Kabus illərin salnaməsi
   
   İnsan övladı yaradılışdan azadlığa, ruhunun hürriyyətinə can atır. Elə buna görə də qadağaları, təzyiqləri, olar-olmazları anlamaqda çətinlik çəkir. Özü də bunun acı nəticələrinə qatlaşaraq. Bu mənada vətəninin, xalqının gələcəyi ilə bağlı yüksək ideyaları, parlaq amalları, gözəl arzuları olanların əzabları daha çox, sonucları isə daha faciəli olur.
   
   Elə sovet imperiyasının qanlı-qadalı 1937-ci il repressiyasına məruz qalan hür düşüncəli say-seçmə ziyalılarımızın, onların günahsız övladlarının, biçarə həyat yoldaşlarının, «xalq düşməni» damğası gəzdirənlərinin də həyatları dəhşətlərlə dolu oldu. Amansız repressiya qurbanları arasında böyük millətin zərif, həm də böyük ürəkli qadınları da var idi. Daim ətalətə məhkum edildiyi düşünülən Şərq, Azərbaycan qadınının öndə gedənləri, yeni düşünənləri idi onlar.
   Bu sayımızdan etibarən “Kabus illərin salnaməsi” adlı rubrika altında Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti və ümumilikdə fikir tarixində öz yeri olan və buna görə də sovet rejiminin qəzəbinə düçar olaraq repressiya, sürgün, məhrumiyyət və məşəqqətlərə məruz qalan qadınlarımızın taleyinə, özlərindən sonra qalan nisgilli xatirələrinə işıq tutmağa çalışacağıq.
   
   Sordum, ümidini qırma dedilər
   
   Amma təəssüf, min təəssüf ki, ümidlər yarı yolda qırıldı, arzular yarımçıq, ömür tar-mar oldu. Ürəklərə sığmayan azadlıq eşqi, ədalət diləyi, hür yaşamaq istəyi qəbahətə, böyük suça çevrildi. Beləcə, bu istəkdə bulunan bütün düşünən beyinlərin həyatına 1937 rəqəmli bir ildırım düşdü. Bununla da azadlığa can atanlar ömürlərini repressiya dalğasında itirdilər. Bu adları sadalayıb, taleləri araşdırdıqca, insanı qəribə bir vahimə bürüyür: vətənini sevmək suçmuş...
   Bu dəhşətli ildırımın düşdüyü ailələrdən biri də öndər ziyalılarımızdan olan Seyid Hüseynin evi idi. O və ailə üzvləri, həyat yoldaşı, gözəl şairə Umgülsüm xanım və övladları - atasına son olaraq verdiyi “Ata, nə vaxt qayıdacaqsan” sualına cavab ala bilməyən balaca Toğrul, sonradan Azərbaycanın böyük sənətkarı, fırça ustası olacaq Oqtay Sadıqzadə də bu fədailər sırasında oldu...
   Yazıçı-publisist, romantik şeirlər müəllifi Umgülsüm Sadıqzadə məşum 1937-ci ildə həbs olunan ilk qadın ziyalımızdandır. O, sözün tam mənasında, faciəli bir ömür sürdü.
   Bakının Novxanı və ətraf kəndlərində məşhur olan Molla Əbdüləziz kişinin üçüncü övladı olan Umgülsüm hələ 8-9 yaşlarından şeiriyyətə olan sevgisini büruzə verməyə başlayır. Onun fars və ərəb dillərini mükəmməl bilməsi klassik sənətkarların əsərlərini sərbəst mütaliə etməsinə imkan yaradırdı. Elə bu mütaliə sayəsində Umgülsüm sonralar heca ilə yanaşı əruz vəznində də mükəmməl şeir nümunələri yarada bilir. O, 1914-cü ildən başlayaraq mütəmadi olaraq dövrün qabaqcıl “Açıq söz”, “Birlik”, “İqbal”, “Yeni iqbal”, “İstiqlal”, “Azərbaycan”, “Ədəbiyyat”, “Şərq qadını” kimi dövri mətbuat orqanlarında çap olunmağa başlayır.
   
   Anneciyim, bu yaşıl dağlar mənim...
   
   Umgülsüm Sadıqzadənin həyat yoldaşı Seyid Hüseyn dövrünün tanınmış ədibi, görkəmli nasir və tənqidçisi idi. Elə deyəsən, bütün bəlalar da bu izdivacdan qaynaqlanırdı. Seyid Hüseyn daha çox qadın azadlığı, sosial və siyasi həyat, milli məsələlərlə bağlı məqalələr yazırdı. Sovet hakimiyyəti qurulanda Bakıdan Xızıya gedərək müəllimlik fəaliyyəti ilə məşğul olur. Bir müddətdən sonra Bakıya qayıdan yazıçı 1921-ci ildə həbs olunur. Üç aydan sonra Topçubaşov, Nərimanbəyov kimi digər ziyalılarla birgə onun da dilindən “sovetlər əleyhinə fəaliyyətdə olmayacağımıza söz veririk” məzmunlu kağız alındıqdan sonra azadlığa buraxılır.
   1936-cı ildə Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq və bir çox dəyərli Azərbaycan ziyalıları kimi Seyid Hüseyn də “xalq düşməni” adı altında həbs olunur.
   12493 nömrəli dustağın ittihamnaməsi 1937-ci il noyabrın 17-də Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının əməkdaşları tərəfindən təsdiq edilir. 1938-ci il yanvarın 5-nə qapalı məhkəmə iclası təyin olunur. Cəmi 20 dəqiqə çəkən məhkəmə məşvərətdən qayıdır və 10 dəqiqədən sonra hökm oxunur: “Yazıçı Seyid Hüseyn Sadıqzadə əmlakı müsadirə edilməklə ən ağır cəzaya - güllələnməyə məhkum edilsin”.
   Yanvarın 6-da onu kameradan sonuncu dəfə çıxarırlar. Maşınla xeyli yol gedirlər, əmrin icra yerinə çatanda dəniz havasını hiss edən Seyid Hüseyn Qum adasında olduğunu anlayır. O, son dəfə olaraq dənizin xoş qoxusunu ciyərlərinə çəkir, son dəfə xəyalının gedə bildiyi yerlərə boylanır, son dəfə sevdiklərinin, nigaranlıqla qoyub gəldiklərinin adlarını pıçıldayır. Az keçmədən əmr icra olunur...
   
   37-nin 37 yaşlı qadına verdiyi 37 min acı...
   
   Övladlarının da dediyinə görə, atalarının həbsindən sonra qara maşının yenidən qapılarında dayanacağını bilirdilər. Təbii ki, bu dəfə də sıra azadlıq, turançılıq, türklük hayqıran Umgülsüm xanımın idi. Elə də oldu, atalarından sonra ailənin ikinci başçısı 37 yaşlı Umgülsüm də həbs olundu. 6 ay Bayıl həbsxanasında saxlanıldıqdan sonra o, Rusiyanın Mordoviya Muxtar Vilayətinə sürgün edildi. İstər Bayıl həbsxanasında, istərsə də sürgündə olarkən keçirdiyi günlərin nə qədər məşəqqətli olduğunu Umgülsümün məhbəsdə olarkən yazdığı “Qala xatirələrim” adlı gündəliyindən oxuyuruq. Gündəliyi vərəqlədikcə adamı, sadəcə, dəhşət bürüyür. Dözülməsi mümkün olmayan şərait, ədalətsiz münasibət, həsrət və iztirab içində keçən günlər. Üstəgəl, hər gün yaşanan dəhşətli hadisələrə çarəsizcəsinə seyrçi olmaq...
   
   “Qala xatirələrim”i vərəqləyərkən
   
   12 noyabr 1937-ci il. “Bu gün iki gündür ki, burdayam. Keçirdiyim həyat mənə yuxu kimi gəlir. Bir qovğa içindəyəm. Səhər saat 10-dur. Nadzor gəlib qapının qıfılını açdı. Kamerada elə qarışıqlıq var ki, belə bir şeyi mən ömrümdə təsəvvürümə gətirə bilməzdim. Bütün yorğan-döşəklər yerə sərilib. Axşamdan bəri 36 adamın ayaqyolu kimi istifadə etdikləri ağzına qədər çirkab dolu vedrəylə yanaşı qoyulan çay vedrəmizin də ağzı açıqdır. Bu murdarlığı və üfunətin iyini təmizləyəcək bir şey yoxdur. Burada hər şey fövqəladə bir şəkildədir. Kamerada çay içmək və yemək üçün cəmi 18 qab var. 36 nəfər bu 18 qabda həm yemək yeyəcək, həm də çay içəcəyik. Yeməkdən sonra yuyulmayan qablarda növbəylə çay içmək, qanımızı yemək kimi bir şeydir. Bunu düşmənimə də arzu etmirəm!
   Kamera adlandırılan bu on beş kvadratmetrlik otağın yarım kvadratmetr olan pəncərəsindən saçılan günəşin ziyası bir payız gününün son saatını andırır. Hər kəs həzin surətdə keçmiş və şirin həyatını anaraq bütün vücudu ilə yanır...”
   
   25 fevral 1938-ci il. “Bu günü yazmaya bilməzdim. Səhər tezdən bizim kamera ilə üzbəüz kameradan dəhşətli hay-küy qopdu. Hamımız qapıya toplaşdıq. Nə qədər acı bir mənzərə... Şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər ağlını itirib. Bu sözü dünəndən bəri eşidirdik. Biz elə zənn edirdik ki, Dilbər, sadəcə, əsəbi hallar keçirir. Amma vəziyyəti, sən demə, doğrudan ciddi imiş. Nə qədər acı da olsa, onunla bir kamerada olan qadınlar Dilbərin onların kamerasından çıxarılmasını istəyirdilər”.
   
   27 fevral 1938-ci il. “Gecəni səhərə qədər yatmadım. Dilbərin halı hamımızı məyus etmişdi. Onu yuxarıya - xəstəxanaya apardılar. Bizim kameranın üstündə olan palatada ona iynə vurub otaqda tək saxladılar. Axşama kimi yatdı. Axşam isə ayılıb yenidən otaqda ora-bura qaçmağa, ayağını yerə döyüb öz-özünə danışmağa başladı. Onun dediklərini aydın eşitmək olmasa da, bəzilərini başa düşmək olurdu. “Mənə deyirlər, dəli olmusan... Mən yarımın yolunda ölməliyəm. Müşfiqim gəlsin, atam gəlsin... Gedin qapını döyün, deyin, atam gəlib məni aparsın.... Yazıq Dilbər, kimsəsiz Dilbər hey!..”
   Dilbərin halı bizdə can qoymadı. Axı bu bizim sevimli şairimiz Müşfiqin sevimli, nazlı Dilbəri idi...”
   ... Gündəliyi emosiyasız, göz yaşlarısız oxumaq mümkün deyil. İnsan dişini sıxdıqda bütün acılara tab gətirə biləcəyini, iradəsinin möhkəmliyini heç zaman itirməyəcəyini düşünür. Amma birdən ruhu daralır, böyük ürəyi hərarətini itirir, bütün əzablara son qoymaq, təslim olmaq istəyir. Xanımın xatirələrini oxuduqca həm də ölməyin ölmək istəyindən də çətin olduğunu anladım....
   
   Buzlu şimaldan qopan rüzgar onu alıb apardı
   
   Məlumdur ki, 1937-ci ildə bir çox ziyalıların həyat yoldaşları məhz onların özlərinə görə həbs olunurdu. Amma arxiv materiallarından da aydın görünür ki, Umgülsüm xanımın həbsinə səbəb, sadəcə, onun Seyid Hüseynin həyat yoldaşı olması deyildi. Onun yaradıcılığı “Turan”, “Ey türk oğlu”, “Builki mayısda”, “Bayrağım enərkən” , “Əməlim”, “Çəkil, dəf ol!” kimi şeirlərinin mahiyyətinin millətçiliyə, azadlıq çağırışlarına, turançılığa söykənməsi idi.
   
   ...Ey buzlu şimaldan qopan rüzgar!
   Toxunma qəlbimə, atəşi parlar.
   Sakın, gəlmə, səni nəfəsim boğar,
   Dəf ol! Vətənimdə görəməm səni.
   
   Və ya 1919-cu ildə qələmə aldığı başqa bir şeirində etdiyi çağırış:
   ...Turan balasıyam, türkün özündən,
   Soyuq su içdim mən pınar gözündən.
   Yeni nur aldım o günəş üzündən,
   Şərəfli bir dilək yaşadır məni.
   
   ... Bax, beləcə, sevgili vətənin müstəqilliyi uğrunda üsyan edirdi Umgülsüm. Azadlıq, müstəqillik hayqırtılarını zərif bədəninə sığmayan böyük ürəyindən belə fışqırırdı. Təbii ki, bu da quduz imperiyanın azğın idarəçilərinə xoş gəlmirdi. Ona görə də minlərlə millət sevdalılarımız kimi Umgülsümün də üsyanı zülmət, nəhayətsiz əzablarla müşayiət olunan kameralarda dəfn olundu. Amma əzablar bununla da bitmədi ki, bitmədi.
   
   Sevgili oğlum... üzülməsin...
   
   Günəşim bir daha doğmayacaqmı?
   Vəhşi qaranlığı boğmayacaqmı?
   Kölgələri şəfəq qovmayacaqmı?
   Sordum, ümidini qırma dedilər.
   
   Ümidsizlikdə çırpınan şairəyə daha bir zərbə dəydi. 1942-ci ildə 20 yaşlı oğlu Oqtay da həbs edilərək sürgünə göndərildi. 1946-cı ildə sürgündən azad olunaraq Bakıya qayıdanda isə Oqtaya anasını görmək nəsib olmadı. Yeddi illik dustaq həyatından sonra azadlığa buraxılan Umgülsümə Bakıda yaşamaq qadağan olunmuşdu. Elə buna görə də o, Şamaxıda məskunlaşmağa məcbur olur. Amma burada da çox yaşamır və son yolçuluğuna çıxır. Üç aydan sonra - 1944-cü ildə 44 yaşında Şamaxıda vəfat edir.
   Beləcə, bir ömrün, bir incə, duyğulu qəlbin nəğmələri susur. Nə qədər dözümlü, iradəli, güclü olsa belə, bir qadın, ana, şair ürəyi, nəhayət ki, qırılır, üzülür, küsür və ... sınır.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar