Azərbaycan
30 mart 1945 - Xalq artisti, tanınmış aktrisa, pedaqoq Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə doğulub. “Qaraca qız” (Pəricahan), “Dədə Qorqud” (Burla xatun), “Bizim Cəbiş müəllim” (Cəbişin arvadı), “İstintaq” (Gülya) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (1995-2000) olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
30 mart 1949 - Tanınmış opera müğənnisi, Xalq artisti Səfa Qəhrəmanov (1949-5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.
31 mart 1861 - Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, bənzərsiz muğam ustası, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 - 20.4.1944) Şuşada doğulub.
31 mart 1936 - Xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev (1936 - 19.3.1994) anadan olub. "Cəngi" folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib. Bakı metrosunda baş vermiş terror hadisəsində həlak olub.
1 aprel 1916 - Tanınmış şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 - 7.5.1968) anadan olub. “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Elə xoşbəxtəm ki!” və s. kitabların müəllifidir. Şeirlərinə mahnılar (o cümlədən Rauf Hacıyevin yazdığı və Rəşid Behbudovun ifasında dillər əzbəri olan “Azərbaycan” mahnısı) bəstələnib. Radio və Televiziya Verilişləri Komitəsinin sədri (1964-1968) işləyib.
1 aprel 1937 - Əməkdar mədəniyyət işçisi, şair Ayaz Vəfalı (Ayaz Rza oğlu Cəfərov) Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. “İllər və nəsillər”, “Turacın mahnısı”, “Özü oda yana-yana”və s. kitabların müəllifidir.
1 aprel 1953 - Yazıçı və jurnalist Aqil Abbas (Aqil Məhəmməd oğlu Abbasov) Ağcabədi rayonunun Kolanı kəndində doğulub. Əsərləri: “Batmanqılınc”, “Qiyamət gecəsi”, “Dolu” və s. 2005-ci ildən Milli Məclisin deputatıdır.
1 aprel 1954 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884, Şuşa - 1954) vəfat edib. Milli teatrımızda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən "Leyli və Məcnun"da Leyli) qadın rollarını oynayıb. Pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib.
1 aprel 1981 - Xalq şairi, ictimai xadim Rəsul Rza (19.5.1910, Göyçay - 1981) vəfat edib. Vətənpərvərlik, humanizm üzərində köklənən, fəlsəfi ruhlu şeir və poemaların müəllifidir. Rus və Avropa şairlərinin əsərlərini dilimizə tərcümə edib. Azərbaycan Yazıçılar Birliyinin sədri olub.
2 aprel 1870 - Şair Azər Məcid oğlu İmaməliyev (1870-8.8.1956) Bakının Buzovna kəndində doğulub. Felyetonlar yazıb, fars dilindən tərcümələr edib.
2 aprel 1932 - Ədəbiyyatşünas, tərcüməçi, professor Xeyrulla Salman oğlu Əliyev anadan olub.
2 aprel 1993 - Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğalı ediblər. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşüb, rayon mərkəzi, 150-yə yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası xarabazara çevrilib.
Dünya
30 mart 1746 - Görkəmli ispan rəssamı, romantizmin parlaq nümayəndəsi Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes, 1746-1828) anadan olub.
30 mart 1844 - Fransız şairi, ədəbiyyatda impressionizm və simvolizmin banilərindən biri Pol Verlen (Paul Marie Verlaine, 1844-1896) anadan olub.
30 mart 1853 - Məşhur holland rəssamı, postimpressionizmin nümayəndəsi Vinsent Uilyam van Qoq (Vincent Willem van Gogh, 1853-29.7.1890) anadan olub.
31 mart 1596 - Məşhur fransız filosofu Rene Dekart (Rene Descartes, 1596 - 11.2.1650) anadan olub.
31 mart 1732 - Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 1732-1809) anadan olub. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
31 mart 1882 - Rus yazıçısı, ədəbiyyatşünas Korney Çukovski (Nikolay Vasilyeviç Korneyçukov; 1882-1969) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
31 mart 1914 - Meksika şairi, kulturoloq, ədəbiyyat üzrə “Nobel” mükafatı (1990) laureatı Oktavio Pas (Octavio Paz, 1914-1998) anadan olub.
31 mart 1926 - İngilis yazıçısı, postmodernizmin tanınmış nümayəndələrindən biri Con Faulz (John Fowles, 1926-2005) anadan olub.
31 mart 1939 - Alman kinorejissoru, “Oskar” laureatı Folker Şlöndorf (Volker Schlöndorff) anadan olub.
31 mart 1948 - Rusiyanın məşhur estrada artisti Vladimir Vinokur anadan olub.
1 aprel bir sıra ölkələrdə “gülüş və zarafat günü” kimi qeyd olunur. Avropada XVI əsrdən qeyd olunmağa başlayıb. 1564-cü ildə Fransada IX Karl yeni təqvim ilinin ənənəvi olaraq qeyd edilən 1 apreldən 1 yanvara keçirilməsi barədə fərman vermişdi. Buna rəğmən uzun illər insanlar zarafatla 1 apreli “yeni il bayramı” kimi qeyd ediblər. Sonradan bu tarix yalançı (aldatma) günü kimi ənənə halını alıb.
1 aprel 1809 - Görkəmli rus yazıçısı, dramaturq, publisist Nikolay Vasilyeviç Qoqol (Yanovski); 1809 - 4.3.1852) anadan olub. “Ölü canlar” romanı, “Müfəttiş”, “Evlənmə” pyesləri, “Şinel”, “Taras Bulba” povestləri və s. əsərlərin müəllifidir.
1 aprel 1866 - İtalyan bəstəkarı, yazıçı və pedaqoq Ferruçço Buzoni (Dante Michelangelo Benvenuto Ferruccio Busoni, 1866-1924) anadan olub.
1 aprel 1873 - Məşhur rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873-1943) anadan olub. 1917-ci ildə Amerikaya mühacirət edib.
1 aprel 1921 - Fransanın kommunist təmayüllü tanınmış yazıçısı Andre Stil (1921- 2004) anadan olub.
2 aprel 1805 - Danimarkalı yazıçı, dünya şöhrətli nağılbaz Hans Kristian (Christian) Andersen (1805-1875) anadan olub. Andersenin xatirəsinə ehtiram olaraq 2 aprel “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd olunur.
2 aprel 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. Nyu-Yorkda ucaldılmış məşhur “Azadlıq” heykəlinin müəllifidir.
2 aprel 1840 - Görkəmli fransız yazıçısı, naturalizm ədəbi cərəyanının nəzəriyyəçisi Emil Zolya (Emile Zola, 1840 - 29.9.1902) anadan olub. İyirmi romandan ibarət “Ruqonlar və Makkarlar” epopeyasının müəllifidir.
2 aprel 1891 - Fransız-alman rəssamı, memar, müasir incəsənətdə sürrealizmin banilərindən biri Maks (Max) Ernst (1891-1976) anadan olub.
Hazırladı: Vüqar Orxan