Hər sahənin ağsaqqalı - Abdulla Şaiq
   
   Yetmiş səkkiz il (1881-1959) yaşamış bu elm-sənət ağsaqqalımız ovaxtkı “partiya və hökumətimiz” tərəfindən ikicə kərə yad edilib; biri ömrünün ortalarında - iyirmi il Fərhad külüngünə timsal qələm çaldığı gimnaziyaya adqoyma mərasimində - onu camaatın “Şaiq Nümunə Məktəbi” adlandırması istəyini rəsmiləşdirməsi, digəri - ədəbiyyat və maarif sahələrindəki 55 illik xidmətlərini “nəzərə alıb”, “Əməkdar incəsənət xadimi” adıyla təltif etməsi ilə...
   
   Bu cəfakeş pedaqoq, Vətən balalarının bənzərsiz müəllim-şairi, millət, ədəbiyyat, sənət, mədəniyyət ağsaqqalı, neçə nəsil uşaqların ilk peşəkar qələm və serial-teatral kəlamlar babasının qalan bütün “nominasiya”lardakı tərif-təltifləri, rəğbət-məhəbbət mükafatları sadə xalqa məxsus olub.
   Belə mükafatlar onu elə uşaq yaşlarından “təqib” edib. Nübarı Tiflisdəki altısinifli şəhər müsəlman məktəbində təhsil aldığı zamana təsadüf edir. Müəllimlər nadinc uşaqlara “düz otur”, “ağıllı ol” məzmunlu trafaret “tərbiyələr” əvəzinə, “Abdulla kimi ol”, “bu sinifdə yaş və boy-buxunca ən balacamızdan nümunə götür” deyərmişlər.
   Vaxt gələcək, bu “balaca” nəinki böyük adamlara, həm də böyük filosoflara nümunə olası frazalar deyəcək:
   
   “Həpimiz bir yuva pərvərdəsiyiz!
   Həpimiz bir günəş zərrəsiyiz!”

   
   Ailə vəziyyətilə əlaqədar, on iki yaşında ikən Xorasana köçüb, orada tarix, məntiq, psixologiya elmlərinə həvəs göstərib. Azərbaycan, Şərq və rus ədəbiyyatının əsaslarına necə səylə yiyələnirsə, dövrün məşhur ziyalısı Yusif Ziya “mən öz məktəbimdə bu fərasətdə uşaq görməmişəm!” - deyib.
   Bu “uşaq” sonralar gələcəyin bütün mehriban uşaqları üçün yazacaqdı:
   
   Dovşan, dovşan, a dovşan,
   Qaçma, dayan, a dovşan!
   Qaçma səni sevəndən,
   Can kimi bəsləyəndən...

   
   Sənətkarlığı ovxarlayan ...siyasət
   
   “Zalım dünya öz işində”, bu diribaş, sadə-salim yeniyetmə-gənc cürbəcür tale “göndəriş”lərilə gah ora, gah bura gediş-gəlişində. Tabeliyində olduğu imperiyanın paytaxtında gələcək çaxnaşmaların toxumları əkilməkdə, al dilli “milli” sovetlərin “xəlqi” bünövrəsi qoyulmaqda. Bəs elə isə, təbiətən yenilikçi-maarifçi, romantik-poetik coşqu-qoşquçu olan bu tər cavanın Xorasanda nə işi?..
   On doqquz yaşında yenidən Tiflis, bir ildən sonra isə - ömürlük məskən salacağı Bakı. Buraya gəldiyinin ikinci ilində bir rus ziyalısının çox zəngin kitabxanasını alması faktı ətrafa onun ilk “yaradıcılıq” nümunəsi kimi səs-səda yayır. Daxili aləmində, ev-eşiyində sənət, maarif çınqılarından alovlanma ərəfəsində ikən, siyasi bayırda (xüsusilə Sabunçu-fəhlə “planetində”) inqilabi hadisələr, bir-birinə qarışmış milli və idxali azadlıq çağırışları, ittihad-intibah çarpışmaları. Çoxları üçün yumruq, süngü, “doklad” və digər macəra-maraqları ilə keçən o illər Abdullanın aləminə yeni dünyagörüş elementləri nəqş edir. O, bütün bu olaylar içində milli gələnək-görənəklərə bağlı dirçəliş yolu, maarifçi-pedaqoq, romantik şair kimi formalaşma kursu keçir. O, tezliklə Vətənini azad görüb:
   
   Sən bu xalqın sevincisən,
   Gözəllikdə birincisən;
   Təbiətin saf qoynunda
   Ən dəyərli bir incisən.
   Sevin, sevin, ana Vətən,
   Artıq, oldun Azad-Vətən!

   
   yazacaq. Daha sonralar “mollanəsrəddinçi”ləri də hörmət-izzətlə qəbul edən Abdulla Talıbzadə (Şaiq) füyuzatçılığı öz məzaq-məramına daha münasib sayacaq, Azərbaycan Xalq Cümhuriyyətini bütün qəlbi ilə qarşılayıb, alqışlayacaq, Məhəmməd Əmin Rəsulzadə tərtib etdiyi “milli istiqlalın sevincini ilk və çox coşquyla qarşılayanlar” siyahısında onun adını xüsusi vurğu ilə qeyd edəcək. Rəsmi dövlət qəzeti “Azərbaycan”ın səhifələrində “məktəblər və milliləşdirmə” kimi çox mühüm bir problem-məsələ haqda silsilə məqalələr yazacaq. Bakı Dövlət Universitetinin yaranmasının necə böyük hadisə, milli sərvət olmasını kütlə beyninə də layiqincə çatdırmaq üçün səhnəyə “Tələbə həyatı” adlı maraqlı, baxımlı bir dram əsəri çıxaracaq. “Yeni ay doğarkən”, “Arazdan Turana”, “Türk çələngi” kimi, adları da düşüncə-damağa dad verən şeirlər yazacaq. “Milli qiraət”, “Müntəxabat”, “Türk çələngi”, “Ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Gülşəni ədəbiyyat” adlarında dərsliklər, proqramlar hazırlayacaq. Ən başlıcası isə “Vətən,Vətən!” deyəcək:
   
   Beş dünyanın vəhşiləri toplansa,
   “Ölüm!”-deyə, “Vətən!”-deyə qoşarız.
   Bu torpaqlar qanımızla boyansa,
   Nəfərimiz qılınca öc alarız!..
   
   Bu illər ərzində bu qədər ictimai-elmi fəaliyyət göstərməsi, ədəbi-bədii yaradıcılıq nümunələri yaratması bir yana, məəttəl qalınmalı əsas məsələ budur ki, öz xalqına, milli hökumətinə bir belə xidmət və aşiqlik etmiş bu fədakarı sonrakı “partiya və hökumət” öz “vraqnarod” dəftərinə salıb məhv etməmişdir. Görəsən nədən? Şaiqşünaslıq nümunələrində, digər tədqiqat və oçerklərdə bunun ciddi bir “niyə?”silə rastlaşmadığımdan, belə bir “ona görə ki” ehtimalı “irəli sürmək” fikrindəyəm ki, görünür, onun qələmi, düşüncə və təşəbbüslərilə bərabər, hər müsahibini, nəticə etibarilə xalqı oyadan nurlu, ağsaqqal çöhrəsi mürəkkəb rəhbərlərin qəzəbini yatırırmış. Bu məqamda müasir şairlərimizdən birinin (Vahid Əziz) iki misrasına da əşhədi-ehtiyac duydum: “Tütək neyləyibsə, canavarı da - sürüdən uzaqda yuxu tutubdur”...
   
   Dövr - “tələbə”, Şaiq - müəllim...
   
   1906-cı ilin avqustunda Bakıda birinci müəllimlər qurultayının keçirilməsi faktı oxucularımızın çoxuna məlumdur. Amma, yəqin, çox az adama bəllidir ki, 25 yaşlı Abdulla müəllim o qurultayın nəinki təkcə fəal iştirakçısı, geniş məruzəçisi, işgüzar təşkilatçısı, həm də bu tədbirin üç təşəbbüskarından biri olub. Və qurultay dövrün nəhəng ictimai simaları (Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Süleyman Sani Axundov və b.) ilə bərabər, gənc Abdulla Şaiqi də seçdiyi komissiyaya daxil edir və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırır. Növbəti ilin sonlarından başlayaraq, ana dilimizdə “qaranquş”-dərsliklər nəşr edilməyə başlayır, sonrakı tariximizə “H.Z.Tağıyev - N.Nərimanov deyişməsi” (mübahisəsi) kimi düşən “dil bəlası - məktəb davası” məsələsi həllinin bünövrəsi qoyulur. Daha mərkəzin ütülü-kraxmallı nötələrində, foye və dəhlizlərdə Azərbaycanlı müəllimlərin milli hissiyatına toxunan yarıdoğma, yarı yad dilli atmacalar, lağlağılar da yavaş-yavaş yığışdırılır. O günlərədək siniflərdə Azərbaycanca danışmaq yasaq olduğundan müəllimlər “musurman” uşaqlarını başa salmağa çətinlik çəkirdilər. Erməni əsilli müəllimlər isə bundan istifadə edib, yerli kolleqalarına “ara, sizin yetimlər soruşanda ki, müəllim, “sabaka laet” nə deməkdi, niyə “hürür” demax əvəzinə, onları yazıq-yazıq süzüb “ham-ham” eləməklə başa salırsız” deyə, özlərindən qat-qat kəlləli, dəfə-dəfə mədəniyyətli bu xalqı ələ salırdılar.
   Beləliklə, hər bir millətin doğal haqqı olan bu istək Abdulla Şaiqin də böyük mücadilə əzmi ilə qatılması sayəsində öz hədəfinə çatır; öncəki yarımbaşlıqda bir qisminin adını çəkdiyim anadilli dərsliklər, xüsusən də “Əlifba” mübarəkimiz meydana gəlir.
   Əslində, sırf ədəbi-bədii əsərlər yaratmaq üçün doğulmuş Şaiqi bu kimi sahələrdə fəaliyyətə sövq edən heç bir sənətdən kəm olmayan millilik “sənət”i idi. Əvvəli çox böyük gələnəklərlə süslənmiş, son yüz ilə yaxın bir dönəmdə isə, az qala başdan-başa öygüsüz öyrənciyə, tələbsiz tələbəyə çevrildilmiş bu millətə Şaiq kimi intibahçı müəllimlər gərək idi. Elə bura qədər belə bir gözəl ədibin, bənzərsiz uşaq şeirləri müəllifinin daha çox maarifçilik-müəllimlik fəaliyyətindən bəhs etməyim də bu zərurətdən doğur.
   O, “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin hüzurunda”, “Dursun” kimi bir çox qüvvətli hekayə, povest, romanlar da yazıb, “Hürriyyət pərisi”, “XX əsrə xitab”, “Niyə uçdu”, “Bir quş” kimi gözəl poeziya nümunələri yaradıb, təkrarsız tərcümələr edib. Lakin, yenə də, onun ən böyük əsəri mübariz maarifçiliyi, milli ağsaqqallıq-müəllimliyi idi...
   Və son söz yenə onun qələminin əzəli-əbədi simsarı olan şeirlərinin, çalışdığı bütün sahələrdə hər bir məsələyə millət, xalq mənafeyi fəlsəfəsindən yanaşan Abdulla Şaiq qələmindən çıxmış həm real, həm romantik, Vətən-vətəndaş poeziyasından sadə-“sadəlövh” bir nümunənindir. Tək elə uşaqların yox, bütün xalqın diləzbəri bir şeirin:
   
   Ay pipiyi qan xoruz,
   Gözləri mərcan xoruz!
   Sən nə tezdən durursan,
   Qışqırıb banlayırsan...

   
   Növbəti iki misranı yazmaqdansa, yozmaq yaxşıdır: nə qədər ki Qarabağda həyət-bacalarımızdan doğma insan nəfəsi, toyuq-cücə səsi gəlmir, bu bədii xoruz bizi qoymasın yatmağa!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar