Azərbaycan
   
   10 mart 1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Həmin gün Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. 10 Mart Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur.
   10 mart 1878 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (30 iyun (yeni təqvimlə 12 iyul) 1812, Şəki - 1878) Tiflisdə vəfat edib. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanın vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.
   10 mart 1915 - İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, pedaqoq, professor Qəmər Hacağa qızı Almaszadə (1915-7.4.2006) anadan olub.
   10 mart 1940 - Xalq artisti, tanınmış xanəndə Canəli Xanəli oğlu Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun" - Məcnun, "Əsli və Kərəm" - Kərəm, "Aşıq Qərib" - Qərib, "Şah İsmayıl - Şah İsmayıl və s.) baş rollarda çıxış edib.    

   11 mart 1925 - Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. 1942-ci ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib, tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. "Əhməd haradadır?", "Ulduz", “Xoca Nəsrəddinin 12 qəbri" (“Tacikfilm”) və s. filmlərdə çəkilib.
   11 mart 1958 - Əməkdar artist Hicran Fətəli qızı Nəsirova Bakının Əmircan qəsəbəsində doğulub. Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında (“Evləri köndələn yar” - Reyhan, “İtkin gəlin” - Dünya) maraqlı obrazlar yaradıb.
   
   12 mart 1906 - Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə, 1906-10.6.1989) anadan olub. Böyük Vətən müharibəsi, Cənubi Azərbaycan mövzusunda əsərləri xüsusilə məşhurluq qazanıb. Akademik Dram Teatrın direktoru (1937-1938), «Ədəbiyyat qəzeti»nin baş redaktoru olub.
   12 mart 1933 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 1933-12.12.2002) anadan olub. Əsərlərində yüksək lirika ilə bərabər vətəndaş mövqeyi daim aparıcı xətt təşkil edib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
   12 mart 1938 - Şair Adil Qasımov anadan olub.
   
   13 mart 1899 - Xalq artisti, aktyor Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899-12.4.1969) Bakının Fatmayı kəndində doğulub. “Görüş” filmində (Çayçı) çəkilib.
   13 mart 1927 - Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında çalışıb. «Azərbaycanfilm», «Mosfilm» və s. kinostudiyalarda işləyib. “Uzaq sahillərdə” (1958) filmində Mixaylo rolu böyük şöhrət qazanıb. “Əsl dost” (1959), “Bizim küçə” (1961), “Telefonçu qız” (1962) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 2003-cü ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır.
   13 mart 1935 - Ədəbiyyatşünas alim Arif Allahyar oğlu Hacıyev (1935-2000) anadan olub.
   13 mart 1938 - SSRİ hökuməti bütün müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib. Milli dilin məhdudlaşdırılması və ruslaşdırma siyasəti repressiyalarla müşayiət olunurdu.
   13 mart 1994 - Görkəmli aktyor və rejissor Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942, Təbriz - 1994) vəfat edib. Teatr, televiziya tamaşalarında, kinoda maraqlı obrazlar yaradıb.
   
   14 mart 1880 - Məşhur satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880-1919) Naxçıvanda doğulub. “Molla Nəsrəddin” jurnalının tanınmış yazarlarından olub.
   14 mart 1938 - Xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Roman ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") və povestlərin ("Ağ liman", "Əlaqə"), hekayə ("Keçən ilin son gecəsi") və pyeslərin (“Şəhərin yay günləri", "Adamın adamı"), 10-dan çox filmin ssenarisinin (“Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə”, “Otel otağı” və s.), şeir, tərcümə, publisistik məqalələrin müəllifidir. Bir neçə filmə ("Dantenin yubileyi", “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi”) quruluş verib. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir, 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. “İstiqlal” ordeni, “Heydər Əliyev mükafatı” ilə təltif olunub.
   14 mart 1938 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 - 31.2.2002) Xızı kəndində anadan olub.
   14 mart 1992 - Görkəmli şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 28.3.1924 - 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus dilindən uşaq ədəbiyyatı nümunələrini tərcümə edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət nazirinin müavini işləyib.    

   Dünya
   
   10 mart 1772 - Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şleqel (Friedrich Schlegel, 1772-1829) anadan olub.
   10 mart 1926 - Rus bəstəkarı Aleksandr Sergeyeviç Zasepin anadan olub. “Qafqaz əsiri”, “Brilyant əl” filmlərinə musiqi yazıb.
   10 mart 1930 - Litva şairi, yazıçı, dramaturq Yustinas Marsinkyaviçus (1930- 2011) anadan olub.
   10 mart 1940 - Məşhur Amerika kinoaktyoru, əlbəyaxa döyüş sənəti ustası Çak Norris (Chuck Norris - Carlos Ray Norris) anadan olub.
   10 mart 1955 - Polşa kinorejissoru, ssenarist Yuliuş Maxulski (Juliusz Machulski) anadan olub.
   10 mart 1958 - Amerika aktrisası Şaron Stoun (Sharon Vonne Stone) anadan olub. “Əsas instinkt” (1992, Ketrin Tramell) filmi ilə şöhrət qazanıb. “Yolayrıcı”, “Kazino” və s. filmlərdə çəkilib.
   
   11 mart 1544 - İtalyan şairi Torkvato Tasso (Torquato Tasso, 1544-1595) anadan olub.
   11 mart 1818 - Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.
   11 mart 1926 - Rusiyanın Xalq artisti, aktyor Yevgeni Şutov (1926-1995) anadan olub.
   11 mart 1948 - Fransız aktrisası Dominik Sanda (Dominique Sanda) anadan olub.
   11 mart 1950 - Amerika kinorejissoru, ssenarist, prodüser Cerri Tsuker (Jerry Zucker) anadan olub.
   
   12 mart 1672 - İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele, 1672-1729) anadan olub.
   12 mart 1685 - İngilis filosofu, subyektiv idealizmin tanınmış simalarından biri (spiritualist) Corc Berkli (George Berkeley, 1685-1753) anadan olub.
   12 mart 1728 - Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs, 1728-1779) anadan olub.
   12 mart 1737 - Görkəmli rus arxitektoru, rus klassisizminin banilərindən biri Vasili İvanoviç Bajenov (1737-1799) anadan olub.
   12 mart 1925 - Amerika fantast-yazıçısı Harri (Harry) Harrison (əsl adı Henry Maxwell Dempsey) anadan olub.
   12 mart 1935 - Rus kinorejissoru, ssenarist, pedaqoq Valentin Konstantinoviç Çernıx anadan olub.
   12 mart 1937 - Rus kinorejissoru Boris Valentinoviç Durov (1937-2000) anadan olub. Sovet dövrünün məşhur ekran əsərlərindən olan “XX əsrin dəniz quldurları” filminə (1979) quruluş verib.
   12 mart 1937 - Tanınmış gürcü opera müğənnisi (tenor), SSRİ Xalq artisti Zurab Lavrentyeviç Sotkilava anadan olub.
   12 mart 1946 - Amerika aktrisası, müğənni, “Oskar” laureatı Layza Minnelli (Liza Minnelli) anadan olub.
    13 mart 1733 - İngilis materailist filosofu, Cozef Pristli (Joseph Priestley, 1733-1804) anadan olub.
   13 mart 1838 - İtalyan yazıçısı, tarixi romanlar (“Spartak” və s.) müəllifi Rafaello Covanyoli (Raffaello Giovagnoli, 1838-1915) anadan olub.
   13 mart 1900 - Yunan şairi, ədəbiyyat üzrə “Nobel” mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.
   13 mart 1906 - Rus kinorejissoru, ssenarist İsidor Annenski (1906-1977) anadan olub. Azərbaycanda “Telefonçu qız” filminin (1962) ssenari müəllifi (Həsən Seyidbəyli ilə müştərək) olub.
   13 mart 1913 - Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913-2009) anadan olub. SSRİ-nin və Rusiyanın dövlət himnlərinin sözlərinin müəllifidir.
   13 mart 1922 - Məşhur kalmık şairi David Nikitoviç Kuqultinov (1922-2006) anadan olub.
   13 mart 1951 - Rusiyanın Xalq artisti, tanınmış aktrisa İrina İvanovna Alfyorova anadan olub.
   14 mart 1681 - Məşhur alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann, 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.
   14 mart 1804 - Böyük Avstriya bəstəkarı, skripkaçı, dirijor, “Vyana” valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss; 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olub.
   14 mart 1823 - Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville; 1823-1891) anadan olub.
   14 mart 1933 - İngilis aktyoru, iki dəfə “Oskar” laureatı Maykl Keyn (Michael Caine - əsl adı Maurice Joseph Micklewhite) anadan olub.
   14 mart 1941 - Alman əsilli Amerika kinorejissoru Volfqanq (Wolfgang) Petersen anadan olub. “Prezident təyyarəsi”, “Epidemiya” və s. filmlərin rejissorudur.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar