Azərbaycan
6 aprel 1717 - Görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində doğulub. Qarabağ hakimi İbrahim xanın vəziri olub. Yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələsini təşkil edir.
6 aprel 1939 - Tanınmış kinorejissor, Xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov anadan olub. “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Vulkana doğru” və s. filmlərə quruluş verib.
7 aprel 1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 - 9.7.1926) Şuşada anadan olub. Ayrı-ayrı mənbələrdə ədibin doğum günü kimi 1, 2, 5 və 11 aprel göstərilir. N.Vəzirov “Müsibəti-Fəxrəddin” dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.
7 aprel 1906 - Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalının birinci sayı çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
7 aprel 1930 - Tanınmış jurnalist Azad Şərif (1930 - 24.12.2009) anadan olub. “Azərinform”a (indiki AzərTAc) rəhbərlik edib, “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olub.
7 aprel 1959 - Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev anadan olub. 1988-ci ildə işıq üzü görən “Mavi mələklər” adlı ilk romanı yazıçıya şöhrət gətirib. Sonralar detektiv janrında digər əsərləri ilə dünya miqyasında tanınıb. Ümumilikdə 160-dək roman və povestin, 50-dək ssenarinin, hekayələrin, çoxsaylı publisistik məqalələrin müəllifidir. Əsərləri 30-dək dilə tərcümə olunub, ümumilikdə 26 milyon tirajla nəşr olunub.
8 aprel 2000 - Bakıda böyük türk (oğuz) eposu "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi münasibətilə türkdilli ölkələrin dövlət başçılarının 6-cı zirvə görüşü keçirilib.
9 aprel 1126 - Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əfzələddin Xəqani Şirvani (1126-1199) Şamaxıda doğulub. 17 min beytlik divanın, Azərbaycan ədəbiyyatında ilk poemanın («Töhfətül-İraqeyn»), «Mədain xərabələri» qəsidəsinin müəllifidir.
9 aprel 1905 - Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 - 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin, "Deyilən söz yadigardır" adlı üçcildlik toplunun tərtibçisidir.
9 aprel 1946 - Tanınmış aktyor və kinorejissor Ceyhun Mirzəyev (1946-1994) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. 12 yaşında “Ögey ana” filmində oynadığı İsmayıl rolu ilə məşhurlaşıb. “Dəli Kür”, “Yenilməz batalyon” , “Qanun naminə”, “Yol əhvalatı”, “ Lətifə” və s. filmlərdə çəkilib. Rejissor işi: “Bəyin oğurlanması” (Vaqif Mustafazadə ilə birgə), “Fəryad” (eyni zamanda baş rolun ifaçısı). “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, kinojurnal üçün süjetlər çəkib.
Dünya
6 aprel 1773 - İngilis filosofu və tarixçisi Ceyms Mill (James Mill; 1773-1836) anadan olub.
6 aprel 1812 - Rus yazıçısı, filosof, publisist Aleksandr İvanoviç Gersen (1812, Moskva - 1870, Paris) anadan olub. 1847-ci ildən Avropada mühacirətdə yaşayıb. Əsərləri: “Olmuşlar və düçüncələr”, “Oğru sağsağan”, “Kimdir günahkar”, “Doktor Krupov” .
6 aprel 1826 - Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau, 1826-1898) anadan olub. Əsərləri: “Edip və Sfinks”, “Yupiter” və s.
6 aprel 1942 - Amerika rejissoru və ssenaristi Barri (Barry) Levinson anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı, 1989), “İfşa”, “Quldurlar” və s.
7 aprel 1772 - Fransız filosofu, utopik sosializmin banilərindən biri Fransua Mari Şarl Furye (François Marie Charles Fourier; 1772-1837) anadan olub.
7 aprel 1883 - İtaliya rəssamı və heykəltəraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883-1966) anadan olub.
7 aprel 1889 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (Gabriela Mistral - əsl adı Lucila Godoy Alcayaga; 1889-1957) anadan olub.
7 aprel 1915 - Məşhur Amerika caz müğənnisi Billi Holidey (Billie Holiday - Eleanora Fagan; 1915-1959) anadan olub.
7 aprel 1920 - Tanınmış hind bəstəkarı Ravi Şankar anadan olub. Sitar simli musiqi alətində virtuoz ifaçı kimi tanınıb.
7 aprel 1939 - Məşhur Amerika kinorejissoru, ssenarist Frensis Ford Koppola (Francis Ford Coppola) anadan olub. "Xaç atası", "Xaç atası-2" flimləri “Oskar” mükafatına layiq görülüb.
7 aprel 1954 - Tanınmış Amerika və Çin (Honqkonq) aktyoru, rejissor, prodüser Ceki Çan (Jackie Chan - əsl adı Çan Kon San) anadan olub. Filmləri: “Bronksda haqq-hesab”, ”Şanxayda günorta”, “Qadağan olunmuş krallıq”.
7 aprel 1964 -Məşhur Hollivud aktyoru Rassel Krou (Russell Crowe) Yeni Zelandiyada anadan olub. Filmləri: “Qladiator” (Maksimus, “Oskar”, 2001), “Dənizlərin sahibi”, “İdrakın oyunları”, “Robin Qud” və s.
8 aprel 1692 - İtaliya bəstəkarı, skripkaçı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.
8 aprel 1843 - Danimarka bəstəkarı, dirijor Asqer Hamerik (1843-1923) anadan olub.
8 aprel 1859 - Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub. Əsərləri: “Avropa elmlərinin böhranı və transendental fenomenologiya”, “Məntiqi tədqiqatlar”.
8 aprel 1973 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10.1881 - 1881) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".
9 aprel 1336 - Türk tarixinin görkəmli simalarından biri, dövrünün məğlubedilməz sərkərdəsi Əmir Teymur (1336 - 18.2.1405) Özbəkistanın Qaşqadərya vilayətinin Xoca İlqar kəndində anadan olub. Səmərqənddə dəfn edilib.
9 aprel 1821 - Məşhur Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.
9 aprel 1906 - Amerikalı bəstəkar və dirijor Antal Dorati (1906-1988) anadan olub.
9 aprel 1925 - Rus heykəltəraşı, qrafik-rəssam Ernst Neizvestnı anadan olub.Əsərləri: “Həyat ağacı”, “Kədər maskası” və s. 1977-ci ildən Amerikada yaşayır.
9 aprel 1933 - Məşhur fransız aktyoru Jan Pol Belmondo (Jean-Paul Belmondo) anadan olub. Filmləri: “Son nəfəsdə”, “Qadın elə qadındır”, “Oğru”, “Missisipidə həyəcan”, “Taleyin şıltağı”, “Professional”, “Doktor Popol” və s.
Hazırladı: Vüqar Orxan