçısı, folklorşünas-filoloq Vilhelm Qrim (Wilhelm Karl Grimm (1786-1859) anadan olub. Qardaşı Yakob Qrim (1785-1863) ilə birlikdə alman nağılları toplusunu hazırlayıb.
   24 fevral 1848 - Fransız yazıçısı və ədəbiyyatşünası Ejen Melxior de Voqyue (Eugene-Melchior de Vogüe, 1848-1910) anadan olub.
   24 fevral 1895 - Rus-sovet yazıçısı Vsevolod Vyaçeslavoviç İvanov (1895-1963) anadan olub.
   24 fevral 1906 - Sovet kinorejissoru, Rusiyanın Xalq artisti Aleksandr Rou (1906- 1973) anadan olub. Məşhur nağıl filmlərinə (“Ölməz Kaşşey”, “Büllur başmaq” və s.) quruluş verib.
   25 fevral 1707 - İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni, 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.
   25 fevral 1841 - Məşhur fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir, 1841-1919) anadan olub.
   25 fevral 1871 - Ukrayna ədəbiyyatının klassiki, yazıçı və şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka, 1871-1913) anadan olub.
   25 fevral 1907 - Məşhur türk yazıçısı və şairi Səbahəddin Əli (1907 - 2.4.1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların, “Leylim ley”, “Aldırma, könül” kimi populyar xalq mahnılarının sözlərinin müəllifidir.
   25 fevral 1912 - Rus aktyoru, SSRİ Xalq artisti Vsevolod Vasilyeviç Sanayev (1912-1996) anadan olub.
   25 fevral 1943 - İngilis müğənnisi, bəstəkar, gitaraçı, məşhur “The Beatles” qrupunun üzvü Corc Harrison (George Harrison, 1943-2001) anadan olub.
   
   26 fevral 1564 - İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe, 1564-1593) anadan olub.
   26 fevral 1759 - Alman filosofu, ədəbiyyatşünas, iqtisadçı Lüdviq Henrix fon Yakob (Ludwig Heinrich von Jakob, 1759-1827) anadan olub.
   26 fevral 1802 - Böyük fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo, 1802 - 22.5.1885) anadan olub. Fransız romantizminin banisi, «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» və s. romanların müəllifidir.
   26 fevral 1892 - Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda professional violonçel məktəbinin, ilk simli kvartetin yaradıcılarından biri olub. Oğlu, dünya şöhrətli violonçelist Mstislav Rostropoviç Bakıda doğulub (1927). 1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçüb və L.Rostropoviç orada vəfat edib.
   
   27 fevral 1807 - Məşhur Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow, 1807-1882) anadan olub.
   27 fevral 1902 - Amerika yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck, 1902 - 20.12.1968) anadan olub. Əsərləri: “Hirsin salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.
   27 fevral 1912 - İngilis şairi və yazıçısı Lourens Darrel (Lawrence Durrell, 1912-1990) anadan olub. Qardaşı Cerald Darrellə birlikdə heyvanlar haqqında məşhur əsərlərin müəllifidir.
   27 fevral 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913 - 27.9.2009) anadan olub. SSRİ-nin dövlət himninin sözlərinin müəllifi olub.
   27 fevral 1932 - Dünya şöhrətli Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932-23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar