Azərbaycan
   
   3 aprel 1908 - Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub. Azərbaycan fəlsəfi və ədəbi fikir tarixinə dair tədqiqatların müəllifidir. Əsərləri iki dəfə Stalin mükafatına layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.
   3 aprel 2008 - Tanınmış aktrisa, Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (5.12.1924 - 2008) vəfat edib. Opera səhnəsində “Arşın mal alan”da Asya, “Sevil”də Gülüş və s. obrazları yaradıb. Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana” (Zeynəb), “Görüş” (pambıqçı qız) və s. filmlərdə çəkilib.
   
   4 aprel 1913 - Görkəmli aktyor, Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) Salyanda doğulub. İrəvan Azərbaycan Tearında, Milli Dram Teatrında (1945-1975) çalışıb. Çəkildiyi filmlər: “Kölgələr sürünür” (İmamzadə), “Bir qalanın sirri” (Simnar xan), “Həyat bizi sınayır” (Zəkiyyənin atası) və s. Bədii qiraət ustası kimi də tanınıb, bir çox filmlərdə aparıcı rolları (“Uzaq sahillərdə” - Mixaylo, “Telefonçu qız” - Zakir) səsləndirib, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb.
   4 aprel 1931 - Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931-22.7.2011) Göyçayda anadan olub.
   4 aprel 1935 - Tanınmış aktyor, Xalq artisti Muxtar Maniyev Bakıda doğulub. 50-dən çox filmdə (“İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Nəsimi”, “Nizami”, “Qanlı zəmi”, “Ölsəm... bağışla” və s.) maraqlı obrazlar yaradıb.
   4 aprel 1936 - Baletmeyster, Prezident təqaüdçüsü Nailə Məmməd qızı Nəzirova anadan olub.
   4 aprel 1953 - “Ədəbiyyat və incəsənət” qəzetinin ilk sayı çapdan çıxıb. Nəşr Respublika Kinematoqrafiya Nazirliyi, Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi (sonralar Mədəniyyət Nazirliyi) və Yazıçılar İttifaqının orqanı idi. 1991-ci ilin yanvarından ayrıca “Mədəniyyət” və “Ədəbiyyat” qəzetləri nəşr olunmağa başladı.
   
   5 aprel 1909 - Görkəmli bəstəkar Asəf Zeynallı (1909 - 27.10.1932) Şuşada doğulub. Azərbaycan musiqi mədəniyyəti tarixində bir sıra yeni janrların yaradıcısıdır, simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyib.
   5 aprel 1940 - Şair, nasir, filologiya elmləri doktoru Arif Əbdürrəhman oğlu Abdullazadə (1940 - 31.5.2002) Şəkidə anadan olub. Kitabları: “Bir ovuc torpaq”, “Duyum” (roman), “Bəxtimizin kitabı” (şeirlər).
   5 aprel 1942 - Filologiya elmləri doktoru, professor Lalə Hüseyn qızı Quliyeva anadan olub.
   5 aprel 1945 - Tanınmış bəstəkar, professor Oqtay Məmmədağa oğlu Rəcəbov anadan olub. “Göyçək Fatma", “Xeyir və Şər” uşaq operaları, simfoniyalar, "Əlin cibində olsun" musiqili komediyası və s. əsərlərin müəllifidir. Bədii filmlərə ("Ağ atlı oğlan", “Tərsinə çevrilmiş dünya”) musiqi yazıb.
   
   Dünya
   
   3 aprel 1783 - Məşhur Amerika yazıçısı, tarixçi Vaşinqton İrvinq (Washington İrving, 1783-1859) anadan olub. Qısa hekayələr müəllifi, esseist kimi tanınıb. Görkəmli insanların (o cümlədən Məhəmməd peyğəmbərin) həyatı haqqında tarixi-bioqrafik əsərlər yazıb.
   3 aprel 1918 - Tanınmış Ukrayna yazıçısı Oles (Aleksandr Terentyeviç) Qonçar (1918-1995) anadan olub. “Bayraqdarlar”, “İnsan və tüfəng”, “Tavriya”, “Məhəbbət sahili”, “Qan damlası” və s. romanların müəllifidir.
   3 aprel 1920 - Rus yazıçısı, ssenarist Yuri Markoviç Naqibin (1920-1994) anadan olub.
   3 aprel 1924 - Məşhur Amerika aktyoru Marlon Brando (1924-2004) anadan olub. Filmləri: “Limanda” (Terri Marloy, “Oskar” mükafatı, 1954), “Xaç atası” (Don Vito Karleone, “Oskar”, 1972), “Parisdə sonuncu tanqo”, “Apokalipsis bu gün”, “Supermen” və s.
   3 aprel 1958 - Amerika aktyoru Alek Bolduin (Alexander Rae Baldwin) anadan olub. “Qızıl qlobus” və “Emmi” mükafatları alıb. Filmləri: “Qırmızı Oktyabr” ovu”, “Qaçış”, “Hər şeyə hazır”, “Perl Harbor”.
   3 aprel 1961 - Amerikalı komediya aktyoru Eddi Mörfi (Edward Regan Murph) anadan olub.
   4 aprel 1818 - Tanınmış ingilis yazıçısı, macəra romanlarının (“Başsız atlı” və s.) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818-1883) anadan olub.
   4 aprel 1900 - Rus rəssamı, uşaq kitabları üçün parlaq illüstrasiyaların müəllifi Yuri Alekseyeviç Vasnesov (1900-1973) anadan olub.
   4 aprel 1910 - Rus yazıçısı Yuri Pavloviç German (1910-1967) anadan olub. Əsərləri: “Xidmət etdiyin amal” (trilogiya), “Mənim əziz adamım”, “Hər şeyə cavabdehəm” və s.
   4 aprel 1922 - Amerika bəstəkarı və dirijoru Elmer Bernstayn (Elmer Bernstein; 1922-2004) anadan olub.
   4 aprel 1932 - Görkəmli rüs kinorejissoru və ssenaristi Andrey Arsenyeviç Tarkovski (1932-1986) anadan olub. “Andrey Rublyov”, “Stalker” və s. məşhur filmlərin müəllifidir.
   
   5 aprel 1588 - İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes, 1588-1679) anadan olub. Əsərləri: “Fəlsəfənin əsasları” (trologiya), “Leviafan, yaxud kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti” .
   5 aprel 1811 - Fransız rəssamı, müasir peyzaj rəssamlığının tanınmış siması Jül Düpre (Jules Dupre, 1811-1889) anadan olub.
   5 aprel 1820 - Fransız fotoqrafı, karikaturaçı rəssam Feliks Nadar (Gaspard-Felix Tournachon Nadar; 1820-1910) anadan olub. Fotojurnalizmin banisidir.
   5 aprel 1900 - Amerika aktyoru Spenser Treysi (Spencer Tracy; 1900-1967) anadan olub. “Cəsur kapitanlar” (1937) və “Oğlanlar şəhəri” (1938) filmlərində rollarına görə iki il dalbadal “Oskar” mükafatı alıb.
   5 aprel 1902 - Yunan-rumın (aromun) əsilli məşhur Avstriya musiqiçisi, dirijor Herbert fon Karayan (Karayannis) - 1902-1989) Zalsburqda anadan olub. 35 il Berlin filarmonik orkestrinə rəhbərlik edib.
   5 aprel 1945 - Məşhur türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 - 8.2.2004) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar