Bəşir özü Məcnun, oynadığı bütün “özgə”lər Leyli idi...
Səhnəmizdə sənətin məcnunları az olmayıb. Lakin Bəşir Səfəroğlu onların içərisində Füzulinin Məcnunu kimi seçilirdi. “Aşiqliyi” də istedad komponenti kimi təfsir edən şairlər şairimizin bir beytinə müdaxilə cəsarətində bulunsaq, belə də demək olar: Bəşirdə artistlikdən füzun aşiqlik istedadı vardı, Aşiqi-səhnə o idi - çoxlarının ancaq adı vardı...
Onun xəmiri tamamilə aktyorluq aktlarıyla yoğrulduğundan, deyəsən, mənim bu bənzətmə-xəmirim hələ çox təşbeh-su aparacaq...
Belə ki, bütün başqa şairlərin məcnunları da gözəl-özəldirlər, ali “dəli”, əla sevib-seviləndirlər. Lakin onların hamısında Qeysliklə Məcnunluq paralel, ən yaxşı halda - bioloji varlıq-reallıqla (Qeysliklə) sosioloji yarlıq-obrazlılığın (Məcnunluğun) ikidə bir nisbətindədir. Füzuli Qeysinin məcnunluğu isə poetik-bədii “diaqnostika”nın bütün emosional, hissi, əqli-aşiqi epikriz-komponentlərinə uyğun “dəli”likdir. Əgər Füzuli öz ilahi-xəyali obrazlarını bədii üfüqlərdən real həyata, bəzən lap məhəlli həyətə endirib: “Qızlar oğlanlara satanda işvəvü naz, Oğlanlar necə səbr pişə qılsın, Və gər səbri olsa, nişə qılsın?” - deyirdisə, Bəşir Səfəroğlu müəlliflərin səhnə “anklav”ları üçün qurub-quramaladıqları obraz və situasiyaları öz təkrarsız jestləri, təbəssümləri, qaş-göz eyhamları ilə kompensasiya edib parter, amfiteatr və yaruslara yayırdı.
Onun ömrünün sonundakı “rolu”nda - dünyadəyişim “avtoportret”ində də Füzuli könlündəki duyğulardan birinə yönəliklik vardı ki, bu barədə sonda...
Hələ ömrünün öncəliyi
Yəni Bəşir Səfəroğlunun Bəşir Səfər oğlu Səfərov kimi tanındığı dövrü. Bu, bütöv bir epopeyadır. Adi dramaturgiyaya sığışmaz epopeya. Azadlıq, rahatlıq, sərbəstlik, xeyli dərəcədə xoşbəxtlik qədər-qismətindən başını qaşımağa macal tapmayan indiki dövrlə onun - zülm-məşəqqətləri daşımağa güc tapmayan yeniyetməlik, gənclik dövrünün fərqini müqayisə etmək üçün “yer”-“göy” ifadələri də bəs eləmir.
Tarixin rəngsiz, obrazsız sənəd dili ilə yazmalıyıq ki, o, 11 mart 1925-ci ildə Bakıda doğulub. Vəssalam? Bəs əlavə etməyək ki, sonraların bu boyda sənətkarının sənəd tarixçəsi təbəssümlü, gülüşlü, azad düşüncəli sənət üzünə yox, hirsli-hikkəli, yalan mayalı, dəmir qaş-qabaqlı siyasət üzünə doğulub?! Hələ ictimai-sosial mənşə “maddə”si də bir yandan: ailə vəziyyətinin ağırlığı onu məktəbin yeddinci sinfindən uzaqlaşdırmalı olub. On dörd yaşında dolanışıq və repressiya mizanlarıyla süslənmiş həyat səhnəsindən sürücülər klubunun dram dərnəyi səhnəsinə qalxıb. On altı yaşında dünyanın faşizm dramına - müharibəyə yollanıb. 1942-ci ildə kontuziya “təltifat”ı ilə geri qayıdıb.
Dil tutulub, qulaqlarsa çox ağır eşidir. Bəs nə etməli? Bir söz deyə və çığırtı-gumbultularından savay heç bir sözünü eşidə bilmədiyi bu dünyanın sənət-səhnə yarına necə qovuşmalı?
Bir müddət keçir, qulaqları, özü demişkən, “pıçıltılara yatmasa da, qıcırtıları antenalaya bilir”. Lakin “dərdini izhar edəsi dil” açılmır ki, açılmır. Bir müddət yük maşını sürməli olur. Və sən demə, lalın dilini tək elə analar yox, yaxşı insanlar da bilirmiş: onun istedadına yaxşı bələd olan rejissor Niyaz Şərifov məsləhət görür ki, müntəzəm olaraq teatr tamaşalarına gəlsin və “kəkələmə rollarına cəlb edilə bilər” ehtimalı ilə bir neçə ay sonra onu truppaya aktyor qəbul edir. Yaradıcılıq ehtirası ilə alışıb-yanan Bəşir bu uğurdan bir qədər də həyəcanlanır, ömrün və talenin bu iztirablı, gərgin “ssenari”silə gedib-gəlir, yatıb-durur. Bir gecə yuxuda necə bir zəlzələvi həyəcan yaşayırsa, oyanıb agah olur ki, dili açılıb!
Və o gecənin “yuxu kulminasiyası” sayəsində Bəşirin Bəşir Səfəroğlu erası başlayır...
Başlayır - nə başlayır!..
“Başlayır” deməyə nə varmış ki? Bunu demək, onun “yavaş-yavaş yandı” sözlərini söyləməsi kimi - yəni su içimi kimi bir şeydir. Amma bəs, bu sözləri söyləyərkən onun üzündə yaranan “surəti-məhvəşləri” necə verəsən? Yəni problem bu “başlamağı” layiqincə təsvir edib, bu korifeyi sağ ikən görməmiş müasir oxucuya çatdırmaq üçün nədən və necə başlamaqdadır. Onun başlamağı nə “çətin” məsələymiş ki; o bu dünyaya valideynləri üçün bir bala kimilikdən əlavə, “Allahın bəlası” kimi də gəlibmiş. Fitri istedad ləbaləb, sənətə sevgi siləbəsilə, aqil-qabilliyi zəki-zəki, tökü-tökü və... o dövr vurğunlarından (o vaxtlar “fanat” termini kəşf olunmamışdı) birinin dediyi kimi - “üzündə də şeytan tükü”...
O dövrün vurğunlarından birinin bu sözünü havayıdan xatırlatmadım; Bəşir Səfəroğluya elə-belə - yəni müəlliflərin (dramaturq və rejissorun) və hətta özünün mizan-düzən, yumor-mumor qatqarı qatmadıqları məqamlarda da baxanda adamın gülməyi gəlirdi. Bu sirrin “iksir”ini tapmaqda aciz olan Allah bəndələri - xalq isə aldığı hədsiz ləzzəti, qaldığı qədərsiz heyranlığı ömrü uzunu “min-əş şeytani-rəcim” deyə lənətlədiyi (bu halda “sevdiyi”) abstrakt varlığın tükü ilə bağlayır.
Lənət şeytana, başlama-proloqumuz belə alındısa, bəs, ortalama-razvyazka və sonlama-epiloqumuz necə olacaq? Cəmisi qırx dörd il yaşamış bu “gənc”in yaradıb-yaşatdığı rolları - onlarca “dəyirmi stol” ətrafına sığışmayası yüzlərlə uzunömürlü, qos-qoca obrazları dördkünc qəzet səhifəsi “məclis”inə necə toplayıb görüşdürməli? Öz saya fikirlərini onların rəngarəng düşüncələrilə nə tövr bölüşdürməli? “Durna”dakı Uzun - Qoşun höcətləşməsinə - “vur-vurum!” kimi muz-“müharibə”lərə baxıb necə qəşş etməməli? Ustadlıqla yaratdığı “həm ciddi, həm şən” - guya eleqant alim, amma cılxa pedant Gülümsərovun: “Məni bu işə vadar edənlər tarix qarşısında cavab verəcəklər!” - “vəsiyyət”ini necə göyərtməli?..
Yox, deyəsən, səhnəmizin əbədi ulduzlarından olan Bəşir Səfəroğlunu da bir qədər “trafaret-təqdimat” formatında təqdim edəsi olacağıq. Heç olmasa bir neçə obrazının adını sadalayaq: “Beş manatlıq gəlin”də Möhsün, “Keto və Kote”də Qaradavoy, Çiko, “O olmasın, bu olsun”da Məşədi İbad, Qoçu Əsgər, “Durna”da Uzun, “Ulduz”da Gülümsərov, Qədir, “Gözün aydın”da Səlyanski, Qəhrəman, “Mərdi-Xəsis”də Hacı Qara, “Rəisin arvadı”nda Baləmi, “Milyonçunun dilənçi oğlu”nda polis rəisi, “Bizə bircə xal lazımdır”da Səbrəli və sair və ilaxır və bu kimiləri... İnanın, əgər belə “modal” əlavə qəlibləri üç yox, yüz üç də olasıydı - hamısını sadalamağa dəyərdi. Çünki onun obrazlarının nə sayı bitən, nə sanbalı tükənəndir.
Və verdiyim vəd...
Yuxarıda demişdim axı, onun “avtoportret”indəki Füzuli duyğularına, “ey Füzuli!” xitablarına yönəlik bir nüansa da toxunacağam. Özü də çox qısa şəkildə. Belə ki, bu sənət Məcnununun dünyadəyişiminə səbəb olan xəstəlik nadir azarlardan olduğu kimi, onun bu mərəzi qarşılaması da məcnunanə-Füzuliyanə olub. Son günədək səhnədən düşməyib, sürəkli alqışları, salonlardan atılan gül-çiçəkləri, replika-komplimentləri “mən ki bu gün-sabahlığam...” ovqatı ilə yox, “sənət əbədidir!” duyğuları ilə qarşılayıb. Gözü hərdən həkimlərə dikilərkən “Gəl, sanma Füzuli dərdini asan, ey təbib!” - ucalığıyla düşünüb. Onu sevgi və ağrı dolu baxışlarla süzən doğmalarına baxarkən isə, özünü “...Rəhmət sənə, ey Füzuli, Ki, öldün, əfqanınla xəlqə əziyyət vermədin!” mərdanəliyi üstdə kökləyib...
Tahir Abbaslı